Cenevrədə WUF13 ilə bağlı beynəlxalq diplomatik brifinq keçirilib

post-img

Yanvarın 15-də İsveçrənin Cenevrə şəhərində akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri üçün Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov beynəlxalq tərəfdaşları WUF13-ə dəvət edərək, tədbirin əhəmiyyəti barədə brifinq iştirakçılarına məlumat verib.

Brifinqdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax əsas məruzəçilər qismində çıxış ediblər.

Mayın 17–22-də “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13 tədbirinə hazırlıq, təşkilati yanaşmalar və mövcud imkanlar barədə danışan Anar Quliyev bu tədbirin qlobal mənzil məsələlərinin müzakirəsi və həlli baxımından aparıcı beynəlxalq platformalardan biri olduğunu vurğulayıb.

O bildirib ki, WUF13 hökumətlərin, şəhərlərin, beynəlxalq təşkilatların, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə həllərin formalaşdırılması üçün qlobal rol oynayacaq.

“Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq Bakıda Liderlərin Zirvə Görüşü keçiriləcək. Bu isə mənzil və şəhərsalma sahələrinin inkişafı məsələlərinin ən yüksək siyasi səviyyədə liderlik tələb etdiyinə dair mövqeyimizi əks etdirir. Bütün ölkələri və beynəlxalq tərəfdaşları WUF13-də fəal iştirak etməyə dəvət edir, nümayəndə heyətlərini Bakıda qarşılamağı səbirsizliklə gözləyirik”, - deyə WUF13-ün milli koordinatoru vurğulayıb.

WUF13-ün əsas müzakirə istiqamətlərinə toxunan UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax mənzil məsələsinin sosial inklüzivliyin təmin olunmasında, iqlimə uyğunlaşmada və dayanıqlı şəhər inkişafında həlledici rol oynadığını bildirib.

O qeyd edib: “WUF13, sadəcə, konfrans deyil, həm də maraqlı tərəflər üçün qlobal platforma və Yeni Şəhərsalma Gündəliyi ilə Dayanıqlı Şəhərlər və İcmalar üzrə 11-ci Dayanıqlı İnkişaf Məqsədinin icrasının qiymətləndirildiyi mühüm bir mərhələdir. Biz mövcud öhdəlikləri qiymətləndirəcək, boşluqları müəyyən edəcək və növbəti 10 il üçün qlobal prioritetləri müəyyənləşdirəcəyik.

Biz təxminən 3 milyard insana təsir edən qlobal mənzil böhranını, o cümlədən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan, iqlim dəyişmələrindən ən çox zərər görən 1,1 milyard insanın problemini həll etməliyik”.

Tədbirdə Azərbaycanın İsveçrədəki və Lixtenşteyndəki səfiri Fuad İsgəndərov da iştirak edib.

Brifinq WUF13-ün məqsədlərini təqdim etmək, diplomatik dəstəyi təşviq etmək və Azərbaycanın qlobal şəhərsalma gündəmlərini irəli aparmaq üçün əhəmiyyətli platforma rolunu oynayıb.

Tədbirə Cenevrədə fəaliyyət göstərən 100-ə yaxın diplomatik missiyadan nümayəndə qatılıb.

Siyasət