Milli mətbuatımız Azərbaycan xalqının dünya tarixində bugünkü önəmli mövqe tutmasında, yüksək intellektual potensiala və bəşəriyyəti irəli aparan ideyalara sadiq şəxsiyyətlər yetişdirməsində müstəsna rol oynayıb. Məhz bu intellektual potensial və aydın fikirli şəxsiyyətlərin yetişməsi sayəsində Şərqin ilk operasının, teatrının və ilk cümhuriyyət quruluşunun məhz Azərbaycanda reallaşması heç də təsadüfi deyil. Azərbaycan və ümumilikdə müsəlman-türk tarixi üçün önəmli hadisələrdən biri də 1875-ci ildə imperiya əsarətində olan ölkədə ilk dəfə anadilli qəzetin nəşrinin əlamətdar hadisəyə çevrilməsi idi.
Milli mətbuat günü kimi qeyd etdiyimiz 22 iyul müstəqil Azərbaycan dövlətinin yaranması üçün ziyalıların xalqa gələcəklə bağlı fikirlərini çatdıran tribuna və ideoloji mərkəzinin yarandığı gün oldu. Şərqin ilk demokratik respublikasının ideoloji liderlərini məhz milli mətbuatda yetişməsi bu baxımdan təsafüfi deyildi. Poetik şəkildə ifadə etsək, “Əkinçi” maarifləndirici nəşr olsa da, Azərbaycan xalqının beyninə və ruhuna müstəqillik, demokratiya toxumu əkdi.
Bu da gələcək milli intibahın əsasını yaratdı. Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tarixi sərəncamında “Əkinçi”- nin yaradıcısı, böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin adının öndə çəkilməsi məhz bu tarixi reallıqdan irəli gəlirdi. “Əkinçi” təxminən iki il fəaliyyət göstərsə də, onun milli düşüncəmizə təsiri bugünümüzə qədər davam etməkdədir.
İftixarla qeyd edək ki, bu nəşr maarifçiliyin inkişafına böyük töhfə oldu. Sonrakı illərdə, xüsusilə cümhuriyyət dönəmində milli demokratik mətbuatımız özünün intibah dövrünü yaşadı. Milli dövlətimizin süqutu ilə sovet işğalı dövründə mətbuat da ciddi ideoloji və siyasi basqılara məruz qaldı. Xalqımız milli azadlıq hərəkatına başlayarkən yenidən ziyalılar demokratik mətbuatın bərpasına nail oldular və ən çətin, ən mürəkkəb siyasi dönəmdə azad mediamız müstəsna xidmətlər göstərdi, Zərdabi ilə başlanan xalqa xidmət yolu layiqincə davam etdirilməyə başlanıldı.
Müstəqillik illərində isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Azadlıq, plüralizm prinsipləri üzərində qurulan müstəqil mediamız ictimai fikrin formalaşmasında aparıcı mövqe sərgilədi.
Vətənpərvər, milli maraqlarımızı müdafiə edən mətbuatımız etibarlı informasiya mənbəyi kimi auditoriyanın istinad nöqtəsinə çevrilməyi bacardı. Eləcə də 44 günlük Vətən savaşında mediamız mühüm rol oynayaraq həm ölkə daxilində xalqın ruh yüksəkliyini qorudu, həm də beynəlxalq aləmə haqq səsimizi çatdırmaqla informasiya müharibəsindən qalib ayrıldı. Hərbçilərimiz səngərdə ölüm-dirim müharibəsində torpaqlarımızı azad edərkən, ideoloji cəbhənin əsgərləri olan jurnalistlərimiz informasiya cəbhəsində düşmənə ağır zərbə vuraraq, haqlı olduğumuzu dünyaya çatdırdılar. Sübut etdilər ki, mətbuat təkcə xəbərin ünvanı və maarifçilik missiyasını üzərinə götürən tribuna deyil, eyni zamanda haqqın və ədalətin carçısıdır. Peşəkarlıq, vətənpərvərlik və fədakarlıq kimi prinsipləri öz fəaliyyətində əsas tutan milli mətbuatımız hər cür alqışa və təqdirə layiq olmaqla yanaşı, bizlərin qürur yeridir. Böyük Zərdabi ilə başlanan və şərəfli bir inkişaf yolu keçən mətbuatımız 150 ildir ki, Azərbaycanın səsinə, xalqın sözünə və milli kimliyimizin daşıyıcısına çevrilib.
Mətbuatımız hər zaman bizi düşünüb, bizim üçün çalışıb və nəhayət, bizə arxalanıb. Necə ki, ötən əsrin əvvəllərində Mirzə Cəlil “Molla Nəsrəddin”lə xalqın dərd-sərini, acı gülüşündə gizlənən həqiqətləri qeyd etməklə bizi deyib gəlmişdi, Mirzə Ələkbər Sabir millətin maariflənməsi naminə qələmini, varlığını ortaya qoymuşdu. “Ömür vəfa etsəydi, sümüklərimi belə bu yolda çürüdərdim” deyən Sabir, qələmi ilə yaşadı, xalq üçün yazdı, xalqa xidmət etdi. Bu fədakarlıq bu gün də milli mətbuatımızın fəaliyyət prinsipini müəyyənləşdirir və mediamızın ictimai missiyasının təməlini təşkil edir. Milli mətbuatımızın nümayəndələri jurnalist, əsgər və vətəndaş olaraq Azərbaycanın keşiyindədir. Onlar təkcə sözü deyil, həm də ölkəmizi göz bəbəyi kimi qoruyurlar.
Dostlar, bayramınız mübarək.
Tanrı sizləri və qələminizlə müdafiəsinə qalxdığınız Vətənimizi qorusun!
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı