Azərbaycanı dünyada tanıdan alim

post-img

Redaksiyamızın qonaqları

Dünyanın ən müxtəlif ölkələrində, hətta Amerika, Almaniya, Yaponiya, Avstriya kimi məşhur ölkələrinin nüfuzlu elm ocaqlarında, təhsil mərkəzlə­rində, aparıcı şirkətlərdə bir sıra azərbaycanlı alimlər, mütəxəssislər çalışır, yaşadıqları ölkələrin elminə və mədəniyyətinə xidmət göstərir, eyni zaman­da, Azərbaycan həqiqətlərini təbliğ edir, ümummilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirirlər. 

Redaksiyada belə azərbaycanlı elm adam­ları və tanınmış simalarla görüşlərin keçiril­məsi ənənəyə çevrilib. Bu ənənənin davamı olaraq növbəti görüş çox maraqlı ömür yolu keçmiş həmyerlimiz, müdafiə sənayesi üzrə tanınmış mütəxəssis – Ankara Bilkənd Uni­versitetinin professoru, universitetin Nano­texnologiya Araşdırma Mərkəzinin baş elmi işçisi, Türkiyə Azərbaycan Dostluq, Əmək­daşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadi­mi, professor Əmirulla Məmmədovla oldu.

Görkəmli elm xadimini salamlayan “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov dünya şöhrətli soydaşımızın zəngin bioqra­fiyası barədə ətraflı məlumat verərək bildirdi ki, Əmirulla Məmmədov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültə­sinin məzunudur. Ali təhsil aldıqdan sonra fizika fakültəsinin "Yarımkeçiricilər fizikası problemi" elmi-tədqiqat laboratoriyasında işləməyə başlayıb. Burada o, xüsusilə məx­fi və dövlət üçün strateji əhəmiyyət daşıyan məlumatları oxumaq hüququna malik yeganə əməkdaş olub.

Xatırladaq ki, elmi fəaliyyəti ilə bağlı Le­ninqrad və Rostov şəhərlərində ezamiyyətdə olarkən amerikalı mütəxəssislərin diqqətini cəlb edib. ABŞ prezidenti C.Ford Moskva­da olarkən rəsmi məktubla SSRİ-nin rəhbəri L.İ.Brejnevdən şəxsən xahiş edib ki, Əmirulla Məmmədovun onun ölkəsinə ezam olunması təmin edilsin və bundan bir neçə il sonra Əmi­rulla Məmmədovun Amerika səfəri reallaşıb. ABŞ-nin Nebraska, Viskonsin, Stənford uni­versitetlərində çalışıb və son dərəcə önəmli elmi araşdırmalar aparmağa nail olub. Yalnız elmə xidməti və siyasi yetkinliyi sayəsində Əmirulla Məmmədovda nə SSRİ DTK-sı, nə də ABŞ MKİ heç bir "qüsur" aşkar edə bilmə­yib.

Azərbaycan SSR-in elm sahəsində Döv­lət mükafatına layiq görülüb, 1989-cu ildə professor elmi adını alıb və 1990-cı ildə İta­liyanın La Sapiyenze Universitetində müha­zirələr oxumağa dəvət olunub. Burada təsa­düfi bir tanışlıq nəticəsində "Türk Dünyası Araşdırmalar Vəqfi"nin rəhbəri, professor Turan Yazqan tərəfindən Türkiyəyə dəvət alıb, Adana şəhərindəki Çukurova Universitetində əmək fəaliyyətini, elmi axtarışlarını davam et­dirib. Hərbi sənaye kompleksində əhəmiyyətli araşdırmaları olan azərbaycanlı alim haqqın­da o zamankı Türkiyə Prezidenti Turqut Özal məlumatlandırılıb Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəlin imzaladığı xüsu­si qərarla "Aselsan"da elmi məsləhətçi kimi əmək fəaliyyətinə başlayıb. 

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Əmirulla Məmmədov Tür­kiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun üzvü və Qəyyumlar Şurasının rəhbəri olaraq Türkiyədəki Azər­baycan diasporu ilə fəal iş aparır. O, xalqımı­zın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıl­ması, müxtəlif ölkələrin ictimai və siyasi da­irələri ilə əlaqələrin yaradılması istiqamətində yorulmadan çalışır. Əmirulla müəllim Tür­kiyədə yaşayan Azərbaycanlı Elm Adamları­nın Dərnəyinin (Azerbaycan Bilim İnsanları Derneği – ABİD) İdarə Heyətinin sədridir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2016-cı ildə "Əməkdar elm xa­dimi" fəxri adına layiq görülüb. 2022-ci ildə isə Azərbaycan diasporunun inkişafı sahəsin­də xidmətlərinə görə Azərbaycan Respubli­kası Prezidentinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunub və bu orden Dünya Azərbaycanlıları V Qurultayının iştirakçısı olan professora Şuşa şəhərində təqdim olunub.

Redaksiyada keçirilən görüşdə Əmirulla müəllim zəngin həyat yolundan danışıb, re­daksiya əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb. Görüşdə onun həyat yoldaşı Elnarə Axundova və Amerikanın Texas Uni­versitetində doktorontura təhsili alan nəvəsi Gülçin İsayeva iştirak ediblər.

XQ

Sosial həyat