Təşkilat İrəvanın qaldırdığı suallara cavab verməsə, Ermənistan KTMT-dən çıxacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Məlumatı “İnterfaks.ru” verib.
“Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Biz yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət sahəsi haradır? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb. Əgər KTMT Ermənistanda KTMT-nin məsuliyyət zonası haradır sualına cavab versə və bu cavab Ermənistanın baxışına uyğun gəlsə, o zaman hesab edəcəyik ki, aramızda məsələ həll olunub. Əks halda, Ermənistan KTMT-dən çıxacaq. Nə vaxt? Mən deyə bilmərəm”, - Paşinyan mətbuat konfransında bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, ölkəsi Ermənistandan İrəvan hava limanında rus sərhədçilərinin işini dayandırması barədə bildiriş alıb.
P.ƏMİRCANOV
XQ