Azərbaycan Avropanın “yaşıl enerji” təchizatçısına da çevrilir

post-img

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRE­NA) qlobal miqyasda enerji sisteminin transforma­siyasının aparıcı qüvvəsi və əməkdaşlıq üçün başlı­ca platforma kimi qabaqcıl təcrübə mərkəzi rolunu oynayaraq bu sahədə texnologiya, resurslar və ma­liyyə imkanları haqqında bilikləri bir yerə toplayan hökumətlərarası təşkilatdır. IRENA dayanıqlı inkişaf, enerjiyə çıxış, enerji təhlükəsizliyi və aşağı karbon emissiyalı iqtisadi artım və rifah hədəflərini rəhbər tutaraq bioenerji, geotermal, hidroenergetika, okean, günəş və külək enerjisi də daxil olmaqla bərpaolunan enerjinin bütün növlərinin geniş yayılmasını, həmçi­nin davamlı istifadəsini təşviq edir. 

Yarandığı dövrdən indiyə kimi təşkilata 168 ölkə və Avropa İttifaqı (Aİ) üzv qəbul edilib. Azərbaycan isə 2009-cu ildən IRENA-nın üzvlüyünə seçilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə bu bey­nəlxalq təşkilatın nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub. Ötən il yanvarın 14–15-də keçirilən IRENA Assambleyasının 13-cü sessiya­sının qərarına əsasən, respublikamız 2023–2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.

IRENA-nın baş direktoru Françesko La Kamera mediaya müsahibəsində Azərbaycanla bu qurum ara­sında əməkdaşlığın genişləndirilməsi, enerji keçidinin sürətləndirilməsi, eyni zamanda “yaşıl enerji” texno­logiyalarına qlobal investisiyaların yatırılması və Ba­kının evsahibliyi edəcəyi COP29 barədə fikirlərini bö­lüşərkən bildirib ki, rəhbəri olduğu təşkilatın fəaliyyəti çox genişdir. Qurumun intellektual potensialı 2025-ci ildə ölkələrə öz milli səviyyələrində verdikləri töhfələ­ri nəzərdən keçirməyə xidmət edir. IRENA, həmçinin Azərbaycanda bərpaolunan enerjiyə sərmayə qoyulu­şunun təşviqini gerçəkləşdirir.

Baş direktorun sözlərinə görə, IRE­NA az karbonlu enerji keçidini sürətlən­dirmək və davamlı inkişafa nail olmaq kimi məsələləri daim diqqətdə saxlayıb. Eyni zamanda bu məsələdə bərpaolunan enerji mənbələrindən daha sürətli şəkildə istifadə etmək üçün struktur maneənin üç əsas sahəsini müəyyənləşdirib. Lakin bununla belə IRENA-da balanslaşdırı­lan, bir-birinə sıx bağlı olan enerji sistemi hələ də yaradılmayıb, lazımi strategiyalar hazırlanmayıb. Buna görə də təşkilatı­mızda bu və ya digər istiqamətlər üzrə la­yihələr gerçəkləşdirmək qarşıya mühüm vəzifələr kimi qoyulub. 

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi rəhbərinin sözlərinə görə, enerji səmərəliliyi də daxil olmaqla “yaşıl ener­ji” texnologiyalarına qlobal investisiya­lar 1,3 trilyon dollara yüksəlib. Bu, yeni rekord kimi qeydə alınıb. Ümumiyyətlə, bütöv sistemdən danışarkən sərmayələri 4 dəfə artıraraq 5,2 trilyon dollara çatdır­maq zəruri hesab edilib. 

Françesko La Kameranın bildirdiyinə əsasən, hazırda təmiz hidrogen, davamlı biokütlə tətbiqləri və bərpaolunan enerji qurğularının sürətləndirilməsi üçün müəy­yən addımların atılmasına zəruri ehtiyac duyulur. Şübhəsiz ki, hidrogen hələ də tam rəqabətqabiliyyətli olmadığından bu sahədə istehsalın maya dəyərinin aşağı düşdüyü müşahidə edilir. Ümumiyyət­lə, hidrogenə olan tələbatı dəstəkləmək, bazarı istiqamətləndirmək, bu sahəyə kifayət qədər tələbatı gerçəkləşdirmək üçün strategiyaya ciddi ehtiyacı var.

IRENA-nın baş direktoru sonda vur­ğulayıb ki, 2024-cü ildə Azərbaycanda keçiriləcək COP29 dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olundu­ğu mühüm beynəlxalq platformadır. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkənin qlo­bal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir.

Azərbaycan BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verir. SOCAR-ın COP28-də metan tullantılarının sıfıra en­dirilməsi ilə bağlı könüllü öhdəlik götür­məsi də respublikanın iqlim problemlə­rinə həssaslığının təzahürüdür.

“Yaşıl iqtisadiyyata keçid” və “yaşıl enerji” təchizatçısına çevrilmək Azərbay­canın iqtisadi siyasətinin prioritetlərindən­dir. Dövlət başçısının müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu istiqamətdə təşəbbüsləri stimullaşdırır.

XQ





Ekologiya