Modinin Rusiyaya səfəri ABŞ-ni niyə narahat edir?

post-img

Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri bir daha ABŞ-ın dünyada nüfuzunun sürətlə azaldığını göstərir. Bu barədə hindistanlı ekspert S. L. Kantan Çinin “Global times” nəşrində yayılmış məqaləsində bildirib. Ekspert vurğulayıb ki, Vaşinqton uzun illərdən bəri, “Parçala və hökm sür” strategiyasından istifadə edir. ABŞ daha güclü və zəngin olduğu dövrlərdə bu yanaşma nəticə də verib: “Lakin bu güc sürətlə əvvəlki üstünlüyünü itirir. Bunu son vaxtlar baş verən bir sıra geosiyasi hadisələr, o cümlədən Modinin son 5 ildə ilk dəfə Rusiyaya səfəri sübut edir”.

S, Kantan əlavə edib ki, Ukraynada münaqişənin kəskinləşməsindən sonra Vaşinqton Moskva ilə Yeni Dehli arasında münasibətlərin pisləşməsinə ümid edirdi. Amma Hindistan Ukraynaya qarşı neytral mövqe tutdu və Modi hətta İsveçrədəki "sülh sammiti”ndə iştirakdan imtina etdi. Beləliklə, Ağ evin ümidləri doğrulmadı. Əksinə, Rusiya ilə Hindistan arasında ti­carət və diplomatik əlaqələr gücləndi. 

Hazırda Moskva və Hindistanı, əsasən, ikitərəfli iqtisadi əlaqələr ma­raqlandırır. Bu iki ölkə arasında ticarət dövriyyəsinin həcmi hər il artır. Məsələn, 2024-cü ilin birinci rübündə bu göstərici rekord həddə–17,5 milyard dollara çatıb. 2023-cü ildə isə ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 1,8 dəfə artaraq 65 mil­yard dollar təşkil edib. Maraqlıdır ki, Rusi­ya və Hindistan qarşılıqlı ticarətdə dollar və avrodan əsaslı şəkildə uzaqlaşır. ABŞ dollarının Amerika imperiyasının gücünün çox hissəsini təşkil etdiyini nəzərə alsaq bu itki Vaşinqtonu ciddi narahat edir. Qar­şılıqlı ticarətdə güclü disbalans isə Rusi­yanın xeyrinədir. İndiki ikitərəfli görüşdə də əsas diqqət ticarət kəsirinin aradan qaldırılmasına yönəldilib. 

Xatırladaq ki, Rusiyanın Hindistana əsas ixracatı ənənəvi silah satışı olub. Yeni Dehli müxtəlif müasir sursat və si­lahların, o cümlədən 5-ci nəsil qırıcıların alınmasında, onun birgə və ya lisenziyalı istehsalında maraqlıdır. ABŞ və Aİ-dən fərqli olaraq, Moskva bu sahədə Hindis­tana kömək edə bilər.

Hindistanın baş naziri Modi Putinlə uzunmüddətli neft sazişini də müzakirə edib. Bu barədə “Economic Times” qəzeti yazıb: “Modinin başçılıq etdiyi Hindistan nümayəndə heyəti Moskvaya səfəri za­manı Rusiyadan Hindistana neft tədarü­kü ilə bağlı uzunmüddətli sazişi müzakirə edib. Nəşrin məlumatına görə, tərəflər Rusiyadan Hindistana güzəştli qiymətlər­lə neftin müntəzəm və sabit tədarükünü təmin edəcək sazişin bağlanmasının zə­ruriliyini bildiriblər. Göründüyü kimi, Hin­distan hətta Vaşinqtonun təzyiqi altında da Rusiyadan neft almaqdan imtina et­məyəcək.

Tərəflər arasında müzakirə obyektlə­rindən biri də Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Layihə hələ 1999-cu ildə Rusiya, İran və Hindistan tərəfindən hazırlanıb. Həmin il bu üç dövlətin nəqliy­yat şirkətləri Rusiya – Xəzər dənizi – İran – Hindistan – Şri-Lanka beynəlxalq nəq­liyyat dəhlizi ilə konteynerlərin ixrac-idxal daşınmasına dair baş saziş imzalayıb­lar. Rusiya onu 2002-ci ildə ratifikasiya edib. Layihənin əsas məqsədi Rusiya ilə Hindistan arasında yüklərin daşınma müddətini azaltmaq, eləcə də Misirin Süveyş kanalına daha qısa və daha ra­hat olan alternativ marşrutu hazırlamaq olub. Şimal–Cənub nəqliyyat dəhlizinin digər marşrutlardan (xüsusən də Süveyş kanalı vasitəsilə dəniz yolu üzərindən) əsas üstünlükləri daşıma məsafəsinin ya­rıya qədər və ya daha çox azaldılması və konteynerlərin daşınması zamanı maya dəyərinin aşağı salınmasıdır.

Marşrut Sankt-Peterburqdan Hindis­tanın Mumbay limanına (Bombey) qədər­dir və dəmir yolu, dəniz və çay nəqliyya­tının fəaliyyətini təmin edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yüklərin da­şınması üçün bir neçə marşrutdan istifa­dəni nəzərdə tutur. Transxəzər - Rusiya­nın Həştərxan, Olya, Mahaçqala limanları vasitəsilə; Şərq– İran dəmir yolu şəbəkə­sinə çıxışla Qazaxıstan, Özbəkistan və Türkmənistan vasitəsilə birbaşa dəmir yolu əlaqəsi; Eləcə də Qərb–Həştərxan – Mahaçqala – Samur, sonra Azərbaycan vasitəsilə Astara stansiyasına qədər. 

Sonuncu marşrutun işləməsi üçün İranda Rəşt–Astara dəmir yolu hissə­si tamamlanmalıdır. Bu dəmir yolunun (162 kilometr) 2027-ci ilin sonu, 2028-ci ilin əvvəlində istifadəyə verilməsi nəzər­də tutulub. Dəmir yolunun bu hissəsi ta­mamlandıqdan sonra Rusiyadan İranın cənub limanlarına gedən dəmir yolu dəh­lizi formalaşacaq ki, bu da Rusiya yüklə­rinin Fars körfəzinə birbaşa çıxışını təmin edəcək. Onun işə salınması nəticəsində, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəh­lizinin qərb dəhlizi (Azərbaycandan keç­məklə) boyunca tranzitin həcmi 30 milyon tona qədər artırıla bilər. 

2030-cu ilə qədər ümumi yük daşı­maları bugünkü 15 milyon tondan 41–45 milyon tona qədər artırılması nəzərdə tutulub. Aydındır ki, qazanan tərəflərdən biri də Azərbaycan olacaq. 2005-ci il­dən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhədinə qədər dəmir yolu infrastruktu­runun yenilənməsi təmin edilib. Bunlar ölkəmizin nəqliyyat infrastrukturunun in­kişaf etdiyini göstərir. İnfrastrukturun in­kişaf etməsi, Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizlərinə inteqrasiyası isə Azərbaycan üzərindən daşınan yüklərin həcminə təsir göstərir. Beynəlxalq yükda­şımalardan əldə etdiyi valyutanın həcmini artırır. Beləliklə, coğrafi mövqeyi və nəq­liyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verir. 

Bu layihə təkcə Azərbaycan, Rusiya, Hindistan və İranın deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ti­carət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhə­miyyətli rol oynayacaq. Böyük iqtisadi səmərə gətirməklə yanaşı, regionun daxi­li sabitliyini təmin edəcək.

S.L. Kantan məqaləsinin sonunda qeyd edib: “Amerika imperiyası artıq ak­tuallığını itirib. ABŞ-ın seçimi var: ya bu yeni və dinc çoxqütblü dünyaya qoşulun, ya da qəzəbli və təcrid olunmuş hegemo­na çevrilin”.

P.ƏFƏNDİYEV
XQ

 

Dünya