Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin Almatıda keçirilən iclası zamanı bloka daxil olan ölkələr üçün təhlükə olduğunu açıqlayıb. Onun fikrincə, bu, NATO-nun genişlənməsindədir.
“Hava məkanında təxribatların sayı artır, çoxsaylı hərbi təlimlər keçirilir, o cümlədən KTMT ölkələrinin ərazisinə müdaxilə praktikası var”, - Sergey Şoyqu bildirib. O, təşkilat üzvlərinin hərbi-texniki əməkdaşlığın artırılmasının vacib olduğunu vurğulayıb.
"Avrasiya regionunu geosiyasi qarşıdurma meydanına çevirmək üçün aşkar cəhd var", - Rusiya Təhlükəsizlik Şurasının katibi deyib. “Bu məqsədə nail olmaq üçün müstəqil dövlətlərin daxili işlərinə birbaşa müdaxilə, siyasi təzyiq, şantaj, hədə-qorxu, qeyri-qanuni sanksiyalar və digər üsullar da daxil olmaqla ən geniş vasitə arsenalından istifadə edilir”.
Sergey Şoyqu vurğulayıb ki, Qərb dövlətləri yenidən Əfqanıstanda möhkəmlənməyə can atırlar və bu ölkədə mövcud hakimiyyətin təsiri olmadan bunun qarşısını almaq mümkün deyil. “Biz yeni yaraqlıların təlim düşərgələrinin yaranması və terrorçuların Suriya və İraqdan Əfqanıstana davam edən köçürülməsini qeydə alırıq. Terrorun ölkə hüdudlarından kənara yayılma ehtimalı artır”, - deyə cənab Şoyqu bildirib.
Sergey Şoyqu Qazaxıstana iyunun 5-də gəlib. Almatıda Şoyqunun KTMT Təhlükəsizlik Şurası katiblərinin görüşü və bir sıra ikitərəfli danışıqları planlaşdırılıb. Bu, Sergey Şoyqunun yeni vəzifəsində ilk beynəlxalq səfəridir. O, iki gün Qazaxıstanda olacaq. KTMT-yə altı dövlət daxildir: Rusiya, Belarus, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Ermənistan. Sonuncu bəyan edib ki, təşkilatı maliyyələşdirməyə davam etmək niyyətində deyil.
E.ELAY
XQ
Bir gün əvvəl Britaniyanın “The Telegraph” qəzeti yazmışdı ki, NATO ölkələri Avropa ilə Rusiya arasında “böyük quru müharibəsi” baş verəcəyi təqdirdə ABŞ qoşunlarının və zirehli texnikasının cəbhə xəttinə köçürülməsi üçün çoxsaylı “yer dəhlizləri” hazırlayır. Güman edilir ki, Amerika əsgərləri beş limandan birinə enəcək və əvvəlcədən planlaşdırılmış logistik marşrutlar üzrə göndəriləcək.