Rusiya FTX Sərhəd Xidmətinin nümayəndələri 2024-cü il avqustun 1-dən Yerevanın “Zvartnots” hava limanını tərk edəcəklər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Məlumatı “İnterfaks.ru” verib.
“Biz Rusiya tərəfini məlumatlandırdıq ki, belə bir qərar qəbul etmişik (Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması). Məktubda son tarix 2024-cü il avqustun 1-nə kimi göstərilir”, - Paşinyan çərşənbə axşamı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, məktub Ermənistan Sərhəd Xidmətinin rəis əvəzi tərəfindən Rusiya Sərhəd Qoşunlarının Ermənistandakı komandanlığına göndərilib: “Bu, siyasi və ya geosiyasi proses deyil, adi iş prosesidir. Məktubda Rusiya tərəfinə minnətdarlıq var və ilk növbədə, bu, təşəkkür məktubudur. Biz avqustun 1-dən hava limanında müstəqil şəkildə xidmət göstərəcəyimizi bildirdik”, - Paşinyan bildirib.
Rusiya FTX-nin Sərhəd İdarəsinin nümayəndələri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları ilə birlikdə 1992-ci ildə bağlanmış müqavilə əsasında ölkənin Türkiyə və İranla sərhədlərini də qoruyur.
P.ƏMİRCANOV
XQ