Ağaclar da insanlar kimidir: yaranır, yaşayır, qocalır və ölür. Bəzilərinin hətta müəyyən zamandan sonra nəsli kəsilir. Amma itmiş qədim abidələr, nəsli kəsilmiş heyvanlar günümüzdə aşkara çıxarıldığı kimi, yoxa çıxmış ağacların da qalıqları tapılır.
Bu günlərdə dünyanın ən qədim ağaclarının olduğu meşənin tapıldığı barədə məlumat yayılıb. Bu, kökü kəsilmiş 390 milyon il əvvələ aid ağacdır. Alimlər bu qədim ağacın qalıqlarını İngiltərədə Bristol kanalının cənub sahilində, Minehead şəhərindəki parkın yaxınlığındakı qayalıqlarda tapıblar.
Kembric Universiteti tədqiqatçılarının fikrincə, yeni tapılan 390 milyon illik qalıqlar (fosillər) Nyu Yorkdakı ən qədim hesab olunan ağacdan 4 milyon il yaşlıdır. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, İngiltərədə tapılan ağaclar Devon dövrünə, yəni 419-358 milyon il əvvəl okeanların çəkilməsindən sonra quru ərazilərin yarandığı zamana aiddir.
Amma ən qədim tarixlərin şahidi olan ağaclardan bəziləri bu günə qədər yaşaiır. Belə ağaclardan birinin 80 min yaşı olan Pando olduğu aşkarlanıb. O, ABŞ-ın Yuta ştatındakı meşədə öşür sürməkdədir. Bəzi tədqiqatlara görə, Kaliforniya ştatında, Jurupa dağlarında bitən və 2009-cu ildə aşkarlanmış Jurupa palıdının da tarixi qədimlərə gedib çıxır. Onun yaşı 13 min illə ölçülür. Bu ağac Palmer palıdı növünə aiddir.
Tjikko ağacının 9500 yaşının olduğu müəyyənləşib. Metuselah adlı şam ağacının 4852 yaşı var. “Llangernyw Yew” ağacı 4000-5000 ildir ki, həyatını davam etdirir. Qran Abuelo ağacının 3648 yaşı var və o, Cənubi Amerikada ən qədim ağac hesab olunur.
Sərv-e Abarkuh ağacı isə Aralıq dənizi sərvi kimi məşhurdur və təxminən 4500 yaşı olduğu güman edilir. Əfsanəyə görə, bu ağacı Zərdüşt peyğəmbər əkib. Ağacla bağlı azərbaycanlı alim Zaur Əliyev də araşdırma aparıb. O qeyd edir ki, azərbaycanlı Zərdüşütün Aralıq dənizi yaxınlğında Sarv-e Abarkuh adlı ağac əkdiyi barədə bir çox tarixçilər yazıblar: “Zərdüştün Suraxanı rayonu ərazisində ən qədim ibadətgahlardan olan Atəşgahda 4 sərv ağacı əkdiyi də qaynaqlarda yazılır. Ərəblər Azərbaycanı işğal edəndə bu ağacları çıxarıb Bağdada aparıblar. Zərdüşt ağac əkilməsinə önəm verirdi. Onun görüşlərində ağac və onların çiçəyi uğur, xoşbəxtlik və səadət hesab edilirdi. Buna görə bu ağacın Zərdüşt tərəfindən əkilməsinə əmin olmaq olar. Çünki tarixin bütün sınaqlarından, təbiət hadisələri və iqlimlə bağlı minlərlə ağac yox olub, ancaq Zərdüşt əkən Sarv-e Abarkuh və Qarabağda – Şıx Dursunda olan Çinar ağacı” günümüzə qədər salamat gəlib-çıxıb”.
P.ƏMİRCANOV
XQ