Amerikalı iş adamı İlon Mask ilə Reform UK partiyasının rəhbəri Naycel Faraj və islahatçıların xəzinədarı Nik Kendi arasında son günlərdə görüş keçirildiyi bildirilir. Mətbuatda yayılan məlumatlara görə, bu sağçı siyasi qüvvənin Maskdan külli miqdarda maliyyə yardımı alacağına dair hələ hüquqi cəhətdən rəsmiləşdirilməmiş razılaşma var. Faraj həm də amerikalı iş adamının təşkilati dəstəyinə ümid edir. Amma Britaniya mətbuatında Maska qarşı tənqidlər yer alır, onun ölkənin daxili işlərinə qarışdığını vurğulayırlar.
Naycel Farajın partiyasının dəqiq nə qədər maddi yardım alacağı məlum deyil. Mətbuat mənbələrə istinadən böyük məbləğlərdən bəhs edir: 78 milyon funt sterlinq (100 milyon ABŞ dolları). Əslində, Donald Trampın ən mühüm müşaviri olan İlon Mask ilə Faraj arasındakı əlaqələrin yeni yaradılmadığını vurğulayırlar Buna görə də, mütəxəssislər Mar-a-Laqodakı görüşdən sonra İlon Mask ilə Britaniya avroskeptiki arasında əməkdaşlığın yeni mərhələyə keçdiyinin sürpriz olmadığını bildirirlər. Onlar indi təkcə ideoloji cəhətdən yaxın deyillər, həm də siyasi müttəfiqdirlər.
Maraqlıdır ki, bundan öncə Naycel Farajın özü başqa dövlətin işlərinə qarışmaqda ittiham olunurdu. İlin əvvəlində o, Donald Trampın prezident seçkilərində qalib gəlməsi üçün hər şeyi edəcəyini bildirmişdi. Ancaq iyulun əvvəlində Böyük Britaniyada keçirilən parlament seçkiləri onun planlarını dəyişdi. Farajın rəhbərlik etdiyi islahatçılar nisbətən yaxşı çıxış edərək 14 faiz səs topladılar ki, bu da partiyanın 6 illik tarixində ən yaxşı nəticə idi. Britaniya siyasi sisteminin özəlliklərinə görə, (majoritardır, yəni səslərin ümumi sayı deyil, konkret seçki dairəsində qələbə vacibdir – red.) hazırda avroseptiklər parlamentdə beş nümayəndə ilə təmsil olunurlar. Əvvəlki seçkilərdə Reform UK partiyasının parlamentdə cəmi bir üzvü var idi. Həmin yeri də London meri Sadiq Xanı “islamçıların nəzarəti altında olan biri” adlandırdığı üçün Mühafizəkarlar Partiyasından qovulmuş Li Anderson tuturdu. İyul seçkilərindən sonra isə sağçı partiyanın mühafizəkarların əvəzinə əsas müxalifət qüvvəsinə çevrilmək şansı var. Britaniyalı ekspertlərin fikrincə, bu, hazırda Farajın əsas prioritetidir.
Yerli KİV yazır ki, İlon Maskın maliyyələşməsi avroskeptiklərin liderinə gələn il keçiriləcək yerli seçkilər ərəfəsində kampaniya aparmağa kömək edəcək. Onun rəqiblərinin vəziyyətinin daha pis olduğu bildirilir. Mühafizəkarlar Partiyasının da seçkilərdə şansının yüksək olmadığı iddia edilir. Eyni vəziyyətlə leyboristlərin üzləşdikləri bildirilir və burada yeganə fərq ondadır ki, onların reytinqi torilərdən daha sürətli düşür. Məhz bu anda İlon Maskın Britaniya siyasətinə qarışmağa qərar verməsi diqqəti çəkir. Belə ki, noyabr ayında o, Britaniyada erkən seçkilərin keçirilməsini tələb edən petisiyanı imzalayaq, ifrat sağçı fəalları təqib etdiyinə görə ölkəni “tiran polis dövləti” adlandırmışdı.
İndi iki əsas partiyanın zəifləməsi ilə Farajın Britaniya siyasətinin ən yüksək eşelonuna adlamaq inkanı var. O, bu yaxınlarda seçilmiş mühafizəkarların lideri Kemi Badenokdan daha çox siyasi təcrübəyə malikdir. Syasi analitiklərin sözlərinə görə, İlon Mask bütün bunları diqqətlə izləyir. Faraj da onu çox tərifləyir. O, X sosial şəbəkəsinin rəhbərinin Amerika seçkilərinə təsir səviyyəsindən məmnun olduğunu gizlətmir. Bundan əlavə, o, mövcud vəziyyəti “Qərbi xilas etmək şansı” adlandırır və ehyam vurur ki, miqrantlar sivilizasiyaya təhlükə yaradırlar.
Ekspertlər iddia edirlər ki, İlon Maskın Britaniya siyasətinə təsiri həqiqətən də çox böyük ola bilər. “The Washington Post”un yazdığına görə, onun sosial şəbəkələrdəki mətnlərinə Donald Tramp, Kamala Harris və bütün ABŞ senatorlarının mesajlarından qat-qat çox baxılır. Britaniyanın liberal mediası yazır ki, İlon Mask ölkə siyasətinə müdaxilə edir. Qanunvericilik maneələri də var: Britaniya siyasətçilərinə xaricdən 500 funt sterlinqdən artıq hər hansı ianə qəbuledilməz hesab olunur. Düzdür, nə Mask, nə Faraj, nə də Kendi 78 milyonun birbaşa köçürüləcəyini demirlər. Onlar, məsələn, iş adamının şirkətlərindən birinin Britaniya filialı vasitəsilə köçürülə bilər.
Bundan əlavə, Maskın nənəsi ingilisdir, həm də o, Britaniya Birliyinin bir hissəsi olan Cənubi Afrika dövlətinin vətəndaşıdır. Buna görə də, amerikalı milyarderin “Dumanlı Albion”da deputat olmaq şansı böyükdür. Düzdür, onun Britaniya siyasətində uğur qazanacağına şübhə ilə yanaşırlar. Amma belə iddia edirlər ki, iş adamının təsiri birbaşa yox, yalnız dolayı yolla ola bilər.
S.ELAY
XQ