Azərbaycan güləşi Parisə inamla gedir

post-img

Rafiq Hüseynovun hədəfi Olimpiya “bürünc”ünü “qızıl”a çevirməkdir 

Azərbaycanın Paris Olimpiadasına lisenziya qazanmış ən titullu güləşçilərindən biri də Rafiq Hüseynovdur. 2 qat Dünya, 3 qat Avropa çempionu Tokio Olimpiadasında bürünc medal qazanıb. Növbəti hədəf “bürünc”ü “qızıl”a çevirməkdir.

Rafiq Hüseynov məşqlərə erkən yaşlarından atası, SSRİ idman ustası, Əməkdar məşqçi Radik Hüseynovun ya­nında başlayıb. 

Radik Hüseynov Rafiqin idmanda ilk addımlarını belə xatırlayır:

– O zaman Daşkənddə Polis Akade­miyasında təhsil alırdım. Özümüz İrəvan şəhərindənik. 1988-ci ildə İrəvanda mə­lum hadisələrdən, kütləvi mitinqlərdən və vəhşiliklərdən sonra orada yaşamaq mümkün olmadı. Rafiq Daşkənddə do­ğulub. 1 il sonra – 1989-cu ildə Azərbay­cana gəlmişik. Rafiqin uşaqlıqdan güləşə hədsiz həvəsi olub. Onu və qardaşlarını o vaxt çalışdığım Daxili İşlər Nazirliyinin “Di­namo” cəmiyyətinə gətirdim və məşqlərə başladıq. Yeniyetmə və gənc yaşlarında idmanda böyük nailiyyətləri ilə yanaşı, dərslərində də uğurları ilə fərqlənirdi. 

İlk uğurlar özünü çox gözlətməyib. 2004-cü ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa çempionatının bürünc, 1 il sonra Albaniyadakı qitə çempiona­tının gümüş, daha sonra, 2007-ci ildə gənclər arasında Avropa çempionatının gümüş mükafatını qazanıb. Qitə çempi­onatında ilk qızıl medalı isə gənclər ara­sında 2008-ci ildə keçirilən yarışda əldə edib. Həmin il gənclər arasında dünya çempionatında isə 3-cü yeri tutub. Onu da qeyd edək ki, Rafiq Hüseynov özü də müsahibələrində dərslərini yaxşı oxudu­ğunu, texniki fənlərə maraq göstərdiyini və Azərbaycan Dövlət İqtisad Universi­tetinə yüksək balla daxil olduğunu vur­ğulayıb. O, eyni zamanda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akade­miyasında təhsil alıb. 

Şəxsi məşqçisi güləşçinin uğurla­rının əsas səbəbindən danışanda dö­zümlülüyünü xüsusi vurğuladı:

– Rafiq çox ağır zədələr alıb. Düşü­nüblər ki, yəqin idmanı atacaq. Amma oğlum xarakter nümayiş etdirib, cəsarət­li və inamlı addımlarla irəliləyib. Digər problem çəkisi ilə bağlı idi. Tokio Olim­piadasına qədər Avropa çempionu və Astanada Dünya çempionatının 2-cisi olmuşdu. Dünya çempionatı Olimpiada­ya lisenziya verirdi. Amma Rafiqin çıxış etdiyi çəki Olimpiya proqramında yox idi. 77 kiloqram çəki dərəcəsində Elvin Mür­səliyev çıxış edirdi. Həmin yarışda olim­piadaya vəsiqə əldə edə bilməmişdi. 

Daha sonra Olimpiya təsnifat turnirin­də də lisenziya qazana bilmədiyi üçün fe­derasiya rəhbərliyi qərara gəldi ki, Rafiq dünya Olimpiya təsnifat turnirində müba­rizə aparsın. O, həmin yarışda lisenziyanı əldə edib Tokioda iştirakını rəsmiləşdirdi. 

Xatırlayaq ki, Rafiq Hüseynov böyük­lər arasında ilk parlaq nailiyyətini 2011-ci ildə Avropa çempionatında qazanıb. Güləşçi bütün rəqiblərini məğlub edərək Avropa çempionu tituluna yiyələnib. O, qitə çempionatında növbəti qələbə üçün isə 9 il gözləməli olub. 2020-ci ildə 2-ci Avropa çempionluğuna imza atıb. Söz yox ki, onun 2019-cu ildə Nur Sultanda keçirilən dünya çempionatında gümüş mükafatı da yüksək nəticə idi. Ümu­miyyətlə, həmin illərdən başlayaraq ən parlaq qələbələrə nail olub. 2021-ci ildə “Tokio-2020”nin bürünc mükafatını, Os­loda dünya çempionatının qızıl medalını qazanıb. 2022-ci idə 3-cü dəfə qitə çem­pionatının qalibi olan istedadlı pəhləvan 1 il sonra – 2023-cü ildə yenidən dünya çempionatında qızıl medala layiq görü­lüb. 2011-ci ildəki ilk Avropa çempionluğu istisna olmaqla, digər mötəbər yarışların­da qələbələrini 82 kiloqram çəki dərəcə­sində əldə edən idmançımız Parisdə 87 kiloqram çəki dərəcəsində mübarizə apa­racaq. Təbii ki, idmançının 1 çəki yuxarı­da mübarizə aparması da əlavə çətinlik yaradır. 

Radik Hüseynov bu barədə danı­şarkən 87 kiloqram çəkidə çox güclü idmançıların olduğunu bildirdi:

– Rafiklə çətin maneələri keçmişik. İnanıram ki, bu dəfə də mübarizədən qalib çıxacağıq. Hazırda Rusiyanın Vla­diqafqaz şəhərində Güləş Akademiya­sında təlim-məşq toplanışını başa vur­muşuq. Bundan əvvəl isə Göygöl İdman Kompleksində hazırlıq keçiblər. Qubada məşqlərimizi davam etdirəcəyik. Hazırlıq prosesi yaxşı gedir. Köhnə zədələr sağa­lıb. İnanıram ki, Parisdən yüksək nəticə ilə qayıdacağıq. 

Rafiq Hüseynov qəzetimizə müsahi­bələrinin birində Tokioda daha yaxşı çıxış etmək imkanının olduğunu, amma rəqib­lərini yetərincə dəyərləndirə bilmədiyini demişdi. O, Tokio Olimpiadasından çıxar­dığı nəticəni Paris Oyunlarında nəzərə alacağını vurğulamışdı. Artıq vədə ye­tişib. Ümid edirik ki, güləşçimiz Parisdə “bürünc”ü “qızıl”a çevirməyi bacaracaq. 

Leyla QURBANOVA
XQ



İdman