Yaponiyanın “Ağ kitab”ında “qara” təhlükələr

post-img

Yaponiya hökuməti cümə günü ölkənin üzləşdiyi təhdidlərə və onlara qarşı necə mübarizə aparacağına dair “Ağ kitab” adlandırılan illik müdafiə hesabatını dərc edib. Yeni hesabatda Çin, Rusiya və KXDR regional təhlükəsizliyə əsas çağırışlar kimi göstərilib. Sənəd xüsusilə Tokionun Moskvanın Pekin və Pxenyanla artan hərbi əlaqələrindən narahatlığını əks etdirir və həmçinin etiraf olunur ki, sanksiyalara baxmayaraq, Rusiya Ukraynada uzun müddət döyüşmək iqtidarındadır. Tokionun buna cavabı, “Ağ kitaba” görə, ölkənin müdafiə qabiliyyətini artırmağa davam etməli və müttəfiqlərlə, o cümlədən NATO ilə əməkdaşlığı gücləndirməlidir. Rusiya isə Yaponiyanın hazırkı kursunu düşmənçilik adlandırır və bəyan edir ki, bu vəziyyətdə “ikitərəfli siyasi dialoqun və praktiki qarşılıqlı fəaliyyətin bərpası” mümkün deyil.

“Beynəlxalq ictimaiyyət müharibədən sonrakı ən çətin dövrə qədəm qoyub. Mövcud nizam ciddi təhdid ilə üz-üzədir və biz yeni böhran dövrünə qədəm qoy­duğumuzu anlayırıq”, - Yaponiyanın mü­dafiə naziri Minoru Kihara illik hesabatın ön sözündə belə yazıb. Əsasən, “Ağ kita­b”a görə, Yaponiya üçün bu çağırışı onun üç qonşusu - Çin, Rusiya və Şimali Ko­reya yaradır. İyulun 12-də hökumətə təq­dim olunan sənəddə onların əməlləri çox sərt qiymət alıb. Beləliklə, “Ağ kitab”ın müəllifləri Avropa və Asiyada təhlükə­sizliyin bölünməzliyi ilə bağlı Yaponiya isteblişmenti arasında populyarlıq qaza­nan tezisini təkrarlayaraq, Şərqi Asiyada Ukraynada baş verənlərə bənzər “ciddi vəziyyətin” yarana biləcəyinə eyham vu­rurlar. Buna səbəb “Çinin aqressiv dav­ranışı”, xüsusən də Tayvan yaxınlığında “Pekinin adanı işğal etmək strategiyası­nın bir hissəsini nümayiş etdirən” silsilə hərbi təlimlərdir. Sənəddə qeyd olunur ki, “Çin tərəfinin bu cür artan hərbi fəaliyyə­ti ilə bağlı Çin və Tayvan arasında hərbi gərginliyin artması ehtimalı inkar edilə bilməz”.

Yaponiya üçün narahatlıq mənbə­yi Pekin və Moskva arasında daha sıx əlaqələr göstərilir. Tokio özünə qarşı təh­lükələri bu iki ölkənin Yaponiya ətrafında artan birgə hərbi manevrlərində görür. “Ağ kitab”ın məzmununa əsasən, Rusiya təkcə Çinlə birlikdə deyil, həm də ayrılıq­da Tokio üçün “böyük narahatlıq” doğu­rur. Məsələn, “Uzaq Şərqdəki rus ordusu­nun ən son silahlarla təchiz edilməsi” və “Rusiyanın Hind-Sakit okean regionunda hərbi hərəkətləri” yaponları narahat edir. 

Təbii ki, illik icmal Ukraynada davam edən münaqişəni də nəzərdən qaçır­mayıb. Hesabatda vurğulanır ki, Qərbin sanksiyaları Rusiyanın hərbi-sənaye kompleksini sıradan çıxara bilmədi, ona görə də Moskva uzun müddət hərbi əmə­liyyatlar apara bilir. Hesabatda vurğulanır ki, 2023-cü ildə Rusiya tərəfi hərbi səna­yenin istehsal gücünü 4 dəfə artırıb, hər bir silah növünün təmiri və istehsalı sürə­tini artırıb və buna görə də Avropa ölkələ­ri və ABŞ-dən yardımların genişləndiril­məsi Ukrayna üçün daha da vacib olub. Bundan sonra hesabatda qeyd olunur ki, “Rusiyanın təcavüzü ilə razılaşılarsa, bu, güc yolu ilə status-kvonun birtərəfli də­yişməsinin digər regionlarda, o cümlədən Asiyada məqbul olduğu barədə yanlış təsəvvür yarada bilər”.

Yaponiyanı addımları ilə narahat edən digər ölkə Şimali Koreyadır. Tokio əbəs yerə narahatlıq keçirmir. Pxenyan bir neçə dəfə Yapon arxipelaqındakı adaları dənizə batırmaqla hədələyib. Hesabatda yazılır ki, Şimali Koreyanın son bir ildə hərbi güclənməsi raket platformalarının şaxələndirilməsi kəşfiyyat və müşahidə sahəsində təkmilləşdirmələr də daxil ol­maqla təkmil nüvə və raket imkanları ilə əlamətdar olub və indi Şimali Koreyanın hərbi fəaliyyəti Yaponiyanın təhlükəsizli­yinə əvvəlkindən daha ciddi təhlükə yara­dır. Yaponiya Pxenyanla Moskva arasında hərbi əlaqələrin dərinləşməsindən nara­hat olduqlarını da bildirir.

“Ağ kitab”da təhlükələrə qarşı han­sı addımların atılacağı da qeyd olunur. “The Japan Times” qəzetinin məlumatı­na görə, sənəddə ilk dəfə olaraq müdafiə potensialı və xərclərə həsr olunmuş ayrı­ca fəsil yer alıb. Hələ 2022-ci ildə Yapo­niyanın Baş naziri Fumio Kişida müdafiə xərclərini 2027-ci ilədək milli ÜDM-in 2 faizinə qədər artıracağını vəd etmiş, 43,5 trilyon ien (273 milyard dollar) dəyərində beşillik plan hazırlamışdı. Üstəlik, hazırkı sənədə görə, bu məbləğin 42 faizi artıq istifadə olunub. Vəsaitin böyük hissəsi yeni “Aegis” ilə təchiz olunmuş döyüş gəmilərinin tikintisinə, obyektlərin və bazaların gücləndirilməsinə və təkmil­ləşdirilmiş raketlərlə (həm yerli, həm də Amerika “Tomaqavk”ları) “əks-hücum im­kanlarının” artırılmasına yönəldilib. Eyni zamanda, cari maliyyə ilində (2025-ci ilin mart ayına qədər) Tokionun müdafiə xərcləri 8,9 trilyon ien (57 milyard dollar) və ya ÜDM-in 1,6 faizini təşkil edəcək.

Yaponiya hərbi potensialını inkişaf et­dirir və ənənəvi müttəfiqi ABŞ ilə, digər həmfikir ölkələrlə (ilk növbədə, Cənubi Koreya), həmçinin Şimali Atlantika Alyan­sı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirməyi son dərəcə vacib hesab edir. “Ağ kitab”da vurğulanır ki, NATO, qlobal təhlükəsizlik məsələlərində əsas dəyərləri və məsuliyyəti bölüşən Yaponi­yanın tərəfdaşıdır. Maraqlıdır ki, hazırkı “Ağ kitab” Fumio Kişidanın ardıcıl üçün­cü dəfə iştirak etdiyi NATO-nun yubiley sammiti ilə, demək olar ki, eyni vaxtda dərc edilib. Eyni zamanda, Vaşinqtonda keçirilən görüşdən dünya nizamına əsas çağırışlar haqqında çıxarılan nəticələrlə hazırda Tokioda sadalananlar üst-üstə düşür. Belə ki, NATO sammitinin yekun bəyannaməsində Rusiya blokun təhlükə­sizliyinə “ən mühüm və birbaşa təhdid”, Çin isə “Ukraynaya qarşı müharibəyə töhfə verən əsas amil” adlandırılıb.

Rusiya isə Tokionun tutduğu mövqeni tənqid edir. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko qeyd edib ki, Yaponiya NATO ilə əməkdaşlığı artırmaq üçün əməli addımlar atacağı təqdirdə Moskva hərbi-texniki sahədə də daxil olmaqla tədbirlər görəcək. Rusiya tərə­fi bildirir ki, “ikitərəfli siyasi dialoqun və praktiki qarşılıqlı fəaliyyətin bərpasına yol yalnız Yaponiyanın Rusiyaya qarşı düşmənçilik kursuna yenidən baxması ilə açıla bilər”.

S.ELAY
XQ

Dünya