“Sputnik Armenia” saytına bu ölkənin keçmiş maliyyə naziri, dövlət maliyyə idarəçiliyi üzrə beynəlxalq məsləhətçi Vardan Aramyan bildirib ki, cari ilin birinci yarısında Ermənistanın dövlət borcu 12 milyard 157 milyon dollar təşkil edib. Hökumətin daxili borcu (50,7 faiz) isə ilk dəfə olaraq xarici borcunu (49,3 faiz) ötüb. Aramyanın fikrincə, dövlət borcunun ədədi ifadəsi aldadıcı ola bilər. Çox şey borcun Ümumi Daxili Məhsula və onun büdcə gəlirlərinə nisbətindən asılıdır: “Bu göstəricilərə əsasən, təhlükəli xətti keçdiyimizi və ya ciddi təhlükənin olduğunu deyə bilmərik, lakin bütün bunların altında daha bir mühüm komponent var – iqtisadi artım, iqtisadiyyatın həcmi, iqtisadiyyatın strukturu və sabitliyi”.
Onun sözlərinə görə, təhlükə 12 milyard dollar rəqəmində deyil, iqtisadiyyatın strukturundadır. V.Aramyan xatırladıb ki, son illərdə xarici borcun dollar ekvivalentində azalması dramın möhkəmlənməsi ilə bağlıdır. Bir dolların məzənnəsi 480-dən 380 drama düşüb. Lakin Ermənistan iqtisadiyyatının strukturu və potensialı uzunmüddətli perspektivdə bir dollar üçün 380 dram məzənnəsini təmin edə bilməyəcək. Çünki milli valyutanın bahalaşması ölkədə istehsal imkanlarının artması ilə deyil, xarici maliyyə axınlarının həcminin artması ilə bağlıdır. Amma müxtəlif amillərin təsiri altında vəziyyət dəyişə bilər. Hər halda bu yaxşılığa doğru olmayacaq. “Sənaye və kənd təsərrüfatının inkişafı ilə bağlı vəziyyətə diqqət yetirin. Sənaye istehsalında 22 faiz artım tamamilə uydurmadır. Ora investisiyalar və bank maliyyəsi daxil deyil. Bu rəqəm sadəcə olaraq qızılın təkrar ixracı ilə bağlıdır. Ermənistan faktiki olaraq Rusiya daşları və qızıllarının, xüsusən Dubay və Honq Konqa tədarükü üçün tranzit kanalına çevrilib. Məhz BƏƏ və Çinə keçən ildən etibarən Ermənistandan ixracın həcmində anormal artım müşahidə olunur. Belə görünür ki, Rusiya qızıl və qiymətli daşların ixracına tamamilə qadağa qoyulmasına baxmayaraq, bu, onların Ermənistan vasitəsilə təkrar ixracının logistikasına mane olmur. Məsələ ondadır ki, Ermənistanın ixracı ilə bərabər idxalının böyüməsi də milli iqtisadiyyatın tələbatına əsaslanmır. Avropa, Asiya, Yaxın Şərq və digər region ölkələri ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarından ehtiyat edərək öz mallarını birbaşa deyil, məhz Ermənistan üzərindən çatdırır. Ölkədəki iqtisadi artım da bununla bağlıdır”, -deyə Ermənistanın keçmiş maliyyə naziri vurğulayıb.
V.Aramyan qeyd edib ki, siyasi vəziyyətlə bağlı ixracın strukturu da dəyişə bilər. Daha sonra o deyib ki, faktiki olaraq, ÜDM-də ixracın payı azalır və iqtisadi artım xidmətlər və əsaslı tikinti hesabına dəstəklənir. Üstəlik, bu, gələcəkdə ÜDM yaratmayacaq mənzillərin tikintisidir.
Beləliklə, ekspertin fikrincə, dövlət borcunun hazırkı həcmi xarici şəraitin necə inkişaf etməsindən asılı olacaq: “Rusiyadan çıxarılan pulun əhəmiyyətli hissəsi Ermənistanda məskunlaşıb. Bu vəsaitlər erməni kanalları vasitəsilə Rusiya ilə BƏƏ arasında almaz və qızıl alveri zamanı istifadə olunur. Xarici ölkələrdən də maliyyə axınları var. Əgər bu maliyyə axınları birdən-birə dayanarsa, o zaman iqtisadi tənəzzül baş verəcək. Bu da öz növbəsində milli valyutanın ucuzlaşmasına və borc/ÜDM nisbətinin, məsələn, 10 faiz dəyişməsinə səbəb ola bilər. Hər şey zərbənin dərinliyi və xarakterindən asılıdır”.
Keçmiş nazir maliyyə köçürmələrinin tədricən azaldılması variantını istisna etmir: “İstənilən halda, bizim iqtisadi strukturun altında bir bomba basdırılıb və biz bu bombanı 2022-ci ildən başlayaraq artırdıq. Bu ənənə davam edir. Nə qədər dərinə getsək, bu bomba bir o qədər təhlükəlidir”.
Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan da “ Sputnik Armenia”ya müsahibəsində ölkə iqtisadiyyatınına toxunub. Qeyd edib ki, Ermənistanın dövlət borcu iqtisadi artıma təsir edən müsbət amillərin azalması fonunda artıb. Eyni zamanda, o əlavə edib ki, əgər əvvəllər Ermənistan aşağı faizlə uzunmüddətli kreditlər alırdısa, bu gün bunun əksinədir: indiki hakimiyyət yüksək faizlə qısamüddətli kreditlər alır: “Ermənistan Statistika Komitəsi ilin birinci yarısında ölkənin dövlət borcunun (Mərkəzi Bankın borcu da daxil olmaqla) 12 milyard 157 milyon dollar təşkil etdiyi barədə məlumat yayıb. Onun strukturunda neqativ faktorlar yaranıb. Əgər uzun və ucuz kreditlərimiz var idisə, indi qısamüddətli və bahalı kreditlər var. Bu il təkcə dövlət borcuna xidmət üçün 125 milyard dram (310 milyon dollardan çox) vəsait xərclənib”.
O vurğulayıb ki, əgər vaxtilə kreditlər dəqiq layihələr üçün, məsələn, kənd təsərrüfatının inkişafı, Vedidə su anbarının tikintisi və ya Qeqarkunik-Kotayk sanitar poliqonunun tikintisi üçün götürülürdüsə, indi hakimiyyət büdcəni dəstəkləmək üçün kreditlər götürür. Bu gün Ermənistan hökuməti izlənilməsi çox çətin olan büdcə kreditləri yolu ilə gedir”.
Onun sözlərinə görə, səlahiyyətli orqanlar aldıqları kreditlərin borc/ÜDM nisbəti baxımından idarə olunan səviyyədə olduğunu deyirlər: “Lakin nəzərə almaq lazımdır ki, Ermənistanın ÜDM-in artımı xarici amillərlə bağlıdır. Yəni, məsələn, Rusiyadan qızıl Ermənistana gəlir, o da öz növbəsində onu BƏƏ-yə, Əmirliklər isə Honq Konqa ixrac edir. 2021-ci ildə Ermənistanın BƏƏ ilə ticarət dövriyyəsi 70 milyon dollar olub, 2023-cü ildə isə 2,2 milyard dollara yüksəlib, yəni Ermənistan tranzit ölkədir.
Siyasətçi qeyd edib ki, hakimiyyət diqqəti yayındırmaq üçün Ermənistanda zərgərlik məmulatlarının istehsalının 26,4 dəfə artdığını bildirir. Lakin o, əmindir ki, heç bir ölkədə hasilatın bir ildə on dəfə artması baş vermir. Bu birbaşa Rusiya qiymətli daşları və qızılı ilə bağlıdır. O deyib: “Eyni vəziyyət maliyyə köçürmələrinə də aiddir. Rusiya banklarının SWIFT-lə əlaqəsi kəsildiyi üçün pul Ermənistana başqa sistemlər vasitəsilə köçürülür, daha sonra oradan da başqa ölkələrə istiqamətləndirilir. Cari ildə əvvəlki illə müqayisədə köçürmələr az olub və müsbət saldo – pulun daxilolma və çıxışı arasındakı fərq 50 faiz azalıb. Yəni iqtisadi artıma təsir edən müsbət amillər azalır”.
Ermənistan Maliyyə Nazirliyinin hesabatında göstərilir ki, ölkənin borcu dramı ilə istiqrazlar 49,2 faiz, xarici kreditlər 37,2 faiz, avrobondlar 13,4 faiz təşkil edib.
Pünhan ƏFƏNDİYEV
XQ