Ölkəmiz IV Sənaye İnqilabının çağırışlarını həssaslıqla cavablandırır

post-img

Dördüncü Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin çulğalaşmasını təsvir etmək üsuludur. Bu, süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir.

Azərbaycan qlobal çağırışlara və tendensiyalara adekvat cavab verən və post-pandemiya dövründə yeni inkişaf trendlərinin tətbiqində ön sıralarda olmaqda qərarlıdır. Bu baxımdan ölkəmizdə rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafi üçün əlverişli infrastrukturun, o cümlədən Dördüncü Sənaye İnqilabının standartlarına uyğun şəraitin formalaşdırılması istiqamətində fəal iş aparılır.

Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

Qeyd edək ki, 2020-ci il yanvarın 21-də  İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda  Prezident ­İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Bunun əsasında isə Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Mərkəzi yaradılıb. Bu, adıçəkilən qurumun ölkəmizi rəqəmsal və texnoloji mərkəzə çevirmək məqsədindən irəli gəlib. 

Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzi  MDB məkanında yaradılan ilk bu cür mərkəzdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2021-ci il  aprelin 1-dən  bu ölkəmizdəki mərkəzin fəaliyyətini də koordinasiya edir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Dünya İqtisadi Forumunun süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, eləcə də rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə əməkdaşlıq edir. 

Bu platformalar çərçivəsində iqtisadiyyatın bir çox sahələrində müxtəlif istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin müxtəlif ölkələrdə yaradılmış Mərkəzləri ilə (Türkiyə, BƏƏ, İsrail, Yaponiya) sıx əməkdaşlığın qurulması və genişləndirilməsi üçün indiyədək bir sıra layihələr gerçəkləşdirilib.  Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 4Sİ texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrinə dair uğurlu həllərini özündə ehtiva edən tədqiqat sənədi hazırlayıb. 

Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzi fəaliyyətinin ilk vaxtlarından etibarən, bu istiqamətdə çağırışlara start verilib.  Ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə, müasir metodların, üsulların tətbiqinə başlanılıb.  

Hazırda işğaldan azad edilən ərazilərimizin bərpa və yenidən qurulması, həmin ərazilərdə iqtisadi inkişafın formalaşması ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir və bu zaman  Dördüncü Sənaye İnqilabının çağırışları diqqətdə saxlanılır. Layihələrin gerçəkləşdirilməsi zamanı müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqinə mühüm önəm verilir. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” və “yaşıl zona” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi bu baxımdan mühüm önəm daşıyır.  

Xatırladaq ki, Ağalıda - “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunub, öz doğma yurdlarına qayıdan  sakinlər üçün hərtərəfli şərait yaradılıb. Burada aqrar sektorun təşkili və inkişafı ilə bağlı da bir sıra mühüm layihələr reallaşdırılıb. 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər kənd və şəhərlərində də  “ağıllı” və “yaşıl” yaşayış sahələri layihələri icra olunur.  “Yaşıl” və alternativ enerjinin, “ağıllı idarəetmə” sistemi  reallaşdırılır, xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə “Günəş paneli tarlası” salınır,  su anbarları əsasında “ağıllı akvakultura” sistemlərinin tətbiqi diqqətdə saxlanılır.   

Yeri gəlmişkən, Dördüncü Sənaye İnqilabının çağırışlarına əsaslanılaraq sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılmasına, səmərəli işin təşkilinə böyük əhəmiyyət verilir.  İnnovativ sahibkarlığın inkişafında bilik iqtisadiyyatının, 4-cü Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləşmə, sənayenin rəqəmsal transformasiyası, “ağıllı biznes” modellərinin yaradılması kimi məsələlər daim önə çəkilir.  Bütün bunlarla bərabər, lisenziyalar və icazələrin alınması üçün sahibkarlara  “ASAN xidmət” mərkəzlərində və “KOB evləri”ndə əlverişli şərait yaradılır.   

Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması ölkəmizin dinamik inkişafında mühüm rol oynayır.  Hazırda informasiya cəmiyyətinin intellektuallaşdırılmasına, IV Sənaye İnqilabının əsas trendlərindən biri olan süni intellekt texnologiyalarının yaradılmasına mühüm önəm verilir. Bu texnologiyaların Azərbaycanda geniş tətbiq olunması, əmək bazarında rəqəmsal transformasiyaların təsiri ilə yeni reallıqların yarandılması ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirilir. Məsələn, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “İdeyadan biznesə” layihəsi çərçivəsində regionlarda innovasiya və Dördüncü Sənaye İnqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi məqsədilə keçirdiyi tədbirlər də məhz bunun bariz ifadəsidir. 

Azərbaycanın xarici iqtisadi əlaqələrində də bu məsələ prioritet istiqamət təşkil edir. Xarici ölkə nümayəndə heyətlərinin  respublikamıza səfərləri zamanı keçirilən görüşlərdə IV Sənaye İnqilabının çağırışlarının müzakirəsi bu baxımdan böyük əhəmiyyəti ilə diqqət çəkir. Məsələn, Çin və Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı üçün yüksək institusional təminatlar yaradılması, hər iki ölkə arasında “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nin imzalanması və 2021-ci ildə Azərbaycan MDB ölkələri arasında rəqəmsal ticarətin inkişafında ən böyük artıma nail olması məhz  bunun bariz ifadəsidir.    



İqtisadiyyat