“XQ”nin 2 avqust 2024-cü il tarixli sayında “Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) əmlakını kimlər ələ keçiriblər?” sərlövhəli yazıda gözdən əlil vətəndaşların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə bir vaxtlar yaradılan çoxsaylı iş yerlərinin sıradan çıxarılmasından, tikilib istifadəyə verilən ictimai-iaşə müəssisələri, məktəb, klub, kitabxana və digər obyektlərin əksəriyyətinin satılmasından və qapılarından cəmiyyət sədrinin də açmaq fikrində olmadığı paslı qıfıllar asılmasından bəhs edilirdi. 499 nəfər dünya işığına həsrət əlilin redaksiyamıza ünvanladıqları şikayət məktubunda sadalanan problemlər diqqətə çatdırılırdı. Yazıda 2002-ci ildən quruma sədrlik edən Səmyar Abdullayevin cəmiyyətə məxsus bütün əmlakı qoruyub saxlaya bilmədiyi, nəticədə əlillərin məşğuliyyətsiz qaldıqları, itkilərə məruz qoyulduqları bildirilirdi.
Yeri gəlmişkən, kollektiv müraciətinə əsaslanan yazının sonunda gözdən əlil vətəndaşların şikayətçi olduğu qarşı tərəfin – AzGƏC İctimai Birliyinin rəhbəri Səmyar Abdullayevin də mövqeyinin qəzetimizdə açıqlanmasının nəzərdə tutulduğu vurğulanırdı.
Məqalə dərc ediləndən bir neçə gün sonra ictimai birliyin sədri Səmyar Abdullayevin imzası ilə redaksiyamıza daxil olan məktubda söylənən tənqidi fikirlərin qərəzli olduğu, iddiaların həqiqəti əks etdirmədiyi bildirilib. Qurum rəhbəri, eyni zamanda, şikayətçilərin müxtəlif vaxtlarda belə ittihamedici ərizələri hüquq-mühafizə orqalarına, Auditorlar Palatasına, Dövlət Əmək Müfəttişliyinə də göndərdiklərini, lakin söylənilənlərin əsassız olduğunu, AzGƏC-in fəaliyyətində nöqsan aşkarlanmadığı qənaətinə gəlindiyini vurğulayıb. S.Abdullayev ictimai birliyin şəffaf, ədalətli, humanist və qanuni fəaliyyətinə kölgə salmağın mümkünsüzlüyünü də bildirib.
S.Abdullayevin redaksiyamıza ünvanladığı məktubda gözdən əlil vətəndaşlar üçün tikilən mənzillərin bölüşdürülməsində də neqativ hallara yol verilmədiyi, Nərimanov Rayon Prokurorluğu və Ədliyyə Nazirliyi tərəfindən aparılan yoxlama materiallarında da bu məsələnin öz əksini tapdığı və bunların gözdən əlil vətəndaşların diqqətinə çatdırıldığı da qeyd edilib.
İctimai birlik sədrinin imzaladığı məktubda diqqətçəkən, eyni zamanda, təəccüb doğuran bir məqama, xüsusi nəzər salmaq istərdik: “AzGƏC-in mərkəzi inzibati binası və yaşayış üçün heç bir şəraiti olmayan yataqxanası sökülərək yerində tikilən binada 132 gözdən əlil ailə mənzillə təmin edilib. Binanın alt mərtəbəsində isə Cəmiyyətə 600 kvadratmetr qeyri-yaşayış sahəsi verilib... Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov həmin vaxt qanunsuz olaraq AzGƏC-ə məxsus yeni binanın alt mərtəbəsindən 600 kvadratmetr sahəni nazirliyin balansına daxil edib və burada Dövlət Əmək Müfəttişliyinin labaratoriyası yerləşdirilib. Dəfələrlə bu məsələ qaldırılsa da, heç bir müsbət nəticə əldə edilməyib. Halbuki həmin sahədə AzGƏC-in mərkəzi inzibati ofisinin yerləşdirilməsi nəzərdə tutulurdu. Buna görə də uzun illərdir ki, AzGƏC öz fəaliyyətini kirayə götürdüyü obyektlərdə davam etdirir”.
Burada sabiq nazir Səlim Müslümovun AzGƏC-ə məxsus sözügedən binanın alt mərtəbəsini, necə deyərlər, “qamarlaması” qarşılığında ictimai birliyin qəti mübarizə aparmaması, yarı yolda dayanması şübhəli görünür. Doğrudan da, belə idisə, onda “dəfələrlə qaldırılan” bu məsələ Səlim Müslümovun səs-küylü məhkəmə prosesində niyə dilə gətirilmədi? Yəqin ki, o zaman məhkəmə prosesində problemin ədalətli həlli kiməsə sərf etməyib. Belə olmasaydı, S. Abdullayev də neçə illər AzGƏC-nin normal fəaliyyəti üçün kirayə götürdüyü obyektlərə külli məbləğdə vəsait xərcləməzdi. Həmin vəsait əlil şəxslərin min bir qayğısına yönəldilərdi.
Sonda qeyd edək ki, AzGƏC rəhbərinin gözdən əlil vətəndaşların ona ünvanladıqları ittihamlarda özünü təqsirsiz sayması inandırıcı və səmimi görünmür. Çünki sıralarında 27 minə yaxın üzvü birləşdirən ictimai cəmiyyətin yazının əvvəlində vurğuladığımız kimi, çoxsaylı iş yerlərinin itirilməsi, ictimai-iaşə müəssisələri, məktəb, klub, kitabxana və digər obyektlərin əksəriyyətinin fəaliyyətsizsizliyi təkzibedilməz fakt olaraq qalır. Bu vəziyyət gözdən əlillərin göz dağına çevrilərək onların ürəklərinı sızladır. Bunu isə danmaq, hüquq-mühafizə orqanlarının yoxlamalarına əsaslanıb, necə deyərlər, uca səslə “günahsızam” demək mümkün deyil.
Nəhayət, cəmiyyətin ümidinə qalmış 27 min əlacsız əlil haqlıdır, yoxsa kəsərsiz rəhbərliyi ilə problemlər içərisində boğulan AzGƏC sədri? Belə yerdə deyiblər ki, dəvədən yıxılıb “höt-höt” deməyindən də qalmır...
Vaqif BAYRAMOV
XQ