Pakistanlı ekspert: Ermənistanın indiki diplomatik addımları Qafqaz regionu üçün növbəti təhlükə törədir

post-img

“Ermənistan baş naziri Nikol Paşinyan bu il fevralın 22-də ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurduğuna dair açıqlama verib. Fevralın 23-də Fransanın müdafiə naziri Sebastyan Lekornun Ermənistana səfər etməsi və həmkarı Suren Papikyanla müdafiə və silahlanmaya dair geniş razılaşma imzalaması yalnız qeyri-adi təsadüf ola bilər”.

AZƏRTAC xəbər verir ki, bu barədə Praqada fəaliyyət göstərən Karlov Universitetinin Semiotika və Kommunikasiya Fəlsəfəsi Departamentinin fəlsəfə doktoru Şazia Anver Çeemanın Pakistanın DND xəbər agentliyinin saytında dərc olunmuş “Ermənistanın geosiyasi dəyişikliyi: yeni müttəfiqlərin axtarışı” başlıqlı məqaləsində qeyd olunub. Müəllif bununla yanaşı ötən ay Nikol Paşinyanın NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşü və tərəflərin regionda əməkdaşlıq barədə razılığa gəlməsinə də diqqət çəkib.

Pakistanlı ekspert xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çoxdankı üzvüdür və bu ölkənin ikinci ən böyük şəhəri olan Gümrüdə Rusiyaya məxsus hərbi baza yerləşir. “Azərbaycan Qarabağ üzərində yenidən nəzarət əldə etdikdən sonra Ermənistan 44 günlük müharibədə uduzduğuna görə, KTMT və xüsusilə Rusiyanı günahlandırır. Buna baxmayaraq rəsmi Kreml əslində Ermənistanı xilas edib və Bakı ilə atəşkəs sazişinin (2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat nəzərdə tutulur – red.) əldə olunmasında əhəmiyyətli rol oynayıb”, - deyə məqalədə bildirilir.

Müəllif əlavə edir ki, Qərb beyin mərkəzlərinin narrativlərinə əsasən, Azərbaycanla müharibəni uduzduqdan sonra Ermənistan öz strateji tərəfdaşlarını yenidən nəzərdən keçirmək istəyir, eyni zamanda, Qərb Rusiya sərhədlərinə yaxınlaşmaq niyyətindədir: “Beləliklə, baş verən son proseslər hər iki tərəfi qane edir. Ermənistan mediası isə bu ölkənin ordusunun gücləndirilməsinin və ərazi bütövlüyünü müdafiə etmək üçün hərbi cəhətdən hazırlıqlı olmasının vacibliyini təbliğ edir”.

Şazia Anver Çeemanın fikrincə, Ermənistanın indiki diplomatik addımları Qafqaz regionu üçün növbəti təhlükə törədir. O əlavə edir ki, indiyədək Azərbaycan və Türkiyə bölgədə balanslaşdırılmış siyasət yürüdür və regionda sülhü qoruyub saxlamağa çalışır. Bildirilir ki, bufer zonalarını Qərbdən uzaqda saxlamaq kimi vahid gündəliyə malik Rusiya isə Ermənistanın Aİ və ABŞ-la yaxınlaşmasına kəskin reaksiya verə bilər.

“Ermənistanın Qərblə isti münasibətləri İranı da məyus edir. Belə ki, Qərbin müharibə avadanlıqlarının Ermənistanda yerləşdirilməsi İranın təhlükəsizlik infrastrukturuna təhdid təşkil edə bilər. Digər tərəfdən, Ermənistanın ABŞ və Fransa ilə müdafiə sahəsində əldə etdiyi razılaşmalar regional münaqişələrə zəmin yaradır”, - deyə məqalədə bildirilir.

Pakistanlı alimin sözlərinə görə, Qafqaz regionunda hər zaman Ermənistanı müdafiə edən İran rəsmi İrəvanın addımları nəticəsində vəziyyətin dəyişəcəyini nəzərə almalı olacaq. “İndi Ermənistan regionda qarışıqlıq yaratmaq istəyən Qərb və Hindistanın əlində alətə çevrilir. Bu, Pakistan üçün də bənzər təhlükə yaradır. Qərbin uyğun hesab etdiyi istənilən vaxt Ermənistan İrana qarşı proksi dövlətə çevrilə bilər”, - deyə məqalədə əlavə olunub.



Dünya