BMT-nin Beynəlxalq Əmək Təşkilatı (BƏT) süni intellektin əmək şəraiti və məşğulluğa təsiri barədə müfəssəl hesabat hazırlayıb.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, hazırda davam edən texnoloji inqilabın ümumbəşəri təsirini diqqətə çatdıran yeni hesabatda BƏT “çirkli, təhlükəli və alçaldıcı” qondarma 3D məşğulluqdan çıxış yolu təklif etdiyini vurğulayır.
BƏT, həmçinin xəbərdarlıq edir ki, iş yerində süni intellekt və əlaqəli texnologiyanın tətbiqi nəticəsində yaranan gözlənilməz təhlükəsizlik problemlərinin qarşısını almaq üçün daha ciddi nəzarət lazımdır. Təşkilatın əməyin təhlükəsizliyi siyasəti üzrə qrup rəhbəri Manal Azzi qeyd edib ki, rəqəmsallaşma iş yerinin təhlükəsizliyini artırmaq üçün böyük imkanlar təqdim edir. O əlavə edib: “Avtomatlaşdırma fabrik istehsal xətləri və ya inzibati iş kimi təkrarlanan işləri azalda bilər ki, bu da işçilərə daha çətin tapşırıqların öhdəsindən gəlməyə imkan verir. Lakin bu texnologiyalardan tam faydalanmaq üçün onların yeni risklərə yol vermədən həyata keçirilməsini təmin etməliyik”.
Hesabatda qeyd edilir ki, bu yeni alətlər artıq logistikadan səhiyyə və tikintiyə qədər bütün sənaye sahələrində təhlükəsizliyin idarə olunmasında inqilab edir. Hətta aşağı texnologiyalı sektorlar da onun faydalarını hiss etməyə başlayır.
Hesabatda süni intellekt, robototexnika və rəqəmsallaşma ilə bağlı əsas naməlum risklərdən bəziləri sadalanır. Məsələn, insan-robot qarşılıqlı əlaqəsi mühümdür. Robotlarla əməkdaşlıq edən və ya onlara qulluq edən işçilər nasazlıqlar, gözlənilməz davranışlar və ya dizayn qüsurları nəticəsində xəsarətlərə məruz qala bilərlər.
Digər risk amili kibertəhlükəsizlik təhdidləridir. Belə ki, iş yerləri daha çox əlaqəli olduqda, sistem uğursuzluqları və ya kiberhücumlar təhlükəsizlik sistemlərini poza və işçiləri təhlükə altına qoya bilər.
Digər risk mənbələrinə erqonomik problemlər, rəqəmsal texnologiyaların inkişafı fonunda psixi sağlamlıq, rəqəmsal tədarük zənciri təhlükələri də daxil edilib.