Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, 13-cü kilometr ünvanında yerləşən “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Məlumatı FHN mətbuat xidməti yayıb.
Məlumata görə, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub, obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb, anbar tikililərindən birindən həm anbar, həm də istehsal sahəsi kimi istifadə olunub, anbar sahəsində tezalışan materiallardan ibarət otaq quraşdırılıb və c.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının kobud pozulması faktları aşkar edilmiş “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
P.ƏMİRCANOV
XQ