Suyun altındakı canlıların bir-biri ilə ünsiyyət qurduğunu düşünmüsünüzmü? Okeanın dərinliklərində böyük bir sükut olduğunu təsəvvür edirsinizmi?
ABŞ-ın Kornel Universitetinin alimlərinin dediyinə görə, əslində, okeanlar sirli səslərlə - balıqların başqalarına siqnal göndərmək və özlərini qorumaq, rəqiblərini və ya yoldaşını xəbərdar etmək üçün istifadə etdiyi səslərlə doludur.
Almaniya alimləri uzunluğu cəmi 12 millimetr olan “Danionella cerebrum” adlı kiçik şəffaf balıqların 140 desibel səs çıxardığını aşkar ediblər. Səsin məqsədi hələlik məlum deyil. Lakin tədqiqatçılar yalnız erkək balıqların bu səsi çıxardığının şahidi olublar. Elm adamları səsin akvariumda iyerarxiya yaratmaq məqsədi daşıdığını təxmin edirlər.
Qeyd edək ki, balıqlar həm çoxalma, həm də qidalanma zamanı bir-biri ilə “danışırlar”. Florida Universitetinin ekoloqu Audrey Loobi bu səslərin dəniz altında havadan 5 dəfə daha sürətli yayıldığını deyir. “FishSounds” (“Balıq səsləri”) adlı internet kitabxanasında balıqların çıxardığı 1200-dən çox səs toplanıb.
S.FİDAN
XQ