Qərb mediası COP29-un Azərbaycanda keçirilməsindən niyə narahatdır?

post-img

Azərbaycana COP29-a evsahibliyi etmək etimadı göstərildiyi ilk günlərdən Qərbin qərəzli media prosesinə start verilib. Ölkəmizin alternativ enerjiyə çox böyük üstünlük verməsinə baxmayaraq respublikamızın neft-qaz istehsalçısı olması qınaq obyektinə çevrilib. 

Azərbaycanın fəaliyyətinin bu səbəbə görə mənfi qiymətləndirilməsi, əslində, erməni lobbisinin təsiri ilə qaynaqlanan qərəzdən, məsələyə qeyri-obyektiv yanaşmadan irəli gəlib. Halbuki Qərb mediası məsələyə münasibətdə belə ədalətsiz, haqsız mövqe sərgiləməkdənsə, ölkəmizin iqlim dəyişikliyi ilə bağlı mübarizə tədbirlərindən, “yaşıl” enerji  konsepsiyasına sadiqliyindən yazmalıdır.

Prezident İlham Əliyev iyulun ­20-də 2-ci Şuşa Qlobal Media Forumunda COP29-la bağlı tədbirlərin mediada işıqlandırılması barədə verilən suala cavabında da bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı Azərbaycanın iqlim konfransına evsahibliyi ilə bağlı namizədliyinə qərar verildikdən sonra Qərb mediasında ölkəmizə qarşı hücumların başladığını və bunun gözlənilən bir hal olduğunu vurğulayaraq bildirib: “Bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz, əlbəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittihamlar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün”. 

Yeri gəlmişkən, yuxarıda xatırlatdığımız 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycanın iqlim konfransına evsahibliyi ilə bağlı namizədliyinə qarşı Qərb mediasının yazılar verməsinin gözlənilən bir hal olduğunu vurğulayan dövlətimizin başçısı bundan əvvəl  Birləşmiş Ərəb Əmirliklərinin də eyni mövzuda ittihamlarla üzləşdiyini xatırladaraq əlavə edib: “Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir”.  

Azərbaycana qarşı yönəldilən bu ittiham doğrudan da təəccüb doğurur. Ona görə ki, bir ölkənin neft və qazla zəngin potensiala malik olması heç də onun iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün təşkil edilən  nüfuzlu bir konfransa evsahibliyi etməyə haqqı çatmadığını deməyə əsas vermir. Çünki respublikamız neft və qaz hesabına iqtisadiyyatını inkişaf yoluna çıxarıb,   şaxələndirib, sosial sahədə inqilabi dəyişikliklərə nail olub, işsizliyin, yoxsulluğun azaldılmasında müsbət nəticələr əldə edib. Özü də qazıntı yanacaq növlərindən əldə olunan gəlirlər ədalətlə, şəffaf şəkildə, məsuliyyətlə paylanılıb. Bütün bunlarla bərabər, neft-qaz emissiyalarının mənfi nəticələrinin minimuma endirilməsi istiqamətində səmərəli layihələr gerçəkləşdirilib.    

Prezident İlham Əliyev sözügedən forumda diqqətçəkən bir məqama da toxunaraq Azərbaycanın COP29-a üzv sahibliyi qərarı verilən ilk vaxtlarda Qərb mediasının Azərbaycana hücumunun intensivləşdiyini, sonrakı mərhələdə isə bu sahədə müəyyən sakitlik yarandığını, iqlim konfransı ərəfəsində isə ölkəmizin əleyhinə yazıların yenidən artacağının, ittihamların və hücumların sayının çoxalacağının proqnozlaşdırıldığını bildirib. 

Azərbaycanı neft-qaz istehsalçısı olmaqda ittiham edən Qərbin  media qurumları yaxşı bilirlər ki, yeni enerji siyasətinin əsas istiqamətlərindən biri də məhz respublikamızın Avropanın dekarbonizasiyasında fəal iştirakını təmin etməkdən ibarətdir. Bununla ölkəmiz, həm də Avropaya yeni enerji körpüsü salmaqla “köhnə qitə”nin mühüm elektrik enerjisi, əsasən də, “yaşıl” enerji  təchizatçısına çevrilməsini hədəfləyir. Bunun isə yaxın illərdə reallaşacağı şübhəsizdir. 

Bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb: 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Əldə edilən razılaşma çərçivəsində Qara dəniz enerji sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulub. Həmin kabel Azərbaycanda hasil edilən “yaşıl” elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək. Sözügedən saziş Azərbaycanın “yaşıl” enerjisinin Avropaya çatdırılmasını nəzərdə tutur. 

Qeyd edək ki, həmin sənədə əsasən, Qara dənizin dibi ilə 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda elektrik enerjisi kabeli çəkiləcək. Bu da ölkəmizdə istehsal olunan “yaşıl” enerjinin Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək. 

Artıq COP29-a iki aya yaxın bir vaxt qalır və indidən Qərb mediasının  ölkəmizə qarşı qarayaxma kampaniyasının gücləndiyi, əks-təbliğatının genişləndiyi nəzər çarpır. Dezinformasiya və yalan məlumatların yayılmasında müşahidə olunan canfəşanlıq isə fikrimizsə, erməni lobbisinin təsiri ilə reallaşır. 

Məsələn, “Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi” adlı qurum tərəfindən bugünlərdə hazırlanan məqalədə Qarabağda son antiterror tədbirləri ərəfəsində bu coğrafiyada yaşayan erməni əhalinin  guya blokadaya alınması, dinc ermənilərin ərzaq məhsulları təchizatında çətinliklər yaşadıqları və  Beynəlxalq Qırmızı Xaç Komitəsinin vəziyyətin nizamlanmasında böyük çətinliklərlə üzləşdiyi bildirilib. Əslində, hamımız yaxşı bilirik ki, bu, Azərbaycana qarşı böhtandır və burada heç bir “blokadadan” söhbət gedə bilməz. Çünki həmin vaxt  keçmiş xunta rejimi liderlərinin özləri ərzaq məhsullarını gizlətməklə süni şəkildə aclıq vəziyyəti yaratdıqları aşkarlanmış vu bununla bağlı faktlar televiziya ilə nümayiş etdirilmişdi. Belə ki, verilişlərdə sözügedən “blokada” zamanı toy şənlikəri, restoranlarda dincələn insanlarla bağlı çoxsaylı kadrlar diqqətə çatdırılmışdı...   

Lakin ölkəmiz bütün bunlara əhəmiyyət verməyərək öz işini görür– COP29 heyəti nüfuzlu foruma hazırlıq işlərini uğurla davam etdirir,  xarici ölkələrə səfərləri intensivləşdirir, Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurur, inkişafda olan kiçik ada ölkələri ilə münasibətləri daha da dərinləşdirir. Məsələn, Azərbaycan “OPEC Plus” formatının üzvü olaraq neft hasil edən ölkələrlə fəal şəkildə əməkdaşlığını möhkəmləndirərək müəyyən təşəbbüslər səsləndirir,  neftlə zəngin ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizəyə  maliyyə töhfəsi ilə bağlı təkliflərini diqqətə çatdırır. Bütün bunlarla bərabər, respublikamız tərəfdaş ölkələrlə birgə   “yaşıl” texnologiyaya, “yaşıl” keçidə sərmayə qoyur.  

COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə verdiyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl” enerji zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Dövlətimiz “yaşıl” enerji  zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevirmək əzmindədir.

Azərbaycanın COP29-a evsahibliyi etməsi ilə bağlı qərarın verilməsi isə təsadüfi deyil. Əvvəla, bu, ölkəmizə etimadın növbəti parlaq ifadəsidir. Bu, Azərbaycanın apardığı  uğurlu siyasət nəticəsində dünya miqyasında çox güclü mövqeyə sahib olmasının göstəricisidir. Beynəlxalq aləmin respublikamıza bəslədiyi hörmət günbəgün artır və  bu hörmət dövlətimizin həyata keçirdiyi müstəqil, prinsipial siyasətin, beynəlxalq hüquqa bağlılığın, beynəlxalq tədbirlərə ev sahibliyindən əldə edilən təcrübənin,  eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsindən irəli gələn inamın  nəticəsidir.

Beləliklə, iqlim sammitinə qısa müddətdə genişmiqyaslı hazırlıq işlərinin görülməsi bu gün COP29 beynəlxalq konfransının yüksək səviyyədə həyata keçiriləcəyini, belə bir  nüfuzlu tədbirin ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacağını deməyə əsas verir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan neft–qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəsə bir daha aydın olacaq ki, respublikamızın gündəliyi “yaşıl” enerji ilə bağlıdır. “Yaşıl” enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda dövlətimizin enerji siyasətinin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək. 

Ekologiya