Babəkdə 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat tədbiri keçirilib

post-img

Yanvarın 16-da “2025-ci ildə Babək rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, YAP Babək Rayon Təşkilatının sədri İsa Məmmədov, Ali Məclisin deputatları, rayоnun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Babək Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Ümummilli Lider Heydər Əliyevin qərarı ilə yaradılan Babək rayonunun Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçdiyini vurğulayaraq bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunmuş məqsəd və prioritet istiqamətlər üzrə işlər Babək rayonunda da uğurla davam etdirilir. Dövlət Proqramı çərçivəsində Babək şəhəri, Nehrəm qəsəbəsi, Çeşməbasar, Güznüt və Araz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Araz çayından qidalanan “Araz 1” və “Araz 2” nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi üzrə 16,7 km məsafədə işlərə başlanılıb, ötən il bu sahədə işlər 5 km məsafədə yerinə yetirilib. Rayonun ucqar yaşayış məntəqələri olan Göynük və Nəhəcir kəndlərinin yolları 9,1 km məsafədə təmir olunub, Nəhəcir-Göynük kəndləriarası yol 6,1 km məsafədə əsaslı təmir edilib. Həmçinin Babək şəhərində, Nehrəm və Cəhri qəsəbələrində sadə tipli açıq hava idman qurğuları quraşdırılıb. Ötən il 456 yerlik Hacıvar kənd tam orta məktəbinin tikinti işləri başa çatıb və 522 yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində tikinti işləri davam etdirilib. Eyni zamanda 110/35/10 kV-luq Çeşməbasar Yarımstansiyasının tikinti işlərinə başlanılıb.

Digər sahələrdə həyata keçirilən tədbirləri də diqqətə çatdıran Ovni Muradov həmçinin 2026-cı ildə qarşıda duran vəzifələrdən bəhs edib.

Tədbirdə Babək Rayon Maliyyə İdarəsinin müdiri Rasim Zeynalov və Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə hesabat çıxışı ediblər. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında Prezident İlham Əliyevin siyasətinin əsasını regionların davamlı inkişafı və ölkəmizdə vətəndaş rifahının təminatının təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, davamlı inkişafda olan Naxçıvan Muxtar Respublikasında da bu siyasətinin böyük uğurlarının şahidi oluruq. Ötən illər ərzində muxtar respublikada sosial-iqtisadi sferada əldə olunmuş hər bir nailiyyət məhz Prezident İlham Əliyevin Naxçıvana olan diqqət və qayğısının, həyata keçirdiyi sosial-iqtisadi islahatların nəticəsidir. Dövlət başçımızın 2023-cü il 5 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş və hazırda icrası davam etdirilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" Naxçıvanın yeni tarixi mərhələdə mühüm və strateji inkişaf konsepsiyasıdır. Dövlət Proqramında muxtar respublikanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib. Ötən dövrdə dövlət proqramının icrası istiqamətində bir sıra mühüm infrastruktur layihələri icra olunub, davamlı sosial-iqtisadi inkişaf təmin edilib.Ötən il muxtar respublikada bir sıra vacib sahələrin inkişafını nəzərdə tutan ardıcıl sərəncamlar imzalaması da dövlət başçımızın Naxçıvana davamlı diqqət və qayğısının daha bir ifadəsidir. Dövlət başçımızın həyata keçirdiyi siyasət xalqın maraqlarına söykənən, məsuliyyətli və məqsədyönlü idarəetmə modeli kimi dəyərləndirilir.

 

       

        

 

Sosial həyat