Qobustanda gəlir proqnozu üstələyib

post-img

Rayonda sosial problemlərin demək olar ki, hamısı ötən dövr ərzində həllini tapmışdır. İcra Hakimiyyəti tərəfindən 3 km uzunluqda Şıxzahırlı kənd yoluna  və eyni zamanda Qobustan şəhərində 12920 kv.m asfalt yol çəkilmişdir. Rayon əhalisinin 95,2 faizinin yaşadığı 24 yaşayış məntəqəsi asfalt yollar üzərində yerləşir.Əhali şəxsi təşəbbüs göstərərək şəxsi vəsaitləri hesabına kənddaxili yolları asfaltlamış və hazırda 37 faiz kənddaxili yollar asfalt örtüklüdür.

Qobustan rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov qeyd etmişdir ki, ölkəmizin hər yerində olduğu kimi rayonda da ötən il uğurlu il kimi yadda qalmışdır.

Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə bələdiyyə əsasında bağlanmış sazişə uyğun olaraq Qurbançı və Ərəbşahverdi kəndinin içməli su təminatı yaxşılaşdırılmışdır. Qobustan bələdiyyəsi tərəfindən qazılmış və lahiyəyə əlavə qoşulmuş artezian quyusu isə uzun illər mövcud olmuş Qurbançı və Ərəbşahverdi kənd sakinlərinin içməli su problemini birdəfəlik həll etmişdir. 

Qobustan bələdiyyəsi və İcra Hakimiyyətinin birgə səyi ilə Qaracüzlü kəndinə internet verilməsi təmin olunmuş, Qobustan rayonunda internetə əlçatanlıq 100 faiz olmuşdur.

Ərəbşalbaş kəndində kənd sakininin təşəbbüsü ilə müasir tibb məntəqəsi, Cəyirli kəndində bələdiyyənin təşəbbüsü ilə  bələdiyyə və tibb məntəqəsi üçün inzibati bina inşa edilmişdir. 

Ərəbqədim və Göydərə kəndlərində vətəndaşların təşəbbüsü və bələdiyyənin yaxından iştirakı ilə küçələrin işıqlandırılması həyata keçirilmişdir. Qobustan bələdiyyəsi tərəfindən hər iki kənddə park salınması işlərinə başlanılmışdır.

2025-ci ildə  Rayon İcra Hakimiyyəti tərəfindən təmizlik və abadlıq işlərinin görülməsi üçün 1 ədəd yükləyici ekskovator, yaşıllıq sahələrinə xidmət üçün 1 ədəd şum traktoru alınmışdır.

Meşə təsərrüfatı ayrılarkən suvarma sisteminin 70 faizi yararsız vəziyyətdə olmuşdur. 2024-cü ildə 100,0 min metr, 2025-ci ildə isə 140,0 min metr suvarma borusu və aksesuarları alınmış, suvarma sistemlərinin 30 faizə yaxını yenidən bərpa edilmişdir. Bu istiqamətdə işlər davam etdiriləcəkdir. 

2025-ci ildə Qobustan şəhərinin girişində 2 ha ərazidə yeni yaşıllıq zonası salınmış, suvarma sistemi çəkilmiş, müasir yaşıl hasarla mühafizəsi təmin edilmişdir. Eyni zamanda şəhərin girişində həmişəyaşıl ağaclar və meyvə ağacları əkilmişdir. Bu il həmin ağacların damcı üsulu ilə suvarılmasının təmin edilməsi məqsədilə   2 ədəd 10 tonluq plastik su çəni alınmışdır.  

Qeyd olundu ki, ümumilikdə 2025-ci il üçün rayonun gəlirləri 6 649 000,0 manat proqnozlaşdırılmış,  6 959 114,0 manat və ya 104,7 faiz icra edilmişdir.

Qobustan rayonunun yerli xərcləri 2025-ci ildə 4 573 000,0 manat nəzərdə tutulmuş, 3983146,0 manat icra edilmiş, 589854,0 manat vəsaitə qənaət olunmuşdur.

Rayonun bütün kəndlərində yaşıllıqların salınmasına xüsusi diqqət göstərildiyi qeyd edilərək bildirilmişdir ki, 2025-ci “Konstitusiya və Suverenlik ili” çərçivəsində ərazi nümayəndəlikləri tərəfindən 6100-dən artıq müxtəlif növ ağac əkilmişdir. Qobustan Rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatlar tərəfindən Zəfərimizin 5-ci ildönümündə və digər ağacəkmə aksiyalarında Qobustan rayonu ərazisində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14000-dən çox ağac əkilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl Marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsində Qobustan rayonunun Təklə kəndi ərazisində IDEA könüllüləri tərəfindən 500-dən çox Eldar şamı əkilib.

Kənd təsərrüfatı rayonu olan Qobustanda ötən il 30041,6 ha sahədən 72083,0 ton məhsul istehsal edilmişdir ki, bunun da 34400,0 tonunu buğda təşkil edir. 2026-cı ilin məhsulu üçün hazırkı dövrədək 30904 ha sahədə əkin aparılmışdır ki, bunun 13400 hektarını buğda, 17504 hektarını isə arpa əkinləri təşkil edir. İlin əlverişli olması, davam edən mübarizə tədbirlərinə istinadən bildirilmişdir ki,  2026-cı ildə 80,0 min tona yaxın yüksək keyfiyyətli taxıl əldə ediləcəkdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat şöbəsinin  6-cı ərazi sektorunun müdiri  Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən danışaraq, son illər həyata keçirilən sistemli islahatların, strateji layihələrin və diplomatik təşəbbüslərin qarşıdakı illərdə daha geniş hədəflərin müəyyən olunmasına imkan verdiyini qeyd ediblər. Digər çıxış edənlər rayonumuzda görülən işləri, sosial infrastrukturun yenilənməsini, yeni iş yerlərinin açılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayaraq bütün bunlara görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Mikayıl NƏRİMANOĞLU,

XQ-nin bölgə müxbiri

 

 





Sosial həyat