Türkiyə-Ukrayna münasibətləri ölkə başçılarının müəyyən etdiyi istiqamətdə əmin addımlarla irəliləyir. Müharibənin yaratdığı geosiyasi sınaqlarla qarşı-qarşıyayıq. Buna baxmayaraq, Ukrayna ilə çoxtərəfli əməkdaşlığımız daha da güclənir. Digər tərəfdən isə müharibənin dağıdıcı təsirinin yaratdığı humanitar böhran davam edir. Bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə başa çatması istiqamətində səylərimizi davam etdiririk. Sülh danışıqlarının tərəflərin iştirakı ilə davam etməsinə inamımızı təkrarlayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan söyləyib.
Türkiyədə səfərdə olan Ukraynanın yeni XİN rəhbəri Andriy Sibiqa ilə görüşdən sonra mətbuata birgə açıqlamada nazir deyib: “Qara dəniz dəhlizi kimi sülhə xidmət edəcək fəaliyyətlərin yenidən gündəmə alınmasının faydalı olacağını düşünürük. Ukraynanın bu məsələdəki müsbət münasibətini də təqdirlə qarşılayırıq. Qara dənizin ən qısa zamanda əməkdaşlıq hövzəsinə çevrilməsini arzu edirik. Bunun Qara dəniz bölgəsindəki bütün ölkələrin mənfəəti daxilində olacağı aşkardır”.
Hakan Fidan həmkarı ilə keçirdiyi görüşdə müzakirə edilən mövzulardan birinin də Ukraynanın yenidən inşası olduğunu bildirib: “Türkiyənin inşaat şirkətləri Ukraynada lider mövqedədirlər. İndiyədək türk şirkətləri tərəfindən Ukraynada 300-ə yaxın layihəyə töhfə verilib ki, bunun da ümumi dəyəri təxminən 10 milyard dollar təşkil edir. Müharibə başladıqdan indiyədək şirkətlərimiz tərəfindən 70 layihə uğurla tamamlanıb”.
Qeyd edək ki, bu, Andriy Sibiqanın XİN başçısı olaraq Türkiyəyə ilk səfəridir.