Suriya: Milli, dini və etnik ayrı-seçkiliyə son qoyulur

post-img

Suriyada Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətə gəlmiş yeni qüvvələr ölkədə dincliyi və sabitliyi təmin etmək üçün fəaliyyətini davam etdirir. Dünən aldığımız məlumata görə, ölkənin yeni hakimiyyəti beynəlxalq əlaqələr qurmaq istiqamətində ciddi çalışır. Artıq bir sıra qonşu ölkələrlə yanaşı, Rusiya ilə də danışıqlar aparılıb. Rusiya nümayəndələri ilə görüş Türkiyə və Qətərdə keçirilib. Bu barədə məlumatı Rusiyanın “İzvestiya” qəzetinə Suriya İnqilabçı və Müxalif Qüvvələrinin Milli Koalisiyasının (NCORF) üzvü Ənəs əl-Abda verib.

O deyib: “Suriyanın Danışıqlar üzrə Komissiyası, eləcə də Suriya İnqilabçı və Müxalifət Qüvvələrinin Milli Koalisiyası Ankara və Dohada Rusiya rəsmiləri ilə görüşlər və məsləhətləşmələr keçirib. Bu görüşlərdə inqilabçı və müxalif qüvvələrin Suriyanın gələcəyi ilə bağlı baxışları müzakirə edilib”.

Ənəs əl-Abda bildirib ki, danışıqlar zamanı tərəflər Suriya və Rusiya xalqlarının ümumi maraqları əsasında mövcud müsbət münasibətləri davam etdirmək barədə razılaşıblar. Rusiya hərbi bazalarının saxlanılması məsələsi isə Moskva və Dəməşq arasında ikitərəfli razılaşmalardan asılı olacaq. Hələ ki, belə bir razılıq yoxdur.

Türkiyə ilə münasibətlər isə Dəməşqin yeni hakimiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Dəməşq valisi Maher Mərvan dünən “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, Türkiyə Suriyanın strateji müttəfiqidir: “Suriya və türk xalqları qardaşdırlar, onların qəlbləri inqilabın əvvəlindən birləşib. Suriyalılar türk xalqının onlara göstərdiyi böyük dəstəyi heç vaxt unutmayacaqlar”.

Vali Türkiyənin xarici işlər naziri Hakan Fidanın Dəməşqə son səfərinin iki qardaş xalq arasında əlaqələri gücləndirdiyini vurğulayıb. O, Türkiyənin hazırkı Suriya administrasiyası ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Mərvan deyib: “Suriya azad edildikdən sonra cəmiyyətdə birlik və harmoniya artıb. Devrilmiş rejim onu parçalamağa, məzhəbçilik və ayrı-seçkilik yaymağa çalışırdı”.

O, Suriyanın yeni hakimiyyət orqanlarının bu neqativ halların aradan qaldırılması üçün fəal səylər göstərdiyini vurğulayıb: “Qadınlar, kişilər, müxtəlif dini və etnik qrupların hamısı indi bərabər hüquqlara malikdir. Biz heç bir ayrı-seçkiliyin olmadığı bir dövrdəyik”.

Vali bildirib ki, yeni hakimiyyət ölkənin bütün əyalətlərində həyatı normal vəziyyətə qaytarmağa çalışır: “İndi biz gələcəyi müəyyən edəcək yolu açırıq”. O, Suriya iqtisadiyyatının, o cümlədən paytaxt Dəməşqin böyük investisiyaya ehtiyac duyduğunu da əlavə edib.

Ölkədə ərzaq problemlərinin həlli ilə bağlı da işlər görülməkdədir. Dünən Ukraynadan Suriyaya 500 ton buğda unu göndərildiyi barədə məlumatlar yayılıb. Bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenski bildirib: “Söz verdiyimiz kimi, çətin anlarda Suriya xalqının yanındayıq. Ümumdünya Ərzaq Proqramı ilə əməkdaşlıq çərçivəsində artıq Suriyaya 500 ton Ukrayna buğda unu göndərilib. Suriyaya və onun xalqına təhlükəsizlik, sabitlik və bərpa diləyirik”. Onun sözlərinə görə, yaxın günlərdə 33 min 250 ailəyə, yaxud 167 min nəfərə yardımın paylanması planlaşdırılır.

Əsəd rejimi dövründə xarici ölkələrə üz tutmuş vətəndaşların Suriyaya qayıdışı da davam edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi qonşu ölkələrdən Suriyaya qayıdan qaçqınların sayının 3 həftədə 50 mini keçdiyini bildirib. Qrandi “X” sosial şəbəkəsində qeyd edib ki, qonşu ölkələrdən vətənə qayıdan suriyalı qaçqınların sayı getdikcə artır. Bununla belə, Suriyada həyat şəraiti ağır olaraq qalır.

Yeni hakimiyyətin nizam yaratmağa çalışdığı bir vaxtda xarici qüvvələr ölkədə dini ədavəti qızışdırmaqdan, iğtişaşlar yaratmaqdan qalmırlar. Bu barədə ələvilərin etiraz aksiyalarının keçirildiyi Latakiya əyalətindəki mənbə TASS-a bildirib: “İndi onlar yeni hakimiyyət, sünnilər, xristianlar və ələvilər arasında iğtişaşlara və toqquşmalara səbəb olurlar. Yeni hakimiyyətə nizam lazımdır”.

Dekabrın 27-də Tartusda yeni hakimiyyət orqanları tərəfindən yaradılan təhlükəsizlik qüvvələri ələvi icmasından olan insanların iğtişaş yaratmaq cəhdlərinin qarşısını alıb. Latakiya, Ceblah, Homs və Tartusda komendant saatı tətbiq edilib. Qanunu pozanlara silahlarını yerə qoyaraq hüquq-mühafizə orqanlarına təslim olmaları üçün 4 gün vaxt verilib. Oxşar tədbirlər Homs şəhərinin Əz-Zəhra ələvi məhəlləsində Bəşər Əsəd tərəfdarlarına qarşı da tətbiq edilib. Suriya Daxili İşlər Nazirliyi vəziyyətin sabitliyini pozmağa və məzhəblər arasında nifaqı qızışdırmağa çalışanları təqib edəcəyi barədə xəbərdarlıq edib.

Mənbə qeyd edib ki, küçələrdə təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər görülür, komendant saatının tətbiqi ilə əlaqədar Latakiya, Ceblah və Tartus sakinləri faktiki olaraq evlərini tərk etmirlər: “Yeni hakimiyyət hələ də enerji təchizatı ilə bağlı problemləri həll edə bilməyib, elektrik gündə yalnız bir neçə saat verilir”.

Ölkədə narahatlıq doğuran problemlərdən biri də Suriya ordusuna məxsus xeyli miqdarda silahın İŞİD terror qruplaşmasının əlinə keçməsidir. İraqın baş naziri Məhəmməd əl-Sudani bəyan edib ki, “İŞİD terrorçuları Suriya ordusundan xeyli miqdarda silah ələ keçiriblər”. O, “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu silahların İraq ərazisində istifadə olunma ehtimalından narahat olduğunu və bununla bağlı Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığa ümid etdiyini bildirib.

Ölkədə başqa bir problem PKK-nın qanadı olan “Suriya Demokratik Qüvvələri”, PYD/YPG-dir. Bu gün onların da xarici qüvvələr tərəfindən ən müasir hərbi texnika və avadanlıqlarla silahlandırıldığı və ölkədə geniş ərazini nəzarət altında saxladığı məlumdur. Hazırda Suriya hakimiyyəti bu terrorçu qüvvələrə qarşı döyüşlər aparmaqdadır. Türkiyə tərəfi də mütəmadi olaraq bəyan edir ki, Suriyada terror qruplarının fəaliyyətinə son qoyulmalıdır.

Paşa ƏMİRCANOV
XQ

Dünya