Alimlər uzun illər hesab edirdilər ki, Yer Günəşə çox yaxın yerləşdiyi üçün onun üzərində ilk vaxtlar su olmamalı idi. Çünki su yalnız Günəşdən uzaqda – “qar xətti” deyilən sərhəddən o yana buz şəklində qala bilir. Bu səbəbdən Yerdəki suyun sonradan – kometlər və buzlu göy cisimləri ilə gəldiyi düşünülürdü.
Amma Fransa və İtaliya alimləri yeni araşdırmalarla bu fikrə düzəliş ediblər. Onlar göstəriblər ki, suyun buxarlanması hər yerdə eyni sürətlə baş vermir. Kiçik toz hissəcikləri üzərindəki su molekulları fərqli şəkildə buxarlana bilər. Bu isə o deməkdir ki, “qar xətti” sərt sərhəd deyil, keçid zonasıdır.
Yer isə məhz bu keçid zonasında yerləşdiyi üçün suyu tam itirməyib. Yəni Yer özü suyu hələ formalaşarkən qazana bilib. Bu fikir həm də bəzi meteoritlərin tərkibində tapılan su izləri ilə təsdiqlənir.
Beləliklə, yeni tədqiqat göstərir ki, Yer okeanları tamamilə kometlərdən gəlməyib. Onların bir hissəsi Yer planetinin özündə, çox erkən dövrlərdən mövcud ola bilərdi.
S.ELAY
XQ