Əbədiyaşar sözün, milli ruhun məbədgahı

post-img

Azərbaycan Yazıçılar Birliyinin 90 ili tamam olur

 

Azərbaycan xalqı şeirə, sənətə böyük qiymət verərək, cəmiyyət və gələcək nəsillər qarşısında dərin mənəvi məsuliyyət hissi ilə yazıb ya­radan qələm sahiblərinə daim ehtiram bəsləmişdir. Onlar çoxəsrlik söz xəzinəmizin zənginləşməsi, mədəni dəyərlərimizin saflığının qo­runması və ictimai fikrin milli özünüdərk zəmnində formalaşması işinə misilsiz töhfələr bəxş etmişlər. Ədəbiyyatımızı milliliklə bəşəri­liyin ahəngdar vəhdətində humanist xarakterli ideya-fəlsəfi axtarış­ları ilə dünya ədəbi irsinin tərkib hissəsinə çevirmiş görkəmli söz us­talarının xatirəsi ölkəmizdə əziz tutulur. Xalqımızın qəlbində azadlıq duyğularının güclənməsi, insanlarımızın ruhuna mübarizə əzminin aşılanması və müstəqilliyimizin mənəvi zəmninin möhkəmlənməsi yo­lunda şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı ilə əlaqədar iştirakçılara təbrik məktubundan)

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində “AYB – 90” yubiley silsiləsindən ədəbi-bədii gecə keçiriləcək. Gecədə Azərbaycanın görkəmli şair və yazıçıla­rı, eyni zamanda müxtəlif ölkələrdən gəlmiş tanınmış qələm adamları iştirak edəcəklər. Yaradıcılıq təşkilatının keçdiyi yola nəzər salınacaq, Vətənin taleyi ilə paralel milli məfkurənin formalaşmasında xidmətləri olan söz azmanları xa­tırlanmaqla, çağdaş ədəbiyyatın uğurlarına nəzər salınacaq və qarşıda duran vəzifələr müəyyənləşdiriləcək.

Ulu öndər Heydər Əliyev 1995-ci ildə Xalq şairi Məmməd Arazın “Azərbaycan – dünyam mənim” adlı yaradıcılıq ge­cəsindəki çıxışında söz sənətini yüksək dəyərləndirmişdir: “İnsanlara şeir, ədə­biyyat, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənə­viyyatına, əxlaqına, tərbiyəsinə, fikirləri­nin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur... Məhz bunların nəticəsində biz də milli psixo­logiya, milli ideologiya formalaşmağa başlayıbdır...” 

Əziz oxucu! Bu səhifədə hər zaman ulu söz sənətinə sadiq qalan, Azərbay­can dilinin saflığını qoruyan və onu zən­ginləşdirən yubilyar yaradıcılıq qurumu haqqında tanınmış qələm sahiblərimizin duyğu və düşüncələrini, AYB-yə arzu və istəklərini sizə təqdim edirik.

Əbədi evimiz

Nəriman HƏSƏNZADƏ, Xaiq şairi, AYB Ağsaqqallar Şurasının sədri:

– İlk dəfə 1953-cü ildə pillələrini bö­yük həyəcan və ümidlə qalxdığım Azər­baycan Yazıçılar Birliyinin artıq 90 yaşı tamam olur. O zaman Kirovabad Döv­lət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültə­sini yenicə bitirmişdim. Zaman necə də sürətlə axır! Ötən onilliklərdə Yazıçılar Birliyi böyük uğurlar qazanıb, tarixi ha­disələrə şahidlik edib, mürəkkəb dövr­lərdə öz mövqeyini qoruyub saxlayıb, eyni zamanda çətinliklərlə üzləşib. Bu başdan qeyd edim ki, Yazıçılar Birliyi­nin mənim həyatımda böyük rolu olub. 1954-cü ildə Səməd Vurğunun yazılı zəmanəti ilə Azərbaycan Yazıçılar Bir­liyinə üzv olmuşam və bununla qürur duyuram.

O vaxtlar bu təşkilat Azərbaycan So­vet Yazıçıları İttifaqı adlanırdı. İlk dəfə Yazıçılar Birliyinə gəlməyim indiki kimi yadımdadır. Mirzə İbrahimov Natəvan klubunda gənclərlə görüş keçirirdi. Mən də o tədbirdə iştirak etdim və şairlərin qarşısında öz şeirlərimi oxudum. Çıxı­şım çox bəyənildi. Bundan sonra Böyü­kağa Qasımzadə “Azərbaycan” jurna­lında mənim bir silsilə şeirimi çap elədi və bununla da yaradıcılığımda yaşıl işıq yandı.

Bunu da qeyd edim ki, Natəvan klu­bunun özü də bir tarixi məkandır. Bura­da ən görkəmli şəxsiyyətlər, Azərbaycan ədəbiyyatında iz qoymuş yazıçılar, şair­lər çıxış ediblər. Sonralar mən Yazıçılar İttifaqının göndərişi ilə Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna göndərildim. “Azərbaycan” jurnalında işə düzəldim, it­tifaqın partiya komitəsinin sədri oldum, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor vəzifəsinə yüksəldim. Mehdi Hüseyn, Mirzə İbrahimov, İmran Qası­mov, İsmayıl Şıxlı kimi söz ustalarının rəhbərliyi vaxtında orada çalışmışam. Onların qayğısını həmişə hiss etmişəm, yaxşılıqlarını görmüşəm. 

Tam səmimi deyirəm, o vaxt sanki in­sanlar bir-birinə kömək etmək üçün ya­şayırdılar. Buna öz həyatımdan nümunə gətirmək istəyirəm: Hələ gəncliyimdə məni çox uzağa – İrkutska əsgər apar­maq istəyirdilər, amma Səməd Vurğun zəng edib Bakıda saxlatdırıb. Mir Cəlal öz evini mənə verib, kitablarının tirajının azaldılması hesabına mənim kitabımı çap etdirib, həyatımın dəyişməsinə sə­bəb olub. Eləcə də Rəsul Rzanın, Nigar Rəfibəylinin qayğısını heç zaman unut­maram. Onlar mənim taleyimdə böyük rol oynayıblar.

İndi də təşkilatda Xalq yazıçısı Anar­la birlikdə çalışıram, Ağsaqqallar Şura­sının sədriyəm. Qeyd edim ki, Anar həm istedadına, həm də şəxsiyyətinə görə nadir insandır. Onunla işləmək, zəngin­ləşmək, məsləhətləşmək çox xoşdur. Təbii ki, Yazıçılar Birliyinə rəhbərlik et­mək çox çətindir. Amma Anar səbrlə, ira­dəylə bu işin öhdəsindən gəlir.

Yazıçılar Birliyinin 90 illik yubileyi münasibətilə birliyin bütün üzvlərini təb­rik edirəm. Bircə kəlmə deyim ki, Yazı­çılar Birliyi müqəddəs, pak yerdir, oranı qorumaq, saxlamaq lazımdır.

Eyni zamanda qarşıdan bünövrəsi çox qədim olan “Qobustan” jurnalının 55 illik yubileyi gəlir. “Qobustan”ın adı da, özü də tarixdir. Anarın təsis etdiyi və bir zamanlar baş redaktoru olduğu, 70-ci illərin ədəbi hadisəsi kimi qarşılanan bu jurnal oxucular arasında həmişə ma­raq doğurub, əl-əl gəzərək oxunub. Mən jurnalın yaradıcılarını, oxucularını təbrik edir, onlara uzun ömür və uğurlar arzu­layıram.

Vətənin söz həmrəyliyi

Sabir RÜSTƏMXANLI, Xalq şairi:

– Bu gün 90 illiyini qeyd etdiyimiz Yazıçılar Birliyi, əslində, mənəvi-ideoloji baxımdan daha böyük tarixi köklərə ma­likdir. Hələ orta əsrlərdə Azərbaycanda ədəbi məclislər mövcud olub, şeir ge­cələri keçirilib.

XIX əsrin sonu, XX əsrin əvvəllərin­də Azərbaycanda milli və mədəni inti­bahın, maarifləndirici hərəkatın önündə də məhz yazıçılarımız gedirdi. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cə­lil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı və digər qələm adamlarımızın ciddi mübarizələri­nin nəticəsində dövrün neft şəhəri Bakı, eyni zamanda milli ruhlu ziyalılar nəsli­nin yetişdiyi ictimai-siyasi fikir mərkə­zinə çevrildi. Unudulmaz yazıçı Seyid Hüseynin öz dostları ilə birgə yaratdığı “Yaşıl qələm”, sonra isə “Qırmızı qələm”, demək olar ki, gələcəkdə yaranacaq Azərbaycan Yazıçılar Birliyinin ilk bü­növrəsi sayıla bilər.

Arxada qalan çətin və əzablı 90 ildə şərəfli bir yol keçmiş bir qurumun fəaliyyətində heç zaman dəyişməyən məqam bu illər ərzində xalqın mənəvi dünyasının zənginləşməsində, onun bə­dii-estetik zövqünün formalaşmasında, vətənpərvərlik tərbiyəsində, Azərbaycan ədəbiyyatının dünya miqyasında tanın­masında və təbliğ edilməsində misilsiz rol oynayıb. Azərbaycan ədəbiyyatının son 90 ildəki ən yaxşı nümunələri də məhz Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarında dərc edilib, bu ədə­bi orqanlar milli mənliyimizin və dilimizin keşiyində dayanıb, yeni ədəbi janrlar məhz həmin ədəbi orqanlarda oxucula­ra təqdim edilib. Zaman keçdikcə sistem tərəfindən rütbə almış ədəbi generallar unudulub, vulqar sosioloji doğmalar sis­temlə birlikdə yox olub, ancaq o dövrdə yaradılmış sənət nümunələri bu gün də, yəni Sovet İttifaqı dağılandan sonra da müstəqil ölkəmizdə yaşayır, gələcəkdə də yaşayacaq. Yazıçılar Birliyinin ədəbi orqanlarında, Yazıçılar Birliyinin rəhbər­liyi altında hətta ən qorxunc terror illərin­də belə Vətəni, konkret olaraq, Azərbay­canı, doğma torpağı, Azərbaycan dilini vəsf eləyən xeyli əsər çap olunub.

Bəli, Yazıçılar Birliyini sovet sistemi yaradıb, ancaq bu birlik heç vaxt sistem üçün doğma olmayıb və sistemi daima səksəkədə saxlayıb. 90-cı illərdə Yazıçı­lar İttifaqının başının üstündə qara bu­ludlar dolaşırdı. Həmin illərdə “Yazıçılar İttifaqı qalsınmı, qalmasınmı?” kimi bir fikir formalaşdırıldı. Bu müqəddəs oca­ğın odunu söndürmək, külə çevirmək istəyənlər az deyildi. Hətta ədəbi orqan­ların nəşrinə də son qoymaq istəyirdilər. Nəticəsi nə olacaqdı, Allah bilir. Amma Yazıçılar Birliyi yaşadı, yenə öz tarixi missiyasını davam etdirdi və burada Xalq yazıçısı Anarın fədakarlığı ayrıca qeyd olunmalıdır. Başqa ölkələrdəki eyni qurumlardan fərqli olaraq, Yazıçılar Birli­yi öz funksiyasını qoruyub saxlaya bildi.

Azərbaycan Yazıçılar Birliyi içində ədəbiyyat yanğısı olanların bir işıq ət­rafında birləşməsinə xidmət edir. Hazır­da Yazıçılar Birliyi respublikada ən fəal müstəqil ictimai təşkilatlardan biridir. Dövlət tərəfindən birliyin orqanı kimi nəşr edilən qəzet və jurnallara maliyyə yardımı göstərilir. İstər respublikada, istərsə də onun hüdudlarından kənar­da Yazıçılar Birliyinin həyata keçirdiyi səmərəli işlər, bir sıra təşkilati tədbirlər Azərbaycan ədəbiyyatının inkişafında ciddi rol oynayır.

Mən də 21 yaşından, yəni tələbəlik illərindən Azərbaycan Yazıçılar İttifaqı­nın həftəlik orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində (indiki “Ədəbiyyat qəzeti”) işə başlamışam və o vaxtdan başlayaraq Yazıçılar Birliyinə öz ailəm, doğma ocağım kimi baxmışam.

Xalq yazıçısı Anar başda olmaqla doğma ocağım olan Azərbaycan Yazı­çılar Birliyini yubiley münasibətilə təb­rik edir, onun hər bir üzvünə yaradıcılıq uğurları arzulayıram.

Sənət və məfkurə məktəbi 

Rəşad MƏCİD, Azərbaycan Yazıçı­lar Birliyinin sədr müavini:

– Ədəbiyyatımızın ən yaxşı nü­munələrini yaradan böyük sənətkarlar həm də Yazıçılar Birliyinin üzvləri olublar. Azərbaycan poeziyasının əsas dayaqla­rından olan Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Azərbaycan nəsrinin görkəmli nümayəndələri Süleyman Rə­himov, Əli Vəliyev, Ənvər Məmmədxanlı və bu kimi başqa yazarların əsərlərində həm dilimizin saflığı, həm də tariximiz, milli adət-ənənələrimizlə bağlı bir çox məqamlar oxuculara, gələcəyə çatdırılıb.

Mən özüm hələ gənc yaşlarımdan ədəbiyyatı sevmişəm, oxuduğum bədii əsərlərlə formalaşmışam. 1979-cu ildə artıq Bakıya gəlmişdim, fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyurdum. Hər­dən şeirlər yazırdım və tez-tez Yazıçılar Birliyinin yanına gəlirdim. Binaya uzaq­dan, müqəddəs məbəd kimi baxırdım. İndiki kimi yadımdadır, orada çalışan insanları – Mirzə İbrahimov, İmran Qa­sımov, İsaq İbrahimov kimi məşhur yazı­çıları uzaqdan seyr edirdim. Necə ki, rus yazıçısı Vasili Şukşin deyirdi, kənddən şəhərə gələndə sənət adamları mənim gözümdə ilahi bir varlıqdı, bir gün gö­zümü açdım ki, mən də bu adamların arasındayam. 2004-cü ildən, Yazıçılar Birliyində işləyəndən sonra mən artıq bu adamlarla birlikdə oldum və onların yüksək keyfiyyətlərini gördüm. Mənim gözümdə ilahi varlıq obrazını həmişə yaşadan bizim böyük yazıçımız Anar olub. Anar həm keçmişə, həm ədəbi dəyərlərə hörmət baxımından, həm də bu gün ədəbiyyatla yaşaması, istedadla­ra verdiyi dəyər, dostlara sədaqət və eti­bar baxımından mənim rastlaşdığım ən kamil insanlardan biridir. Bu illər ərzində ondan çox şey öyrənmişəm.

Bu gün çox böyük hörmətlə bir vaxt­lar Yazıçılar Birliyində bir yerdə işlədiyim Fikrət Qocanı, Arif Əmrahoğlunu, Qabili, Gülhüseyn Hüseynoğlunu, iş otaqları­mız yanaşı olan Fikrət Sadığı xatırlayı­ram. Onların yazılarını tez-tez “525-ci qəzet”də verirdik. Bu insanlar yazdıqları gözəl bədii əsərlərlə yanaşı, həm də öz unikallığını, orijinallığını qoruyub saxla­yan insanlar idi.

Qürur duyuram ki, Yazıçılar Birliyin­də əyləşdiyim iş otağımda vaxtilə tarixi “Azərbaycan” jurnalı yerləşirdi. Böyük yazıçı, şair, tənqidçilər: Əli Vəliyev, Əli Kərim, İsa Hüseynov, sonralar Yusif Səmədoğlu, İlyas Əfəndiyev, Nəbi Xəz­ri, Fikrət Qoca kimi söz ustadaları bu otaqda əyləşiblər. Bu qədim bina bütün ruhuyla Azərbaycanın böyük bir ədəbi tarixini özündə yaşadır. Bizim Natəvan klubunda uzun illərdən bəri tədbirlər keçirilir, orada böyük sənətkarlar çıxış edib. İlk dəfə Yazıçılar Birliyinə, Natəvan klubuna gələnlərə bu məkanın, bu birli­yin müqəddəs bir yer olduğunu xatırlat­mağı həmişə özümə borc bilirəm.

Bu il Azərbaycan Yazıçılar Birliyi 90 illik yubileyini qeyd edir və 90 illikdə artıq bizim yeni, daha gənc nəsil rəhbərlik­də təmsil olunur. Qeyd edim ki, bu gün Çingiz Abdullayev, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu ilə bir­likdə işləməkdən çox məmnunam. Bu istedadlı yazarların hərəsi bir formada Azərbaycan ədəbiyyatına, onun tanıdıl­masına xidmət edir.

Estafet gənclərdədir 

PƏRVİN, “Qobustan” dərgisinin baş redaktoru:

– Az qala bir əsrlik tarixi olan Azər­baycan Yazıçılar Birliyi nəsil-nəsil oxucu­ların, gənclərin yetişməsində müstəsna xidmətə malikdir. Bütün fərqli zamanlar­da gənc qələm sahiblərinin üzünə açılan qapılar ədəbiyyatımızın daim yenilən­məsinə, yeni cərəyan və təmayüllərin yaranmasına səbəb olub. 

Azərbaycan Yazıçılar Birliyi nəzdin­də fəaliyyət göstərən Gənclər Şurası və Gənc Ədiblər Məktəbinin gənc istedadla­rın aşkara çıxarılmasında rolu böyükdür. 2009-cu ildən qatıldığım Gənc Ədiblər Məktəbi tədbirlərində, ustad dərslərində bu gün ədəbi mühitdə söz sahibi olan bir çox yeni istedadların yetişməsinin şahidi oluruq. Bu mənada Birliyin mətbu orqan­larının – dərgilərinin və Rəşad Məcidin redaktorluğu ilə çıxan “525-ci qəzet”in rolu danılmazdır. Çağdaş zamanda elə həmin gənclər Yazıçılar Birliyinin İdarə Heyətində, Gənclər Şurasında, redak­siya heyətləri və dərgilərində təmsil olu­nur, mətbu orqanlarında əsərləri ardıcıl çap edilir. Bu gün 55 yaşlı “Qobustan” dərgisinin baş redaktoru kimi həm jurna­lın, həm də birliyin tarixinə nəzər salan­da bütün bu inkişafın Vətənin taleyi ilə yanaşı getdiyini anlayıram.

Azərbaycanın yaşadığı olaylar ya­randığı gündən indiyə kimi birliyin də, dərginin də fəaliyyətində öz əksini tapıb. Bu mənada yeni nəsillərin bu tarixdən öyrənə biləcəyi mətləblər çoxdur. Ona görə də bu gün ustad Anarın sədrliyi ilə fəaliyyət göstərən nüfuzlu birlik hər za­man var olmalı, gələcək nəsillərin inki­şafında xidmətlərini davam etdirməlidir.

Səhifəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ









Mədəniyyət