Avropada raket silahlanmasında yeni mərhələ başlayır
Almaniya ABŞ istehsalı olan “Typhon” raket komplekslərini almaqda maraqlıdır. Müdafiə naziri Boris Pistoriusun Vaşinqton səfəri zamanı bu niyyət rəsmi şəkildə açıqlanıb. Raketlər Orta və Qısa Mənzilli Raketlərin Ləğvi haqqında (INF) sabiq razılaşma ilə uzun illər qadağan olunmuşdu. Müqavilə 2019-cu ildə ABŞ tərəfindən ləğv edildikdən sonra bu tip sistemlərin hazırlanması yenidən gündəmə gəlib.
Nazirin sözlərinə görə, “Typhon” sistemləri Avropada mövcud analoji vasitələrdən daha uzun mənzillidir və Almaniyanın müdafiə qabiliyyətini ciddi şəkildə artıracaq.
“Typhon” nədir?
Quru bazalı bu komplekslər “Tomahawk” (1800 km) və SM-6 (500 km və daha çox) raketlərinin buraxılışına imkan verir. ABŞ bu silahları artıq Filippin və Avstraliyada keçirilən təlimlərdə yerləşdirib. Almaniya isə Avropada bu sistemi ilk alan ölkə ola bilər.
2026-cı ildən Almaniyada yerləşdiriləcək
Planlara görə, 2026-cı ildən ABŞ bu tip raketləri Almaniyada yerləşdirməyə başlayacaq. Yeni “Çoxsahəli Əməliyyat Qüvvələri” tərkibində “Typhon”la yanaşı HIMARS və “Dark Eagle” hipersəs raketləri də olacaq.
Rusiya xəbərdarlıq edir
Kreml bu addımları “yeni raket təhdidi” kimi qiymətləndirir və bunun cavabsız qalmayacağını bildirib. Almaniyanın isə bu raketləri özü də almaq niyyəti ABŞ-ın Avropada hərbi-siyasi mövqeyini daha da gücləndirə bilər.
Bir sözlə, əgər bu plan reallaşarsa, Almaniya yalnız NATO daxilində deyil, Avropa müdafiə arxitekturasında da daha təsirli rol oynamağa başlaya bilər. Bu isə ABŞ–Rusiya münasibətlərində yeni gərginlik mərhələsini qaçılmaz edir.
S.ELAY
XQ