Ukraynada müharibəni qlobal maraqlar mürəkkəbləşdirib

post-img

Bu gün fevralın 1-dir. 23 gündən sonra Rusiyanın Ukrayna ərazisinə yüzlərlə qırıcı təyyarə, minlərlə tank və zirehli maşınla hücum etməsinin 3 ili tamam olacaq. Moskvanın belə bir addım atacağını çoxları gözləmirdi. Amma Rusiya-Ukrayna müharibəsi başlandı və qanlı savaşı hələ ki, heç cür dayandırmaq mümkün olmur.

Kreml hərbi əməliyyatın ən uzağı 1 həftə çəkəcəyini düşünürdü. Gözləntilər özünü doğrultmadı. Ukrayna xalqı ölkənin ərazi bütövlüyünün müdafiəsinə qalxdı. Tərəflər arasında əvvəlcə paytaxt Kiyev istiqamətində, sonralar isə uzun bir cəbhə boyu ağır savaşlar getdi. Zaman keçdikcə döyüşlərin miqyası genişləndi, şiddəti artdı.

Əslində, iki qonşu dövlət arasında müharibə 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı ilə başlanmışdı. Bu, real olaraq qonşu, suveren dövlətin ərazisini zor gücünə işğal aktı idi. İkinci Dünya müharibəsindən sonra beynəlxalq hüquq kəskin surətdə pozulmuşdu. Təəssüf ki, o dönəmdə dünya haqqın, ədalətin yanında durmadı, sadəcə susdu. Krımın işğalı göstərdi ki, beynəlxalq hüququ müdafiə edən institutların, sadəcə adı var, heç bir real təsir gücləri yoxdur.

Rəsmi Moskva sovet imperiyasını bərpa etmək niyyətində olduğunu gizlətmirdi. Ukraynasız isə bu, mümkün deyil. Sonrakı illərdə Kremlin “dirijorluğu ilə” Donbasdakı Rusiyapərəst separatçı silahlı qüvvələr Ukraynanın suverenliyini təhdid etməyə başladılar. Qərb yenə də Rusiyaya “gözün üstə qaşın var” demədi.

Rusiyanın hərbi potensialı Ukraynadan müqayisəyəgəlməz dərəcədə çoxdur. Reallıq budur ki, Krım da daxil olmaqla, Rusiya ordusu faktiki olaraq Ukrayna ərazisinin 20 faizə qədərini işğal edib. Bu gözəl, bərəkətli torpaqlara malik olan ölkənin infrastrukturuna ciddi zərbə dəyib. Ölkə əhalisinin dörddə biri Ukraynanın sərhədlərini tərk edib.

Ən müxtəlif versiyalara görə, RF bu müharibədə azı 600 min hərbçisini itirib. Yüz minlərlə yaralı var. Təkcə Ukraynanın deyil, Rusiyanın da kiçik və böyük şəhərləri raket zərbələrinin atəşi altındadır. Ötən ilin yayından RF-nin ərazisi döyüş meydanına çevrilib. Hazırda Kursk vilayətinin bir hissəsinə Ukrayna Silahlı Qüvvələri nəzarət edir. Orada olduqca ağır döyüşlər gedir.

Müharibə səbəbindən rus və Ukrayna xalqları arasında nifrət və nifaq toxumları səpilib. Bütün bunları bir ilə, beş ilə bərpa etmək mümkünsüzdür. Lakin hər iki ölkədə bir çox sağlam düşüncəli insanlar başa düşürlər ki, iki qardaş xalq arasındakı bu müharibəni nəyin bahasına olursa-olsun dayandırmaq lazımdır.

Bir daha vurğulamaq istərdim. Ukraynanın insan və təbii resurları Rusiya illə müqayisədə qat-qat azdır. Hadisələr bu minvalla davam edərsə, Ukrayna xalqı öz dövlətçiliyini də itirə bilər. Müharibə ukraynalılara ağır mərhumiyyətlər gətirib. Milyonlarla qaçqın hazırda Avropa və Şimali Amerikanın zəngin ölkələrində ağır işlərdə çalışmalı olurlar. Onların vətəni isə göz önündə dağılıb xarabazara çevrilir.

Müharibəni kim dayandıra bilər? Əlbəttə, ağıla ilk olaraq Ağ evin hazırkı sahibi Prezident Donald Tramp gəlir. O, Amerikanın sülh təklifinə “itaət göstərməyən” tərəfi cəzalandıracağı ilə hədələyir. Üstəlik, enerji daşıyıcılarının qiymətlərini aşağı salacağını, Rusiyanı çökdürəcəyini vəd edir. Bu ssenarinin təsiri olacaqmı? Bu suala birmənalı cavab vermək çətindir.

Birləşmiş Ştatlar üçün Ukrayna böhranı əsas hədəf deyil. Axı, ən vacibi Çini zəiflətməkdir. “Səmavi dövlət” çoxdandır Amerikanı daban-dabana izləyir.. Bir də gördün ki, gəlib Amerikaya çatdı və hətta onu ötdü. Bu, dünyanın 1 nömrəli super gücü üçün əsl qorxulu yuxudur. Pentaqon öz müttəfiqləri ilə birlikdə bütün gücünü “sarı əjdaha”ya qarşı mübarizəyə yönəldib.

Hələlik, dünya Amerikanın cızdığı plan üzrə gedir. ABŞ Rusiya–Ukrayna müharibəsinin benefisarı sayılır. Amerika kürəyinə ağır sanksiyalar yüklədiyi Rusiyanı Avropanın gəlirli enerji bazarından demək olar ki, məhrum edib. Belə ki, ABŞ indi Avropaya özünün maye qazını satır. Rusiya isə oyundan kənarda qalıb.

Prezident Tramp birinci prezidentlik dönəmində NATO-ya üzv dövlətlərdən hərbi büdcələrini 2 faizə qədər artırmağı tələb edirdi. Bu gün söhbət artıq 5 faizdən gedir. Dünyada ən böyük silah istehsalçısı isə ABŞ-dır. Avropa ölkələri okeanın o tayından qırıcı təyyarələr satın almaq üçün növbəyə düzülüblər. Özünüz təsəvvür edin, Rusiya–Ukrayna müharibəsindən kimlər milyardlar qazanır!

Avropanın şərqində 3 ildir davam edən savaşdan Makron Fransası da öz imperialist maraqları naminə yararlanmağa çalışır. Avropada hərbi cəhətdən ən güclü olduğunu iddia edən Paris Avropa İttifaqına üzv dövlətləri öz siyasi iradəsini tabe etməyə çalışır. Lakin hamı başa düşür ki, Paris siyasi bleflə məşğuldur, onun imkanları real gücündən qat-qat azdır.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən ən çox zərər çəkən ölkələrdən biri isə Almaniyadır. Rusiyanın Ukraynaya hərbi təcavüzündən əvvəl Berlin və Moskva arasında enerji sahəsində bir neçə iri layihə uğurla həyata keçirilirdi. Baltik dənizinin dibi ilə inşa edilən 1-ci və 2-ci “Şimal axını” layihələri ABŞ-ın təzyiqi ilə dayandırıldı.

Üstəlik, Almaniya Rusiya üzərindən Çinlə quru yolla böyük bir coğrafi ərazidə ticari əlaqələrini genişləndirə bilərdi. Almaniya, Rusiya və Çinin qarşısında geniş iqtisadi üfüqlər açılırdı. Bütün bunlar almanların hazırda dünya idarəçilini əllərində saxlayan anqlo-sakslara zərrə qədər sərf eləmirdi.

Xatırladaq ki, düz 5 il əvvəl, 2000-ci il yanvarın sonlarında Böyük Britaniya Aİ-ni tərk edib. Bir çox analitiklər düşünürlər ki, bunun əsas səbəbi məhz Almaniyanın iqtisadi yüksəlişinə maneçilik törətmək olub. Avropa qitəsində yazılmamış qanunlar var. Qitənin hər hansı bir dövləti “həddindən çox” güclənəndə, o biri dövlətlər birləşib onu yıxmağa cəhd edirlər. Bu məqamda göz önünə XIX əsrdə Napoleonun taleyi gəlir. XX əsrə aid də buna bənzər misallar da çəkmək olar.

Göründüyü kimi, planetimizdə böyük güclərin açıq və gizli nüfuz savaşı baş verir. Bu çətin, mürəkkəb məqamda hər bir dövlət öz milli maraqlarından çıxış edərək dünyanın siyasi xəritəsində öz layiqli yerini tutmağa çalışır. Düzgün strateji qərarların qəbul edilməsi həyati əhəmiyyət kəsb edir.

Məsaim ABDULLAYEV
XQ



Dünya