Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də BMT Baş Assambleyasında 14-cü dəfə çıxış edəcək. Məlumatı “Anadolu” verib.
Məlumata görə, Ərdoğan ilk dəfə 2005-ci ildə Türkiyənin baş naziri olarkən BMT Baş Assambleyasının müzakirələrində iştirak edib. O, BMT Baş Assambleyasının 60-cı sessiyasında bildirib ki, daha demokratik, şəffaf, yenilənmiş və bütün üzv ölkələrin ümumi iradəsini təmsil etməyə qadir olan BMT beynəlxalq mübahisələrin həlli üçün əsas və dünyada sülhün qarantıdır.
Ərdoğan növbəti dəfə BMT Baş Assambleyasının 62-ci sessiyasında 2007-ci ildə iştirak edib. Türkiyəli siyasətçi çıxışı zamanı bütün bəşəriyyət üçün təhlükə adlandırdığı terrorla mübarizədə həmrəyliyə və daha səmərəli əməkdaşlığa çağırıb: “Dünyanın istənilən yerində baş verən terror aktı hamımıza qarşı yönəlmiş insanlığa qarşı cinayətdir. Mən sərhəd tanımayan terroru lənətləyirəm”.
2009-cu ildə türkiyəli siyasətçi BMT Baş Assambleyasının 64-cü sessiyasında iştirak edərək, BMT-də islahatlara çağırıb: “Biz islahat təşəbbüslərini tam dəstəkləyirik. Bununla belə, heç bir şübhə yoxdur ki, Təhlükəsizlik Şurasında islahatlar aparılmasa, BMT sistemində aparılan islahatlar uğurlu sayıla bilməz”, - deyə Ərdoğan bildirib.
2011-ci ildə BMT Baş Assambleyasının 66-cı sessiyasının iştirakçıları qarşısında çıxış edən Ərdoğan Suriya, Liviya, Somali və Fələstindəki vəziyyətlə bağlı mesajlar verib, Azərbaycan torpaqlarının işğalına son qoyulmasının vacibliyinə diqqət çəkib.
Ərdoğan BMT Baş Assambleyasının 2014-cü ildə ilk dəfə prezident seçildikdən sonra qatıldığı 69-cu sessiyasında BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan və veto hüququna malik 5 ölkəyə işarə edərək, “dünya beşdən böyükdür” deyib.
Nəhayət, Ərdoğan 2023-cü ildə BMT Baş Assambleyasında 13-cü çıxışında BMT-ni yenidən tənqid edib. Türkiyə dövlətinin başçısı terrorla mübarizə, islamofobiya və irqçilik kimi mövzularda mesajlar verib, Rusiya-Ukrayna münaqişəsi, Fələstin məsələsi və Şərqi Aralıq dənizində baş verən hadisələrə toxunub. Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa və bu ölkə ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa çağırıb.
P.ƏMİRCANOV
XQ