Amerikada siyasi marafonun finişi

post-img

Dünən milyonlarla amerikalı 2 prezidentliyə namizəddən birinə səs vermək üçün seçki məntəqələrinə getdilər. Onların kimə – hazırkı vitse-prezident, Demokratlar Partiyasının nümayəndəsi Kamala Harrisə, yoxsa sabiq prezident, respublikaçı Donald Trampa üstünlük verəcəklərini müəyyən etmək mümkün deyildi. Çünki hər 2 siyasətçinin reytinqi, təxminən, bərabər idi. Tanınmış CNN sosioloqu Con Kinq telekanalda etiraf edirdi ki, o, indiki kampaniyada olduğu kimi rəqabəti xatırlamır. Ancaq əminliklə demək olar ki, ABŞ tarixində dramatik və qeyri-adi hadisələrdən biri olan cari seçki kampaniyasının nəticələri yalnız Birləşmiş Ştatlar üçün yox, bütün dünya üçün taleyüklüdür. 

Noyabrın 5-də amerikalılar təkcə prezidenti seçmədilər. Konqresə də seçkilər keçirildi. Belə ki, Nümayəndələr Palatasının bütün 435 üzvü və 100 senatordan 34-ü seçici səsi uğrunda mübarizə apardılar. Bundan əlavə, yerli seçkilər də keçirildi. 11 ştatda qubernatorlar seçildi, onların bir çoxunda dövlət və bələdiyyə qanunvericilik məclislərinin tərkibi müəyyən edildi. Təbii ki, bütün bunlar Amerika üçün əhəmiyyət daşıyırdı. Ancaq xarici ölkələri daha çox prezident seçkilərinin nəticəsi, eyni zamanda, Konqresdə qüvvələr balansının necə olacağı məsələləri maraqlandırırdı. 

“The Economist” jurnalı amerikalı politoloqların əhəmiyyətli bir hissəsinin dəstəklədiyi bir proqnoz dərc etmişdi. Buna əsasən, Demokratlar və Respublikaçılar yerlərini dəyişəcəklər. İndi birincisi Senatı, ikincisi Nümayəndələr Palatasını idarə edir, amma seçkilərdən sonra bunun əksi olacaq. Eyni zamanda, “The Economist” belə bir ehtimalı da nəzərdən keçirirdi ki, seçkilər nəticəsində partiyalardan biri həm prezidentlik postu uğrunda mübarizədə, həm də Konqresin hər iki palatasında cüzi səs çoxluğu əldə edərək qalib gələcək. Bu ssenarinin mümkünlüyü cəmiyyətdə yüksək dərəcədə qütbləşmə faktı ilə də izah olunur. Adətən, amerikalılar seçkilərdə dövlət başçısını və qanunvericiləri dəqiq ayırırlar. Belə olur ki, seçici bir partiyadan prezidentliyə namizəd, digərindən senator və ya Nümayəndələr Palatasının üzvü üçün səs verir. Bu dəfə bunun belə olmayacağı proqnozlaşdırılırdı. Yəni belə iddia olunurdu ki, demokratlara səs verən amerikalı Kamala Harrisi, respublikaçıları dəstəkləyən seçici isə Donald Trampa üstünlük verəcək.

ABŞ seçiciləri seçimlərindən dramatik dəyişikliklər gözləyirlər. Donald Tramp miqrasiya siyasətinin kəskin şəkildə sərtləşdirilməsinə, bürokratiyanın azaldılmasına və Respublikaçılar Partiyasının mühafizəkar hissəsinin müxtəlif proqram müddəalarının həyata keçirilməsinə – məktəblərdə Darvinin nəzəriyyəsinin tədrisinin ləğvinə qədər kursu təcəssüm etdirirdi. Kamala Harris, öz növbəsində, iki Demokrat administrasiyasının – Cozef Bayden və Barak Obamanın kursunun davamlılığı ilə əlaqələndirilirdi, lakin onun müdafiə etdiyi solçu gündəmə əvvəlkindən daha çox diqqət yetirilirdi. Artıq oktyabr ayında Donald Trampın rəqibinin qələbəsini tanımadığına dair aydın əlamətlər ortaya çıxdı. Ən azı, bir ştatda, Pensilvaniyada respublikaçılar məhkəmədə erkən səsvermənin bütövlüyünə etiraz edirdilər. Mütəxəssislər bu faktın seçkilərdə çox mühüm rol oynayacağını bildirirdilər. Belə iddia olunur ki, 4 il əvvəl olduğu kimi, indiki səsvermədən sonra çox sayda hüquqi çəkişmələr olacaq. 

Əlbəttə, bu çəkişmələr ABŞ-nin siyasi sistemini çökdürməyəcək. Amma mürəkkəb geosiyasi şəraitdə yeni prezidentin atacağı addımların dünya düzəninə təsir göstərəcəyi danılmazdır. 

S.ELAY 
XQ

 



Dünya