Türkiyə terrorçuların 25 hədəfini və çoxlu canlı qüvvəsini məhv edib

post-img

Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqın Qara, Qəndil və Asos bölgələrində PKK-nın 25 hədəfini məhv edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. Xəbəri “Anadolu” yayıb.

Məlumatda bildirilir ki, əməliyyat BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarına uyğun olaraq, İraqın şimalından xalqa və Türkiyə təhlükəsizlik qüvvələrinə təhlükəni aradan qaldırmaq, eləcə də silahlı qüvvələrin təhlükəsizliyini təmin etmək məqsədilə iyulun 26-da cümə günü keçirilib. Əməliyyat nəticəsində separatçı təşkilat yaraqlılarının istifadə etdiyi mağaralar, sığınacaqlar, anbarlar və digər obyektlər dağıdılıb. Eyni zamanda, liderlər də daxil olmaqla çoxlu sayda terrorçu məhv edilib.

Nazirlik əmin edib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizədə qətiyyətlə səy göstərməyə davam edəcək və sonuncu terrorçu məhv edilənə qədər dayanmayacaq. 

Türkiyə Müdafiə Nazirliyi əlavə edib ki, əməliyyat zamanı mülki şəxslərə, tarixi-mədəni dəyərlərə və ətraf mühitə dəyən ziyanın qarşısını almaq üçün bütün tədbirlər görülüb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya