ABŞ-ın dövlət borcu sürətlə artır

post-img

Belə getsə, bu “qayçı” ölkənin gəlirlərini “doğrayacaq”

Vaşinqton 20 ildən artıqdır ki, davam edən büdcə kəsirini ödəmək üçün borc pul alır. Bu da dövlət borcunun ildən-ilə və daha sürətlə artmasına gətirib çıxarır. Son vaxtlar Birləşmiş Ştatların tanınmış iqtisadçıları, maliyyə ekspertləri, politoloqları və iqtisadi mövzuda şərhlər yazan jurnalistləri ölkənin dövlət borcunun sürətlə artmasından ciddi narahatlıqlarını bildirirlər. Məsələn, “Fox News” qəzeti bu günlərdə dərc etdyi məqalədə bildirir ki, ABŞ-ın dövlət borcu kəskin sıçrayışlarla artır və bu, ölkənin iqtisadi gələcəyinin qaranlığa düşdüyündən xəbər verir. Nəşrin qeyd etdiyinə görə, dövlət xərclərinə diqqətin artmasına baxmayaraq, dövlət borcunun artım sürətini aşağı salmaq perspektivi yoxdur.

Xəzinədarlıq Departamentinin nü­mayəndələri bildiriblər ki, martın 20-də günorta saatlarına kimi Amerikanın kre­ditorlara borcu 34 trilyon dollara yüksəlib. Bu, bir gün əvvəl açıqlanan rəqəmdən təxminən 21,1 milyard azdır. Müqayisə üçün qeyd edək ki, cəmi 40 il əvvəl ABŞ-ın dövlət borcu 907 milyard dollar səviy­yəsində olub.

Xatırlayırsınızsa, 2021-ci ildə ABŞ hökuməti borc tavanını (hökumətin top­laya biləcəyi borcun ümumi məbləğinin qanunvericiliklə təsdiq edilmiş limiti) 31,4 trilyon dollar səviyyəsində müəyyən etdi. Amma bir il keçər-keçməz ölkənin borcu bu həddə çatdı. Belə olanda ABŞ-ın Ma­liyyə Nazirliyi limitin qaldırılmadığı təqdir­də defolt təhlükəsi ilə bağlı xəbərdarlıq etdi. Prezident Cozef Bayden və demok­ratlar heç bir şərt irəli sürmədən Konq­resi borc tavanını qaldırmağa çağırdılar. Respublikaçılar isə öz növbəsində limitin artırılması müqabilində büdcə xərclərinin azaldılmasında israr etdilər. Nəticədə kompromis əldə olundu və yayda Bayden qanun imzaladı, ona görə də dövlət bor­cunun tavanı 2025-ci ilin yanvarına qədər ləğv edildi. Elə hər şey də bundan sonra başladı. 

Bu gün iqtisadçılar Konqres və Ağ evin xərcləri ilə bağlı həyəcan təbili çala­raq gələcəyə dair çox bədbin proqnozlar verirlər. Büdcə idarəsinin son məlumatla­rı göstərir ki, əhalinin qocalması və sə­hiyyə xərcləri fonunda növbəti onillikdə dövlət borcu heyrətamiz dərəcədə arta­raq 54 trilyon dollara yüksələcək. Bu və­ziyyət faiz dərəcələrinin artması ilə daha da ağırlaşır.

Mütəxəssislər bildirirlər ki, əgər bu borc maddiləşərsə, Amerikanın dünya­dakı iqtisadi mövqeyi risk altına düşə­cək. “Vəziyyət nəzarətdən çıxır və artıq Konqresin oyanma vaxtıdır”, – deyə eks­pertlər xəbərdarlıq edirlər.

Federal kəsirin azaldılmasının tərəf­darı olan “Peter Peterson Fondu”nun baş direktoru Maykl Peterson bəyan edib ki, “Amerikanın büdcə perspektivləri hə­mişəkindən daha təhlükəli və qorxunc­dur. Bizim iqtisadiyyatımız və gələcək nəsillərin həyatı risk altındadır. Bu, bizim hər birimizin istədiyi gələcək və bizim ölkəmiz kimi böyük bir dövləti idarə et­mək yolu deyil”.

ABŞ-ın dövlət borcunun bu sürətlə artması gözlənilmədən “Fitch Ratings” agentliyinin hələ 2023-cü ilin ortalarında ölkənin uzunmüddətli kredit reytinqini aşağı salmağa vadar etmişdi. Agentlik ABŞ-ı AA+ səviyyəsinə endirərək ən yüksək AAA pilləsindən məhrum etmişdi. “Fitch” ölkənin getdikcə pisləşən maliyyə vəziyyəti və hökumətin kəskin siyasi fikir ayrılıqları fonunda artan borc yükünün öhdəsindən gələ biləcəyindən narahatlı­ğını ifadə edirdi.

Bu narahatlığa əsas göz qabağın­da idi və elə ona görə də Mərkəzi Flo­rida Universitetinin iqtisadçısı Şon Sneyt açıqlamasında bildirmişdi: "Bu, Amerika hökumətinə maliyyə vəziyyətini düzəlt­məli olduğu barədə xəbərdarlıq atəşidir. Siz hər il trilyonlarla dollar daha çox gəliri xərcləyib hər şeyin yaxşı olacağına ümid edə bilməzsiniz”. 

Maliyyəçilər qeyd edirlər ki, dövlət borcunun artması prezident Co Baydenin və demokrat qanunvericilərin xərcləri ar­tırmağa uyandan sonra baş verib. Büdcə defisitinin azaldılması təklifləri ilə çıxış edən Federal Büdcə Məsələlərində Mə­suliyyətli Yanaşma Komitəsinin (CRFB) məlumatına əsasən, 2022-ci ilin sentyabr ayına olan vəziyyətə görə, Bayden artıq 4,8 trilyon dollar, o cümlədən, “Ameri­kanın xilası planı” adı altında COVID-lə mübarizə tədbirləri üçün 1,85 trilyon dol­lar və hər iki partiyanın təsdiq etdiyi infrastruktur qanun layihəsi üçün 370 milyon dollar borc almağı təsdiqləyib.

Bu, keçmiş prezident Donald Tram­pın hakimiyyətdə olarkən kəsirə əlavə etdiyi 7,5 trilyon dolların təxminən yarı­sına bərabər olsa da, o vaxt eks-prezi­dentin təsdiqlədiyi 2,5 trilyon dollardan daha çoxdur. Ekspertlər açıq bildirirlər ki, Bayden öz administrasiyasının xərclə­rinə haqq qazandırmaq üçün hər cür səy göstərir və hətta kəsiri azaltmaqla öyü­nür. Məsələn, Ağ evin sahibi öyünərək deyir: “Yeri gəlmişkən, qeyd edə bilərəm ki, ilk iki ildə mən dövlət borcunu 1,7 tril­yon dollar azaltdım. Heç bir prezident bunu etməyib”.

Lakin bu rəqəm 2020-2022-ci ma­liyyə illəri arasında dövlət borc kəsirinin azalmasına aiddir. Həmin dövrdə borc, həqiqətən, azaldı, lakin bu, əsasən, COVID-19 pandemiyası zamanı tətbiq edilən fövqəladə tədbirlərin müddətinin başa çatması ilə əlaqədar idi. Demokrat­lar hakimiyyəti, həmçinin borcun yüksək artımında respublikaçıları günahlandır­mağa çalışırdı. Məsələn, Ağ evin mət­buat katibinin köməkçisi Maykl Kikukava borcun 34 trilyon dolları ötməsindən son­ra deyib: “Bu, daha çox respublikaçıların böyük korporasiyalara və varlılara hədiy­yələrindən yaranıb”.

Daha həyəcanlı fakt ondan ibarətdir ki, son bir il yarım ərzində faiz dərəcələ­rinin artması səbəbindən dövlət borcuna xidmət bahalaşıb. Təbii ki, onun artma­sına uyğun olaraq federal hökumətin borclara olan xərcləri də artıb. “CRFB”in proqnozlarından aydın olur ki, növbəti 30 il ərzində dövlət borcları üzrə faiz ödəniş­ləri federal büdcənin ən sürətlə böyüyən hissəsinə çevriləcək. 

Belə ki, 2022-ci maliyyə ilində 475 milyard dollar olan ödənişlərin 2032-ci ildə təxminən üç dəfə artaraq 1,4 trilyon dollara çatacağı gözlənilir. Amma bu da son olmaya bilər. Çünki proqnozlar göstərir ki, artıq 2053-cü ilə qədər faiz ödənişləri 5,4 trilyon dollara qədər ar­tacaq. Müqayisələrdən görünür ki, bu, ABŞ-ın Sosial Təminat, “Medicare”, “Me­dicaid” və bütün digər məcburi və könüllü proqramlara xərclədiyindən daha çoxdur.

“CRFB” prezidenti Maya MakQineas deyir: “Biz açıq şəkildə dayanıqlı olma­yan maliyyə yolundayıq. İndi daha çox işlər görməliyik”.

Dövlət borcu siyasətçilər və büdcə “qırğıları” arasında narahatlıq mənbəyinə çevrilsə də, ölkəni borcların sürətli artmı narahat edirmi? Ekspertlər deyirlər ki, borc nə qədər çox olarsa, ABŞ bir o qə­dər çox illik faiz ödəyir. Bu xərclər təhsil, tədqiqat və infrastrukturun inkişafı kimi sahələrdə iqtisadi artıma təkan verən mühüm dövlət investisiyalarını kölgədə qoya bilər. Elə burdan çıxış edərək Pe­ter Peterson Fondu deyir ki, “borcu olan bir ölkə gələcəyə daha az sərmayə qoya biləcək”.

“Pew Research Center” agentliyinin hələ 2023-cü il üçün apardığı sorğu nə­ticəsində məlum olub ki, amerikalıların 57 faizi büdcə kəsirinin azaldılmasının prezident və Konqres üçün prioritetlər siyahısında birinci yeri tutacağına inanır. Amma hələ ki, belə bir tendensiya mü­şahidə edilmir. Əksinə, ekspertlər daha bədbin proqnozlar verirlər. Analitiklər hesab edirlər ki, ABŞ federal hökuməti­nin maliyyə siyasəti ciddi iqtisadi, sosial və təhlükəsizlik çətinlikləri yarada bilər. ABŞ-ın dövlət borcunun iqtisadiyyatdan daha sürətlə artacağı və 2028-ci ilə qə­dər ÜDM-in 106 faizi ilə rekord həddə ça­tacağı proqnozlaşdırılır. Amma bu da son deyil. Məsələn, Konqresin audit orqanı­nın ekspertlərinin ABŞ-ın Baş Mühasibat İdarəsinin saytında dərc olunmuş hesa­batında bildirilir ki, ABŞ-ın dövlət borcu 2050-ci ilə qədər ÜDM-ə nisbətən 200 faizə qədər arta bilər. 

ABŞ-ın ümumi dövlət borcu ilk dəfə 29 dekabr 2023-cü ildə 34 trilyon dolla­rı ötüb. 28 dekabrdan bəri ödənilməmiş ümumi dövlət borcu 33,911 trilyon dol­lardan 34,001 trilyon dollara yüksəlib. “Reuters” qeyd edib ki, sentyabrdan bəri borcun artması vergi gəlirlərinin azalması və federal xərclərin artması fonunda baş verib. Ekspertlər hesab edirlər ki, döv­lət borcunun artmasına təsir edən əsas amillərdən biri ABŞ-ın federal büdcəsin­dəki böyük kəsirdir. 

“Fox Business” xəbər verir ki, “JP­Morgan”ın baş icraçı direktoru Ceymi Daymon İkipartiyalı Siyasət Mərkəzin­də keçirilən müzakirə zamanı bildirib ki, ölkənin milli borcu rekord həddə - 34 tril­yon dollara çatdıqdan sonra böyüməyə davam edir və Birləşmiş Ştatlar sürətlə uçurumun kənarına yaxınlaşır.

O əlavə edib ki, indi dövlət borcunun ÜDM-ə nisbəti 100 faizi ötür və proq­nozlara görə 2035-ci ilə qədər 130 faizə çatacaq. Daymon borcun qrafikdəki ar­tımını “xokkey çubuğuna” bənzədərək, 1982-ci ildə ölkənin borcunun ÜDM-in 35 faizi, inflyasiyanın 12 faiz, baza dərəcəsi­nin təxminən 21,5 faiz və işsizlik nisbəti­nin təxminən 10 faiz olduğunu bildirib və əlavə edib ki, “bu, uçurumdur, biz uçurum görürük. Təxminən on ildən sonra biz ora saatda 60 mil sürətlə çatacağıq”.

“CNBC” telekanalı isə xəbər verir ki, ABŞ-ın borc yükü son aylarda sürətlə ar­taraq, demək olar ki, hər 100 gündə təx­minən 1 trilyon dollar artır. “Bank of Ame­rica”nın eksperti Maykl Hartnett hesab edir ki, ABŞ dövlət borcunun 34 trilyon dollardan 35 trilyon dollara keçməsində 100 günlük model dəyişməz qalacaq. Onun fikrincə, bunun fonunda qızıl və “Bitcoin” kimi aktivlər özlərinin maksimu­muna yaxınlaşırlar.

Amerikalı milyarder İlon Mask da döv­lət borcunun artmasına kəskin münasibət bildirib. Dünyanın ən varlı adamı vurğu­layıb ki, ABŞ-ın federal büdcəsi gələcək­də borcun faizlərini ödəməkdən başqa bir şey ödəməyə kifayət etməyəcək. O, “Şibetoshi Nakamoto” ictimai platforma­sının məlumatına rişxəndlə münasibətini belə ifadə edib ki, dövlət borcu ilə bağlı problemlərə baxmayaraq, ABŞ hökuməti hələ də Maskı əsas problem hesab edir. “Mənim günahım aydındır, amma lənətə gəlmiş bu məsələ ilə bağlı bir şey etmə­liyik, əks halda, bütün federal büdcə faiz ödənişlərindən ibarət olacaq və başqa heç nəyə yetməyəcək!” 

İlqar RÜSTƏMOV
XQ

Dünya