“Rusiya Gürcüstan ərazilərini işğal edib və ölkələr arasında diplomatik münasibətlər yoxdur, sadəcə, iqtisadi əlaqələr var. Bizim əsas siyasətimiz sülhdür. İşğal olunmuş ərazilərdə abxaz və osetin qardaş və bacılarımız yaşayırlar. İşğalın müvəqqəti olduğuna inanırıq. Ümid edirik ki, Gürcüstan gələcəkdə vahid və inkişaf etmiş dövlətə çevriləcək”. Bu fikri Gürcüstan prezidenti Mixael Kavelaşvili İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində bildirib.
Siyasətçi deyib ki, o, “bütün vətəndaşlar üçün prezident” olmaq istəyir. Onun sözlərinə görə, hökumət “ağıllı davranır” və ölkədəki böhran “süni şəkildə yaradılıb”. Kavelaşvili təkrar edib ki, xarici hökumətlərin nümayəndələri Gürcüstandan Rusiyaya qarşı müharibəyə qoşulmağı tələb ediblər. Rədd cavabı aldıqdan sonra isə təzyiq göstərməyə başlayıblar: “Bizdən Rusiyaya qarşı müharibəyə qoşulmağı, könüllü döyüşçülər göndərməyi və sanksiyalara dəstək verməyi tələb etdilər. Lakin bu, Gürcüstan üçün böyük təhlükə yarada bilərdi. Rədd cavabı aldıqdan sonra isə təzyiq göstərməyə başladılar”.
Onun sözlərinə görə, Gürcüstanın antiqərb siyasəti yürütməsi barədə iddialar dezinformasiyadır: “Sülhün alternativi yoxdur. Bu, ABŞ-da antiqərb fəaliyyətlər həyata keçirdiyimiz barədə iddialar həqiqəti əks etdirmir... Tramp və onun dövlət katibi Marko Rubio bizim həmişə dediyimiz şeyləri deyirlər”.
Kavelaşvilinin sözlərinə görə, 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkiləri əvvəlkilərlə müqayisədə ən ədalətli seçki olub və əhalinin əksəriyyəti onun nəticələrinə təəccüblənməyib: “Mənim sələfim Salome Zurabişvili seçkilərin saxtalaşdırıldığını və bunun arxasında Rusiya kəşfiyyatının dayandığını bildirdi. Bu, dünya mediası tərəfindən geniş yayıldı. Prezidentin bu cür dezinformasiyası qəbuledilməzdir. Beynəlxalq media yalnız mənim sələfimdən müsahibələr alır və onun fikirlərini yayırdı, heç kim hökumətin mövqeyini anlamağa çalışmadı”. M.Kavelaşvili hesab edir ki, bu, avropalılar üçün inandırıcı görünürdü. Amma bu, əslində Avropa vətəndaşlarının təhqir olunması deməkdir.
Dövlət başçısı qeyd edib ki, məhz buna görə də bizim vəziyyətimizdə böyük dezinformasiya və Gürcüstan hökumətini təcrid etmək cəhdləri görünür, reallıq isə fərqli aspektdən təqdim edilir: “Mən artıq doqquzuncu dəfə seçkilərdə iştirak edirəm və əvvəlki seçkilərlə müqayisədə bu seçkilər, bəlkə də, ən yaxşısı idi”.
O bildirib ki, parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı məsələ əvvəlcədən planlaşdırılıb. Bunu Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin arxivi də təsdiqləyir: “Prezident arxivi ilə tanış olduqdan sonra biz əmin olduq ki, bütün bunlar hələ seçkilərdən əvvəl planlaşdırılıb”.
Dövlət başçısının qeyd etdiyi kimi, prokurorluğa seçki saxtakarlığına dair heç bir sübut təqdim edilməyib. ATƏT-in yekun hesabatında isə seçkilərin demokratik keçirildiyi bildirilib. “Vətəndaşların azad seçim hüququ var idi. Bu, reallıqdır. Heç kim deyə bilməz ki, Mixael Kavelaşvili qanunsuz seçilib”, – Kavelaşvili vurğulayıb.
Normal müxalifətin olmadığını deyən Gürcüstan prezidenti bildirib ki, gürcü xalqının tələblərini ödəyən normal müxalifət olsaydı, o zaman rəqabətə davamlı olardı və “Gürcü Arzusu”nu əvəz edə bilərdi.
Kavelaşviliyə görə, Gürcüstan Avropa İttifaqının namizəd “üçlük” ölkələri arasında (Ukrayna, Moldova, Gürcüstan) öhdəliklərini ən yaxşı yerinə yetirsə də, ilk mərhələdə status ala bilməməsi anlaşılan deyil: “Bizim Aİ-yə daxil olmağımızı istədiklərini iddia edən qüvvələr, əksinə, bu məqsədə ziyan vururlar”.
Prezident Tbilisidə davam edən etirazlara da münasibət bildirib: “Bizim ağlabatan addımlarımız olmasaydı, daha pis olardı – biz müharibənin qarşısını aldıq. Brüsselə güzəştə gedə bilmədiyimiz üçün Aİ ilə danışıqları dayandırdıq. Amma konstruktiv təkliflər ortaya çıxsa, dialoqu bərpa etməyə hazırıq”.
Gürcüstan iqtidarı “Xalqın gücü” adlı müstəqil qrup yaradaraq cəmiyyəti xarici təzyiqlər barədə məlumatlandırmağa çalışıb: “Bizim mövqeyimiz ölkənin xilasına yönəlmiş cəsarətli addım idi”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də müxalifətin fəaliyyətinə toxunub və bildirib ki, onlar ölkənin maraqlarına xidmət etmir: “Müxalifətin iqtisadi fəlakətlə bağlı bəyanatlarına baxmayaraq, Gürcüstan Avropada iqtisadi artım tempinə görə liderdir. Son 4 ildə orta iqtisadi artım 9,5 faiz olub və ölkə 9 ili artımla başa vurub. Gürcüstan qabaqcıl ölkədir”. Baş nazir, həmçinin müxalifəti fəlakətli iqtisadi vəziyyətlə bağlı yalan məlumatlar yaymaqda və ərəb investisiyaları ilə əlaqədar spekulyasiyalarda ittiham edib.
“Gürcü Arzusu–Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladzenin müxalifətlə bağlı açıqlaması daha sərt olub: “Təsəvvür edin, bu radikal qrupun nümayəndələrindən biri, hətta ölkəmizi bir oyuncağa bənzətməyə cəsarət edib. Nə edə bilərik, biz bu insanlarla birgə yaşamaq məcburiyyətindəyik. Ancaq bu radikallığa və faşizmə mütləq son qoymalıyıq”.
Onun sözlərinə görə, bu, bir daha proseslərin xaricdən idarə olunduğunu göstərir. “Gürcü xainlərlə, ölkə düşmənləri ilə birlikdə Ukrayna nümayəndə heyətinin üzvləri də işləyirdi. Bu, bir daha sübut edir ki, proseslər xaricdən idarə olunur. Bu xırda radikalların ölkə daxilində himayədarları var. Onlar bu ölkəyə məxsus deyillər, Gürcüstanın maraqlarına xidmət etmirlər. Həmişə ölkəyə, vətənimizə və gürcü xalqına necə zərər vurmağı düşünürdülər. Biz onların dəfələrlə viza liberallaşdırılmasını dayandırmağa, Assosiasiya Sazişinin imzalanmasının qarşısını almağa çalışdıqlarının şahidi olmuşuq. Xainlər həmişə layiqli cavablarını alacaqlar”.
Pünhan ƏFƏNDİYEV
XQ