Ulu öndər Heydər Əliyev “Kommunist” qəzetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdir
Mən bir dəfə söylədim ki, keçmişdə sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur...
Ulu öndər bu fikirlərini 2002-ci il martın 22-də “Hyat Regency– Naxçıvan” hotelində keçirilən təntənəli mərasimdə ona “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatı təqdim edilərkən geniş nitqində söyləmişdir.
Ömrünün 60 ildən çoxunu Azərbaycan mətbuatına həsr etmiş, hadisələrin qaynağında olmuş və Ümummilli liderimizin siyasi fəaliyyətini yaxından izləmiş qocaman jurnalist kimi, bu faktların təsdiqinin dəfələrlə şahidi olmuşam. Bu qeydlərimdə onlardan biri haqqında, düz 55 il bundan əvvəl – 1969-cu il sentyabrın 18-də Azərbaycan Dövlət Dram Teatrında “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”) 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdən söz açacağam. Mən həmin mərasimin bilavasitə iştirakçısı olmuşam.
O vaxt İrəvanda Azərbaycan dilində çıxan “Sovet Ermənistanı” qəzetində partiya həyatı şöbəsinin müdiri işləyirdim. 1969-cu ilin sentyabr ayında məni redaksiyadan Bakı Ali Partiya Məktəbinə bir aylıq kursa göndərdilər. Arada vaxt tapıb “Kommunist” qəzetinin redaksiyasına da gedib-gəlirdim. Əvvəllər də dəfələrlə bu redaksiyada olmuşdum. Onların arasında özümə tanış və dostlar tapmışdım. Mənim üçün həm əlamətdar, həm də xoş idi ki, əvvəllər qəzetdən – imzadan tanıyıb-bildiyim qələm sahibləri ilə indi üzbəüz görüşür, söhbət edir, maraq göstərdiyim məsələlərə dair suallarıma cavablar da alırdım.
Növbəti gəlişimdə dostlar mənə bir dəvətnamə də hədiyyə etdilər. Bu, qəzetin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyinə həsr olunmuş tədbirə rəsmi dəvət idi.
Çox sevindim. Azərbaycanda iki ay idi ki, rəhbərlik dəyişmiş, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdi. Fikirləşdim ki, yaxşı oldu. Yəqin ki, bu fürsət sayəsində yeni rəhbəri də görər, səsini eşidərəm. Çünki o vaxt respublikanın yeni sahibi, demək olar ki, televiziyaya çıxmırdı və Bakının özündə onu görməyə can atanların da sayı-hesabı yox idi.
Heydər Əliyev digər rəhbərlərin əhatəsində salona daxil olanda hamı onu gürultulu alqışlarla ayaq üstündə qarşıladı. Heydər Əliyevin çıxışına Azərbaycan dilində başlaması hamını heyrətə salmışdı. Çoxlarının sualdolu nəzərləri biri-birinə dikilmişdi. Bu baxışlardan aydınca duyulan tədbir iştirakçılarının, o cümlədən rəsmi şəxslərin qəlbində bir şübhə yaratmışdı: görəsən, bunun fəsadları, düşər-düşməzi olmayacaq ki?!
Burada onu da deyim ki, o dövrdə bu qəbildən olan tədbirlərdə müttəfiq respublikaların rəhbərləri, həmçinin digər rəsmi şəxslər yalnız rus dilində çıxışlar edir, məruzələr söyləyirdilər. Ulu öndər Heydər Əliyev isə ilk dəfə olaraq bu tendensiyanı pozdu, doğma ana dilində nitq söylədi.
Haşiyə: Burada bir məsələni deməyə bilmərəm. Son illərdə bəzi tarixçilər və yazarlar belə bir səhvə yol verirlər ki, guya, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra ilk dəfə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illik yubileyində iştirak edib və ilk dəfə orada ana dilimizdə nitq söyləyib. Halbuki, “Kommunist” qəzetinin 50 illik mərasimi Azərbaycan Dövlət Universitetinin yubileyindən 42 gün öncə keçirilmişdi. Ulu öndər ilk dəfə məhz həmin tədbirdə doğma ana dilimizdə nitq söyləmişdir.
Mən bu iradımı tarixçilərə ona görə söylədim ki, çox uzaq deyil, aradan cəmi 55 il ötür. Belə səhvlərə və təhriflərə yol verdiyimizdəndir ki, erməni tarixçiləri və yazarları doğru-dürüst yazdıqlarımıza da inanmırlar, özləri isə eramızdan əvvəl baş vermiş hadisələrin nəinki ilinin, ayının, hətta gününün davasını eləyir və bir-birini təsdiqləyirlər.
Ulu öndər nitqində bildirdi ki, bu gün biz respublika qəzeti “Kommunist”in birinci nömrəsinin çapdan çıxmasının 50 illiyini qeyd edirik. Bu yubiley böyük siyasi hadisədir. Sovet Azərbaycanının bütün mətbuatının bayramıdır. Bütün respublika zəhmətkeşlərinin fərəhli günüdür. Partiya və hökumət “Kommunist” qəzetinin xidmətlərini yüksək qiymətləndirərək, onu Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişdir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Respublika Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti “Kommunist” qəzeti redaksiyasının kollektivini, fəhlə və kəndli müxbirlərini, bütün oxucularını bu şərəfli mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirlər.
Heydər Əliyev qeyd etdi ki, “Kommunist” qəzeti həmişə yeni həyat uğrunda çarpışanların ön sıralarında getmişdir. Çoxlarının yaxşı yadında olar ki, bir vaxtlar Bakı fəhlələri vətənpərvərcəsinə belə bir mübariz şüar irəli sürmüşdülər: “Neft beşilliyini iki il yarıma yerinə yetirək!” “Kommunist” qəzeti də o zaman böyük Sovetlər ölkəsinə son dərəcə lazım olan neftlə, obrazlı desək, nəfəs alır, şanlı Bakı neftçiləri ilə birlikdə əmək növbəsində durur, neft quyuları qazmaqda, neft fontanlarını ram etməkdə onlara kömək edirdi. O, qanuni iftixar hissi ilə neftçilərlə birlikdə Vətənə və partiyaya beşillik planın vaxtından əvvəl yerinə yetirildiyi haqqında raport vermişdi.
Qəzet kənd təsərrüfatının kollektivləşdirilməsi, kolxoz quruluşuna, Sovet hakimiyyətinə əl qaldıran qolçomaqların ləğv edilməsi uğrunda çarpışan mübarizlərin də ilk sıralarında gedirdi.
Böyük Vətən müharibəsi başlandıqda isə “Kommunist” qəzeti müharibənin ilk günlərindən öz kəsərli silahını azğın düşmənə yönəltmişdi... Onun hiddət dolu sətirləri Azərbaycanın mərd övladlarını döyüşə çağırır, onları faşizm üzərində tam qələbə çalmağa ruhlandırırdı. Cəbhədən alınıb qəzetin səhifələrində dərc olunan xəbərlər arxa əməkçilərinin qoluna onqat qüvvət verir, onları sovet xalqının müqəddəs qələbəsi naminə fədakar əməyə ruhlandırırdı.
Qəzet müharibədən sonrakı dövrdə də öz vəzifəsini şərəflə yerinə yetirirdi. İndi artıq onun səsi Mingəçevirdən, Neft Daşlarından, Sumqayıtdan gəlirdi. O xalqla birlikdə yüksək binalar ucaldır, neft və qaz kəmərləri çəkir, metro tikir, yazıçılarla və mədəniyyət xadimləri ilə birlikdə ədəbiyyatımızı və incəsənətimizi zənginləşdirirdi.
1970 – 1980-ci illərdə kənd təsərrüfatının sürətli inkişafı bir sıra amilə söykənirdi. Bunun ən başlıcası o idi ki, möhtərəm Heydər Əliyevin şəxsi təşəbbüsü ilə rayonlarda keçirilən səyyar müşavirələr ənənə şəklini almışdı. İl ərzində bəzən dörd dəfə belə müşavirə keçirilirdi. Həmin müşavirələrin gedişi geniş işıqlandırılmaqla yanaşı, orada söylənilən tənqidi qeydlərin, nöqsanların aradan qaldırılması uğrunda qəzetin səhifələrində, sözün əsl mənasında, ciddi mübarizə aparılırdı.
Bu mübarizə erməni separatçılarının Vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə çıxardıqları qərarlardan sonra daha da şiddətləndi. Qəzetin kollektivi müsəlləh əsgər kimi ölkənin ərazisinin bölünməzliyi uğrunda döyüşə qalxdı. Qəzet səhifələrində Dağlıq Qarabağ məsələsi geniş müzakirə obyektinə çevrildi, separatçıları dəstəkləyən Moskvanın mövqeyi kəskin tənqid olundu.
1990-cı ilin qanlı Yanvar hadisələrindən sonra mövcud quruluşa qarşı mübarizədə qəzet xalqın tribunasına çevrildi, müstəqillik ideyaları ilk dəfə buradan dünyaya bəyan olundu. Yeni həyat uğrunda mübarizədə xalqın mənafeyini hər şeydən üstün tutduğuna görə, ümummilli liderimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıdanda “Xalq qəzeti”ni yenidən öz himayəsinə götürdü.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qəzetin 75 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik məktubunda (25 avqust 1994-cü il) yazırdı: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün Sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur.
Respublikada qəzetçilik ənənələrinin fornalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxşaxəli, rəngarəng Azərbaycan mətbuatının bir sıra görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişdir. Müstəqilliyimizin qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır. Amansız təcavüzkara qarşı apardığımız ədalətli mübarizə qəzetin daimi mövzusuna çevrilmişdir. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”.
Bu gün iftixar hissi ilə deyirik ki, “Xalq qəzeti” milli dildə çıxan ən uzun ömürlü mətbuat orqanımızdır. 105 ilin bütün qovğalarına baxmayaraq, o, xalqımıza, Vətənimizə vicdanla xidmət edib. Çünki burada çalışanlar həmişə dövlətə, dövlətçiliyə, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə, dilinə, dininə, adət və ənənələrinə sadiq olub, onu qoruyub, yaşadıblar. Yoxsa, söz sərrafı olan Ümummilli liderimiz bu qəzetin fəaliyyətinə böyük qayğıkeşliklə yanaşmaz, onun xidmətlərini belə yüksək qiymətləndirməzdi.
Əsgər ƏSGƏROV,
“Sovet Ermənistanı” qəzetinin sabiq məsul katibi, AJB-nin üzvü