Rusiya–Ukrayna müharibəsində aktiv döyüşlər səngimir. Bir sıra ölkələrdə sülh danışıqlarına çağırışlar edilsə də, Qərb Kiyevə hərbi dəstək göstərəcəyini bildirir. ABŞ-ın son hərbi yardımları da belə düşünməyə əsas verir.
ABŞ prezidenti Cozef Bayden Pentaqona “Ukraynaya silah tədarükünü yüksək templə davam etdirməyi” tapşırıb: “Birləşmiş Ştatlar Ukraynanın mövqeyini gücləndirmək üçün yorulmadan çalışmaqda davam edəcək”. Ağ Evin sahibi əlavə edib ki, son aylarda Vaşinqton “Ukrayna Silahlı Qüvvələrinə yüzlərlə hava hücumundan müdafiə raketi verib, digərləri artıq yoldadır”. Cənab Bayden, həmçinin bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın mövqeyini gücləndirmək üçün yorulmadan işləməyə davam edəcək.
Onun sözlərini Ukraynaya ayrılan son hərbi kömək də təsdiqləyir. Belə ki, ABŞ-ın bazar ertəsi Ukraynaya növbəti 1,25 milyard dollarlıq hərbi yardım paketini açıqlayacağı gözlənilir. “Associated Press” amerikalı rəsmilərə istinadən məlumat yayıb ki, paketə NASAMS sistemləri və “Hawk” hava hücumundan müdafiə sistemi də daxil olmaqla xeyli miqdarda sursat daxildir. Kiyev, həmçinin “Stinger” portativ zenit-raket kompleksi (MANPADS) üçün raketlər və 155 mm və 105 mm çaplı artilleriya mərmiləri alacaq. ABŞ mətbuatı yazır ki, bu, çox güman Co Baydenin yanvarın 20-dək Ukraynaya ayırdığı son yardım paketi olacaq.
Bu ayın əvvəlində yüksək səviyyəli hərbçilər etiraf etmişdilər ki, yeni prezident Donald Trampın and içməsindən əvvəl Pentaqonun anbarından Konqres tərəfindən icazə verilən 5,6 milyard dollarlıq silah və avadanlıqların hamısını Ukraynaya göndərə bilməyəcəklər. Tramp uzun müddətdir ki, Vaşinqtonun Kiyevə verdiyi hərbi yardımın həcmini tənqid edir və çoxları onun Ağ Evə gəlişindən sonra bu yardımın dayandırıla və ya əhəmiyyətli dərəcədə azala biləcəyindən ehtiyat edirlər. Tramp, həmçinin Ukrayna və Rusiya arasında danışıqlar yolu ilə sülhə nail olmaq istədiyini bildirib və prezidentlik kampaniyası zamanı müharibəni “bir gündə” bitirə biləcəyini deyib. Lakin Amerika və Avropada bunun Ukrayna üçün arzuolunmaz sövdələşməyə, o cümlədən bəzi ərazilərin itirilməsinə gətirib çıxara biləcəyindən narahatdırlar.
Yeni paketdəki silahların Kiyevə çatdırılması Pentaqonun anbarından təcili götürülməsinə və Ukraynaya göndərilməsinə imkan verən “prezident səlahiyyəti” çərçivəsində həyata keçiriləcək. ABŞ rəsmiləri ümid edirlər ki, Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə danışıqlar üçün doğru vaxtın olduğuna qərar verərsə, yardım paketləri Kiyevə mövqeyini gücləndirməyə kömək edəcək. Yüksək rütbəli müdafiə nazirliyi rəsmisinin sözlərinə görə, ABŞ yanvarın 20-dək Ukraynaya silah tədarükünü davam etdirsə də, Tramp administrasiyası üçün də vəsait qalacaq. Pentaqonun məlumatına görə, xərclənməmiş vəsait təxminən 1,2 milyard dollardır.
Slovakiya və Macarıstan kimi ölkələr sülh danışıqlarının tərəfdar olduqlarını bildirsələr də, Qərbin digər ölkələri tam fərqli mövqe sərgiləyirlər. Məsələn, Böyük Britaniyanın baş naziri Keir Starmer Kiyevi dəstəklədiyini açıqlayıb: “Yeni ilə girərkən, Ukraynanı mümkün olan ən güclü mövqeyə yüksəltmək əzmimizi ikiqat artırmalıyıq”. Ukraynanın baş naziri Denis Şmıqal da bildirib ki, onun ölkəsi G7 təşəbbüsü çərçivəsində Rusiyanın dondurulmuş aktivlərindən artıq 1 milyard dollar alıb. Bundan başqa, media yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski “Yaponiya hökumətinin Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə 3 milyard dollar köçürmək qərarını alqışlayıb”. O, bunu Yaponiyanın baş naziri Şiqeru İşiba ilə telefon danışığı zamanı edib. Brüssel də maliyyə yardımını davam etdirir. Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, dekabrın 25-də Avropa İttifaqı 150 milyon avro məbləğində qrant yardımının ikinci tranşını Kiyevə köçürüb.
Avropa maddi yardımla yanaşı, hərbi yardım da göndərir. Belə ki, İtaliya Nazirlər Şurası müvafiq qanun layihəsində təcili müddəalar daxil olmaqla, Ukraynaya silah və hərbi texnikanın tədarükü üçün icazənin müddətinin uzadılmasını təsdiqlədiyini rəsmən elan edib. Bununla yanaşı, İtaliya hökuməti gələn il Ukraynanın bərpası ilə bağlı konfrans keçirməyə hazırlaşdığını da bildirib. Ukraynalı pilotlar üçün “Mirage 2000-5F” qırıcıları üçün altı aylıq təlimin başa çatması haqqında da məlumat verilir. Məlumat verilir ki, “Mirage 2000-5F” qırıcıları Fransa və Böyük Britaniyanın Ukraynaya tədarük etdiyi Storm Shadow/SCALP-EG uzaqmənzilli qanadlı raketlərdən istifadə etmək iqtidarındadır.
Alman mediası isə Ukrayna Silahlı Qüvvələrinin 200 kiloqrama qədər partlayıcı daşıya bilən çox sayda pilotsuz uçuş aparatına (PUA) malik olduğunu yazır. Onlar Rusiyanın paytaxtına və Mərkəzi və Cənubi Rusiyanın digər mühüm şəhərlərinə hücum edə bilərlər. Söhbət “A-22 Flying Fox” təyyarəsi əsasında yaradılan drondan gedir. KİV iddia edir ki, yeni PUA-nın uçuş məsafəsi (1200 kilometr) Almaniyanın “Taurus” qanadlı raketinin məsafəsindən (500 kilometr) çoxdur. Bildirilir ki, 1996-cı ildən Ukraynanın “Aeroprakt” şirkəti bu modelin 1000-dən çox nüsxəsini istehsal edib, 2024-cü ilin əvvəlində Ukrayna hərbçiləri onları silaha çevirmək qərarına gəliblər. KİV-in məlumatına görə, bu PUA-lar artıq Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücum etmək üçün istifadə edilib. Mütəxəssislərin fikrincə, bu PUA-ları aşkar etmək çətindir və partlayıcı maddələrin böyük çəkiyə malik olması Rusiya hədəfləri üçün potensial təhlükədir.
S.ELAY
XQ