Fransanın dövlət borcu ikinci rübün sonunda ümumi daxili məhsulun (ÜDM) 110,5 faizindən 112 faizinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (İNSEE) məlumat verib.
Milli Statistika İnstitutunun məlumatına görə, ölkənin səhiyyə böhranından başlayaraq, kütləvi şəkildə artan dövlət borcu aprel-iyun ayları arasında 68,9 milyard avro artaraq 3,228,4 milyard avroya çatıb.
İkinci rübdə qeydə alınan artım, əsasən dövlət borcunun (+69,9 milyard avro) artması hesabına baş verib. Sosial təminat idarələrinin borcu 4 milyard avro artıb. Digər tərəfdən, müxtəlif mərkəzi idarəetmə orqanlarının borcu 4,7 milyard avro, yerli dövlət idarələrinin borcu isə 0,3 milyard avro azalıb.
Baş nazir Mişel Barnyenin yeni hökuməti aylardır gözlənilən 2025-ci il üçün büdcə layihəsini oktyabrın ikinci həftəsində təqdim etməyi öhdəsinə götürüb. Bu layihədə əsasən dövlət maliyyəsini gücləndirmək üçün dövlət xərclərinin azaldılmasını tətbiq etməyi, eləcə də ən varlı və iri bizneslərə yönəldilmiş vergilərin artırılması nəzərdə tutulur.
Mayda “S&P Global Ratings” kredit reytinq agentliyi avrozonanın ən pis göstəricilərindən birinə sahib olan Fransanın suveren reytinqini aşağı salıb. İfrat büdcə kəsirinə görə Avropa Komissiyası Parisə qarşı prosedur tətbiq edib.