Yeni nəsil uzaqmənzilli raket sisteminin 2000 km məsafəyə qədər hədəfləri vuracağı gözlənilir
Britaniya və Almaniya yaxın on il ərzində yeni uzaqmənzilli raket sistemi — “Super-Taurus”un yaradılması üzərində işə başlayacaqlar. Bu barədə "The Telegraph" nəşri Almaniya rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, tərəflər 2000 km-dək məsafəni qət edə biləcək raketlərin hazırlanmasında əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu silah sisteminin NATO-nun Avropa qanadında strateji çəkindirmə imkanlarını gücləndirəcəyi bildirilir.
Hazırda Almaniyanın silah arsenalında 500 km mənzilli təxminən 600 ədəd “Taurus” raketi mövcuddur. Bu raketlər ölkənin ən güclü hücum silahlarından sayılır və uzun müddətdir ki, Ukraynaya göndərilib-göndərilməməsi ilə bağlı müzakirələrin mərkəzindədir.
Ukrayna tərəfi “Taurus” raketlərinin Krım körpüsünü və digər strateji obyektləri vurmaq üçün istifadə edilə biləcəyini bildirsə də, nə Fridrix Merts hökuməti, nə də ondan əvvəlki kansler Olaf Şolts bu silahların təhvil verilməsinə razılıq veriblər.
Yeni layihə Almaniya və Britaniyanın müdafiə sənayesində daha sıx əməkdaşlığa başladığını göstərməklə yanaşı, Avropanın müstəqil hərbi texnologiyalar sahəsində irəliləyişinə də işarə edir.
S.ELAY
XQ