Paris “yeni dövlət” anlayışı altında köhnə müstəmləkəçiliyini davam etdirir
2025-ci il iyulun 12-də Parisdə imzalanan və Yeni Kaledoniyanın gələcək statusunu müəyyən edən müqavilə, ilk baxışda siyasi kompromis kimi təqdim olunur. Ancaq bu hadisə, əslində, Fransanın dəyişməyən müstəmləkəçilik təcrübəsinin davamı kimi qiymətləndirilir. Prezident Emmanuel Makronun “Fransa tərkibində yeni dövlət” ifadəsi təkcə hüquqi yenilik yox, həm də siyasi manipulyasiya kimi qəbul olunur. Reallıqda isə Parisdə müstəqilliklə uzlaşmayan, lakin onun görüntüsünü yaradan bir sistem formalaşdırılır.
Bu müqavilə çərçivəsində Yeni Kaledoniyaya müəyyən dərəcədə muxtariyyət, simvolik vətəndaşlıq və xarici əlaqələrdə məhdud səlahiyyətlər verilir. Lakin iqtisadiyyat, müdafiə, hüquq-mühafizə orqanları və məhkəmə sistemi tam şəkildə Parisin nəzarətində qalır. Nəticədə bu, birbaşa suverenlik deyil, idarəetmədə kosmetik dəyişikliklərlə zənginləşdirilmiş bir “siyasi dekora” çevrilir. Beləliklə, XXI əsrdə Fransa, sadəcə, klassik müstəmləkə idarəetməsini daha yumşaq ritorika ilə təqdim edir.
Yeni Kaledoniya 1853-cü ildə Fransa tərəfindən anneksiya ediləndən bəri bir sıra dönüş nöqtələri yaşayıb. Əvvəlcə sandal ağacı və nikel yataqları uğrunda istismar edilən bu ada, zamanla Fransa üçün strateji əhəmiyyət daşıyan dənizaşırı koloniyaya çevrilib. Kanak xalqı — bu ərazinin yerli əhalisi — kolonial siyasətin sərt üzünü hər mərhələdə hiss edib. Onlar torpaqlarından sıxışdırılıb rezervasiyalara göndərilib, iqtisadi və siyasi sistemlərdən kənarda saxlanılıb, üsyan etdikdə isə ağır repressiyalara məruz qalıblar.
XX əsrin ikinci yarısında baş verən islahatlar – vətəndaşlıq hüququnun verilməsi, muxtariyyətin tanınması, hətta referendum imkanlarının yaradılması – əslində, köklü azadlıq deyil, müstəmləkəçiliklə kompromis axtarışının nəticəsi idi. 1988-ci ildə Matinyon, 1998-ci ildə isə Numea sazişi ilə Fransa bu kompromisin çərçivəsini genişləndirdi, lakin əsas güc mexanizmləri heç vaxt yerli icmaların nəzarətinə verilmədi.
Fransa hökuməti 2024-cü ildə seçki hüququ ilə bağlı dəyişikliklərə təşəbbüs göstərdi. Yeni qanun 1998-ci Numea razılaşmasına zidd olaraq, son 10 ildə Yeni Kaledoniyada yaşamış bütün sakinlərə səsvermə hüququ verirdi. Bu, yerli kanak əhalisinin – sayca onsuz da azlıqda olan icmanın – siyasi çəkisini daha da azaltmaq üçün atılmış addım kimi qəbul olundu.
Nəticədə, kütləvi etirazlar başladı. May ayında fövqəladə vəziyyət elan edildi, 7 nəfər həyatını itirdi, yüzlərlə insan həbs edildi. Prezident Makron bölgəyə səfər etməli oldu, lakin siyasi dialoq adı altında təqdim olunan müzakirələr yerli xalqlarda inam yaratmadı.
İyulda imzalanan yeni müqavilə isə böhranı həll etmək əvəzinə, onu yeni mərhələyə daşıdı. Sənədin qüvvəyə minməsi üçün Fransa parlamenti və yerli referendumun razılığı tələb olunur. Bu isə mübahisələrin yenidən alovlanma ehtimalını artırır.
Fransa rəsmiləri Yeni Kaledoniyanı “yeni dövlət”, “muxtar region”, “ortaq məsuliyyət zonası” kimi terminlərlə təqdim etməyə çalışsalar da, reallıq dəyişmir: Yeni Kaledoniya Parisin iqtisadi və siyasi orbitindən kənara çıxa bilmir. Fransanın 13 dənizaşırı ərazisi üzərində qurduğu bu “muxtariyyət modeli” – Quadelupa, Martinika, Fransız Qvianasında olduğu kimi – müstəmləkə idarəetməsinin liberal formada yenidən təqdim edilməsidir.
Bu modeldə Fransa maliyyə yardımları və təhlükəsizlik zəmanətləri ilə əhalini öz orbitində saxlayır, eyni zamanda, siyasi və hüquqi nəzarəti əldən vermir. Beləliklə, Paris beynəlxalq aləmdə “azadlıqsevər respublika” imicini qoruyur, əslində isə iqtisadi və geosiyasi maraqlarını qorumaq üçün yeni üsullara əl atır.
Yeni Kaledoniya ilə imzalanan müqavilə bir həqiqəti açıq şəkildə göstərir: Fransa öz müstəmləkə keçmişindən imtina etmədi, sadəcə, onu terminologiyada və hüquqi çərçivədə yenidən formatladı. Parisin müstəmləkəçiliyi artıq hərbi ekspedisiya ilə deyil, qanun layihələri, maliyyə asılılığı və “referendum mexanizmləri” ilə həyata keçirilir.
Bu reallıqda “müstəqillik” sözünün özü mənasını itirir. Yerli kanak xalqı isə bu yeni konfiqurasiyanı “azadlıq deyil, yeni formada asılılıq” kimi dəyərləndirir. Əgər siyasi dil reallığı əks etdirmirsə, bu zaman mübarizə bitmiş sayılmır - sadəcə, başqa müstəviyə keçir.
S.ELAY
XQ