Çərşənbə günü axşam İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu baş tutub. Görüş yarım saat davam edib. Məlumatı “Korrespondent. net” verib.
Görüşdən sonra mətbuata açıqlama verən Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya tərəfinə avqustun sonuna qədər “liderlərin sammitinin keçirilməsi”ni təklif edildiyini bildirib: “Biz Rusiya tərəfinə avqustun sonunadək liderlər səviyyəsində belə bir görüşün keçirilməsini təklif etmişik və Rusiya bu təklifi qəbul edərsə, bütün dünya, o cümlədən tərəfdaşlarımız konstruktiv yanaşma olduğunu açıq şəkildə görəcək”.
Rusiya tərəfinə liderlərin – V.Putin və V.Zelenskinin görüşünün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın iştirakı ilə keçirilməsi təklif olunub.
Ukrayna tərəfi atəşi dayandırmağa, xüsusən də kritik və mülki infrastruktura zərbələrə son qoymağa hazır olduğunu bəyan edib. Umerovun sözlərinə görə, tərəflər əsirlərin və mülki şəxslərin gələcək mübadiləsini də müzakirə ediblər. Rusiya tərəfi üç ildən artıq əsirlikdə olan insanların, o cümlədən ağır yaralıların və gənclərin qaytarılmasına razılıq verib. Rusiya və Ukrayna arasında humanitar mübadilənin 1200-dən çox insanı əhatə edəcəyi gözlənilir.
Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sülh danışıqlarının üçüncü raundunda Ukrayna nümayəndə heyətinə Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə əvvəllər olduğu kimi, Putinin köməkçisi Vladimir Medinski başçılıq edib.
Bundan əvvəl, iyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu keçirilib.
P.ƏMİRCANOV
XQ