Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, onların reabilitasiyası istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, reabilitasiya mərkəzlərində yaradılmış müasir şərait, fərdi yanaşma əsasında həyata keçirilən reabilitasiya tədbirləri, psixososial dəstək proqramları bu kateqoriyadan olan vətəndaşların yenidən sağlamlıqlarına qovuşmalarına xidmət edir.
Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində aparılan işlərdən bəhs olunub. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onlardan artıq 260 nəfərin sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyduqları bildirilib.
Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Cuma Nəbiyev müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası üçün xüsusi proqramların həyata keçirildiyini deyib. Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 29 min nəfərin məşğulluğunun təmin edildiyi, o cümlədən bu kateqoriyalara aid 13,5 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə bizneslərinin qurulduğu bildirilib.
Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər, eləcə də məşğulluq tədbirləri ilə bağlı razılıqlarını ifadə ediblər.
Görüşdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial dəstək tədbirləri, reabilitasiya xidmətləri ilə əhatə olunmaları istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.



