Bir daha, riyakarlığın Qərb və Rusiya nümunəsi
“Rusiyanın sanksiyalardan yayınmasına Ermənistanın şərait yaratmasına imkan verməyi dayandırın!” Bu fikir Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarıın ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktubunda yer alıb.
Məktub ABŞ-nin Xarici Aktivlərə Nəzarət Ofisinin tabe olduğu Xəzinədarlıq Katibliyinin rəhbəri Canet L.Yellenə, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun rəhbəri Alan F.Estevesə, ABŞ-nin Ədliyyə Departamentinin rəhbəri Merrik B.Qarlendə, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenə, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrelə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə ünvanlanıb. Sənəddə Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradan Ermənistanın “fəaliyyətindən” ciddi narahatlıq ifadə olunub.
Məktubda vurğulanan məqamlar və faktlar diqqət çəkir. Məsələn, bildirilir ki, 2021-ci ildə Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 24,2 faiz artaraq 2,6 milyard dollar, 2022-ci ildə 2021-ci illə müqayisədə 93,4 faiz artaraq 5 milyard dollar, 2023-cü ildə isə 2022-ci illə müqayisədə 45,7 faiz artaraq 7,3 milyard dollar səviyyəsinə çatıb. 2024-cü il üzrə bu göstəricinin 16 milyard dollara çatacağı bildirilir. Əlbəttə, sənəddə diqqətə çatdırılmış statistikanı tam şəkildə sadalamaq niyyətindən uzağıq.
Ümumən, Ukraynaya qarşı, əslində, dünya ilə müharibə aparan Rusiya üçün müdafiə sənayesinin funksionallığını qoruyub saxlamaq prioritet idi. Ölkəyə ən müasir yarımkeçiricilərin və ikili təyinatlı digər malların ixracına sərt məhdudiyyətlərin tətbiqi isə onun müdafiə sənayesi üçün ciddi zərbəyə çevrilmişdi. Özünü yarımkeçiricilərə, yüksək texnoloji maşın və mexanizmlərə olan tələbatı ödəməyə kökləmiş Rusiya Ermənistan üzərindən “boz idxal” həyata keçirməyə başlamışdı.
Qeyd edək ki, Ermənistanın Rusiyanın Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti ilə sıx əlaqələrə malik “Milandr” şirkəti Ukrayna müharibəsindən iki ay sonra “Milur Electronics LLC” adlı uydurma korporasiya yaratmışdı. Elektronika istehsalçılığı və mikroprosessorlar işləyib hazırlamaq sahəsində ixtisaslaşmış “Milandr” qlobal çip nəhəngi TCMS-ə sifarişləri “Sharp Edge Engineering” adlı saxta Tayvan şirkəti vasitəsilə yerləşdirmişdi. “Milur Electronics LLC” isə bilavasitə həmin çiplərin Rusiyaya çatdırılmasını həyata keçirmişdir. Hələ o zaman aydın idi ki, bu həcmdə çipin ölkəyə gətirilib, sonradan Rusiyaya ötürülməsi rəsmi İrəvanın diqqətindən kənarda qala bilməz. Deməli, proses yüksək səviyyədə tənzimlənirmiş.
Başqa bir fakta diqqət yetirək. Məlumdur ki, Rusiya – Ukrayna müharibəsi başlanandan dərhal sonra dünya avtomobil nəhəngləri Rusiya bazarından getmək qərarı verdilər. ABŞ və Avropa İttifaqı 50 min avrodan baha avtomobillərin Rusiyaya ixracına qadağa qoydu. Ermənistan isə bundan xeyir götürdü. Axı necə ola bilərdi ki, ölkənin son 11 ildə yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracı üzrə illik ən yüksək göstəricisi 40 milyon dollar olduğu halda, Ermənistana 2023-cü ilin cəmi 6 ayı ərzində birdən-birə 351 milyon dollar dəyərində analoji məhsul ixrac edilsin? Görəsən, dünyada bunu görən yox idi?
Sual olunur: diqqətə çatdırdıqlarımız hara, İrəvanın anti-Rusiya ritorikası hara? Maraqlı məqam odur ki, rəsmi Moskvanın ayrı-ayrı təmsilçiləri iki il əvvəl aktiv məcraya qədəm qoymuş sözügedən ritorikaya cavab verərkən, Ermənistanın iqtisadi inkişafının Rusiyanın hesabına olduğunu dəfələrlə vurğulamış, müxtəlif eyham şəkilli fikirlər səsləndirmişdilər. Əlbəttə, baş nazir Nikol Paşinyan administrasiyası buna məhəl qoymamış və necə deyərlər, “barıtı daha da artırmışdı”. İndi tam aydındır ki, nəyə görə Ermənistan özünü Rusiyaya borclu saymırmış...
O da məlumdur ki, Rusiya 44 günlük müharibədən sonra daim Ermənistanı öz orbitinə qaytarmaq istiqamətində müxtəlif siyasi jestlər edib. Məsələn, Qarabağdakı Rusiya sülhməramlıları bölgəyə silah-sursat daşınmasına göz yumaraq, nəticə etibarilə orada separatçı rejimin mövcudiyyətini sürdürməsinə dəstək göstəriblər. Bundan başqa, Rusiya rəsmiləri ötən müddətdə Qarabağın statusunun mübahisələndirilməsinə dair fikirlər də səsləndiriblər. Bir sözlə, Ermənistanı şirnikləndirmək yolu tutublar.
Ümumən, nəinki rəsmi Moskva, eləcə də Rusiya ictimaiyyəti özünün “erməni sevdasını” hər addımbaşı, hər fürsətdə ortaya qoymağa can atıb. Lakin Paşinyanın komandasının üzvləri bütün bu sayaq meyilləri dəyərləndirməyib, imkan düşdükcə Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin etməkdə acizlik göstərdiyinə, “Azərbaycanın işğalına” göz yumduğuna dair fikirləri tirajlayıblar. Təxminən belə: Rusiyaya borclu deyiliksə, hər sözü deyə, hər fikri qabarda bilərik.
Ümumən, 2018-ci ildə öz adamının, yəni N.Paşinyanın hakimiyyətə yiyələnməsinə nail olan Qərb dünyası, faktiki olaraq, Ermənistanda həyata keçirilmiş çevrilişi demokratiyanın qələbəsi kimi təbliğ etmişdi. Mövcud fonda Cənubi Qafqazda demokratikləşmənin başlandığına dair mesajlar verilmişdi. Elə fon yaradılmışdı ki, sanki dünya Ermənistandan, ölkə insanın demokratik ruhundan nəşət alır. Mövcud istiqamətdəki ucuz populizmə hesablanmış fikirlər Avropa və dünya mediasını cənginə almışdı. N.Paşinyan da eyforiyaya qapılaraq, beynəlxalq aləmin Qarabağ avantürası naminə İrəvana dəstək göstərəcəyini zənn etmiş və sərsəm bəyanatlar səsləndirərək, 44 günlük müharibə üçün zəmin hazırlamışdı. Müharibənin demokratiyanın qapıdan və pəncərədən deyil, bacadan kortəbii şəkildə daxil olduğu Ermənistan üçün hansı fəlakətli nəticələr, necə bir rəzil və miskin mənzərə formalaşdırdığını isə hamı gördü.
İstər 44 günlük müharibədən əvvəl, istərsə də sonra demokratiyanın erməni xalqına rifah gətirəcəyi, Ermənistanı sosial-iqtisadi cəhətdən güclü dövlətə çevirəcəyi də vurğulanırdı. Bildirilirdi ki, guya, Paşinyan iqtidarının reallaşdırdığı proqramlar dayanıqlı iqtisadi sistem qurmağa, leqal və şəffaf gəlirlər əldə etməyə imkan verən ciddi mexanizmdir. Mövcud ritorikanı təbliğ edən Qərb dividend qazanmaq istəyirdi. Eyni zamanda, öz adamının, yəni Paşinyanın hakimiyyət kreslosundakı yerinin möhkəmlənməsini təmin edir, daxildəki narazılıqlara qarşı immunitet formalaşdırırdı. Əlbəttə, belə bir məqamda Rusiya rəsmilərinin Ermənistanın iqtisadi artım tempinin mənbəyini qabartmaları anlaşılandır. Ancaq onlar, bir qayda olaraq, oxu atıb yayı gizlədirdilər.
Əslində, indi bütün daşlar indi yerinə oturur. Əvvəla, Ermənistan məsələsində kollektiv Qərbin, habelə Rusiyanın riyakarlığı və yalanı tam şəkildə ortaya çıxır. Riyakarlıq ondadır ki, ortada olan anti-Rusiya ovqatı fonunda Ermənistana xüsusi münasibət var. Guya, Qərbdə bilmirlər ki, Paşinyan ölkəsinə pulu “maklerliklə” qazandırır? Çox yaxşı bilirlər, sadəcə, özləri Nikolun hakimiyyətini qorumaq üçün əllərini ciblərinə salmaq istəmədiklərindən, ikincinin rahat qazanc mənbələri əldə etməsinə göz yumurlar. Rusiya isə ona görə oxu atıb yayı gizlədir ki, tam həqiqətləri deyə bilməz. Yəni, Qərbin sanksiyalarından necə yayındığının təfərrüatlarına aydınlıq gətirmək istəməz. Axı rəsmi Moskva müharibədə duruş gətirməsini ölkə ictimaiyyətinə özünün səriştəli fəaliyyət kursu, ölkənin dayanıqlılığı və müqavimət gücünün böyüklüyü kimi izah edir. Hər bir halda, Ermənistanın “maklerlik” ampluası dünyanın Rusiyaya ehtiyacının olduğunun təsdiqidir. Bu ehtiyacın ödənmə vasitəsi kimi riyakarlığın seçilməsi isə son dərəcə böyük utancdır.
Ermənistan “demokratiyası”nın erməni xalqını rifaha daşıyacağına dair fikirləri elə-belədən qabartmadıq. Bəli, məlum olur ki, ortada son dərəcə böyük yalan var. Bu yalan fonunda Ermənistanın hazırkı iqtisadi inkişaf tempi sabun köpüyündən başqa bir şey deyil. Adi bir məqama diqqət yetirək. Məgər ölkənin ticarət dövriyyəsinin həcmini qarşılamaq üçün potensialı var? Əlbəttə ki, yoxdur! Görəsən, Rusiyaya qarşı sanksiyalar dayandırılsa, Ermənistan hazırkı iqtisadi inkişaf tempinə malik olacaqmı? Xeyr! Çünki “boz idxalçı” statusu, “maklerlik” ampluası iqtisadi industriya, real iş yerləri, şəffaf gəlir mənbələri deyil.
***
Sonda qeyd edək ki, erməni varlığı tarix boyu qlobal siyasi oyunlarda alət rolunda çıxış edib. Bu gün də eyni “missiyanı” yerinə yetirməkdədir. Hazırda qeyri-real, şəffaflıqdan uzaq gəlirlər Ermənistanın silahlanması, bütövlükdə, “erməni kartı”nın aktiv saxlanılması üçün vasitədir. Belə bir durum isə Cənubi Qafqazda sülhə və sabitliyə ciddi təhdiddir. Təhdid mühitinin formalaşmasında baiskarlar Qərb və Rusiyadır. Bütün bunlar öz yerində. Amma hesab edirik ki, Paşinyan iqtidarının ölkəyə hansı yolla qazanc gətirməsi erməni cəmiyyətini də ciddi düşündürməlidir. Əlbəttə, qazancın nəyə sərf edildiyi də həmçinin. Tam aydındır ki, İrəvan təhlükəli sularda üzür. Dörd il əvvəl bu üzmənin sıravi erməni üçün hansı faciələrə yol açdığı məlumdur və bu barədə fikrimizi bildirdik. Görünən budur ki, Ermənistan həmin yoldadır. Yenə də onu Azərbaycana qarşı savaşa təhrik edənlər var. Deməli, ölkə üçün yaxın acı tarixin təkrarlanma ehtimalı da böyükdür.
Ə.CAHANGİROĞLU
XQ