İcma: “The Washington Post” qəzetində dərc olunan Qarabağla bağlı təxribat xarakterli yazını qətiyyətlə pisləyirik

post-img

“The Washington Post” qəzetində Qarabağla bağlı dərc olunmuş həqiqətləri təhrif edən, təxribat xarakterli yazını qətiyyətlə pisləyirik.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bildirilib ki, yazının müəllifi David İqnatiusun davamlı olaraq erməni havadarlarının sifarişi əsasında Azərbaycan əleyhinə qərəzli məqalələr ilə çıxış etməsi artıq heç kəsi təəccübləndirmir. 30 il ərzində Ermənistan tərəfindən Qarabağda azərbaycanlı əhaliyə qarşı vəhşiliklərin törədilməsi, maddi-mədəniyyət abidələrinin dağıdılması və yerli əhalinin öz yurd-yuvalarından qovulması faktlarına göz yuman, eləcə də Ermənistandan zorla qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququ barədə bir kəlmə də yazmayan D.İqnatiusun yalnız Qarabağ ermənilərinin “geri qayıtmaq” hüququndan dəm vurması onun peşəkar jurnalistikadan nə qədər uzaq olduğunu, eyni zamanda ikiüzlü və riyakar mövqeyini göstərir. “Tarixi ədalətsizlik və beynəlxalq hüquq”dan şikayətlənən “jurnalist”ə bir daha xatırlatmaq istərdik ki, münaqişənin yaratdığı və beynəlxalq hüquq sisteminin məhəl qoymadığı ədalətsizliyə, ərazilərinin işğalına məhz Azərbaycan tərəfi məruz qalıb və məhz azərbaycanlılar həm Qarabağ, həm də Ermənistan ərazisindəki öz doğma yurd-yuvalarından zorla qovulublar.

Qərbi azərbaycanlıların öz doğma torpaqlarına dinc yolla geri qayıdış hüququ heç bir vəchlə inkar edilə bilməz və bu məsələ özünü “peşəkar və tərəfsiz” kimi qiymətləndirən beynəlxalq medianın da diqqətini cəlb etməlidir.

Siyasət