Bunun alternativi sonsuz və üzücü müharibədir
(əvvəli https://www.xalqqazeti.az/az/dunya/169859-rusiyaukrayna-savasi-sulhe-yol-tapilacaqmi)
Rəsmi Kiyevin niyə NATO-da müdafiə axtardığını başa düşmək çətin deyil. Onlar NATO üzvlüyünə, Rusiyanın istənilən təcavüzünə qarşı, bir növ sehrli qalxan və toxunulmazlığı təmin edən göz muncuğu kimi baxırlar. Baltikyanı ölkələr də eyni məntiqlə NATO-ya üzv olublar. Düşünürlər ki, geniş təhlükəsizlik zəmanətləri onları Rusiyanın təhdidlərindən qoruyacaq.
Doğrudur, NATO-ya üzvlük çox təhlükələrdən qoruyur, ancaq o bütün xəstəliklərın dərmanı deyil. “Foreign Policy” nəşrinin icmalçısı yazır: “Son zamanlar Rusiyanın yaxın bir neçə ildə NATO-ya meydan oxuya biləcəyi ilə bağlı həyəcanlı xəbərdarlıqlar getdikcə daha çox eşidilir. Əgər siz, həqiqətən, hesab edirsinizsə ki, Putin Ukrayna kampaniyasına son qoyacaq, əldən düşmüş qoşunlarını gücləndirmək üçün qısa fasilə verəcək, sonra isə yeni gücləndirilmiş qüvvələrlə Finlandiya, Estoniya və ya başqa bir NATO ölkəsinə hücum edəcək, demək, siz özünüz də bu sehrli qalxanın gücünə inanmırsınız”.
“IL Fatto Quotidiano” nəşrinin yazdıqlarına diqqət edin: “Ukrayna ordusu param-parça edilib. Onun pulu, silahı, sursatı, əsgəri, hava hücumundan müdafiə sistemi yoxdur. İtaliyanın müdafiə naziri Qvido Korsetto indi nə etməlidir? Axı o da planetin ən zəif ordusunun köməyi ilə dünyanın ən güclü ordusunu məğlub etmək məqsədi daşıyan gülünc strategiya nəticəsində yaranmış fəlakətli vəziyyətə görə məsuliyyət daşıyır”.
İtaliya nəşri rəngləri bir qədər də tündləşdirərək yazır ki, Krosetto hərbi qarşıdurmanı qızışdırmağa davam etməklə, Rusiya artilleriyasının atəşi altına düşmək riski ilə üzləşən italyan əsgərlərini təhlükə qarşısında qoyur. “2022-ci ildə Ukraynanın bu münaqişədə uduzacağı proqnozlaşdırılırdı, 2024-cü ildə isə Rusiyanın Odessanı alacağını güman etməyə əsas var. Corcia Meloni (Baş nazir–red.) hökuməti münaqişəni dondurmağa çalışmalıdır, çünki zaman Moskvanın tərəfindədir. Əgər ruslar Odessaya gəlsələr, əksər italyanlar Avropa İttifaqını lənətləyəcək, çünki o, Ukraynanın Rusiyanı Avropa ordularından ayıran bufer dövlətə çevrilməsinə razılaşmadı”.
Əslində, Qərb Ukraynanı Rusiya ilə alyans arasında güclü müdafiə səddi kimi görürdü. Elə bu ölkəni silahlandırmaq və müharibəyə hazırlamaqda da əsas məramlardan biri Ukrayndan müdafiə qalxanı kimi istifadə etmək idi. Ona görə də hələ müharibə başlamamışdan Ukraynanı sürətlə silahlandırılmağa başlamışdılar. ABŞ, Almaniya, İngiltərə kimi ölkələrdə Ukrayna hərbiçilərinin hazırlığı geniş miqyas almışdı. Müharibə başlayandan sonra isə hərbi yardımlar inanılmaz miqyasda artdı və hətta Ukraynaya ən müasir silahlar verilməyə başlanıldı.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayandan bəri Aİ institutlarından Kiyevə 77 milyard avrodan çox maliyyə yardımı göstərilib, o cümlədən Almaniya 17 milyard avro, Böyük Britaniya - 9 milyard, Danimarka - 8,4 milyard, Hollandiya - 4,4 milyard avro vəsait yönəldib. Bu il fevralın 1-də isə Aİ liderləri Brüssel sammitində Kiyevə 2027-ci ilin sonuna qədər 50 milyard avro dəyərində hərbi dəstək paketini təsdiqləyiblər. Artıq Aİ təcili olaraq bu ilin sonuna qədər bu yardımın 21 milyardını Kiyevə çatdırmaq haqqında qərar verib.
ABŞ-a gəlincə, eks-prezident Donald Trampın sözlərinə görə, Birləşmiş Ştatlar son iki ildə Kiyevə 200 milyard dollardan çox vəsait ayırıb. Bununla belə Konqres Kiyevə 61 milyard dollar məbləğində əlavə maliyyə yardımını indiyədək əngəlləyir. Üst-üstə təkcə Ukraynaya 300 milyard avro məbləğində silah-sursata verilib. Nəticədə Ukrayna və onu bu oda atan Qərb istədiyinə nail olubmu? Əlbəttə, yox.
Bu il fevralın 26-da Parisdə keçirilən NATO və Aİ ölkələri nümayəndələrinin görüşündə alyansın baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələrinin “silah və sursat ehtiyatları ilə bağlı açıq problemləri var, çünki Avropanın silah anbarları demək olar ki, tamamilə boşdur”. Təsadüfi deyil ki, Almaniya Müdafiə Nazirliyinin Ukrayna məsələləri üzrə xüsusi qərargahının rəhbəri, general Kristian Freydinq Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Berlinin bütün dünyada Kiyev üçün silah-sursat axtardığını açıqlayıb. Yeri gəlmişkən, Qərb xəbər agentlikləri Almaniyanın Ukrayna üçün mərmilərin alınması ilə bağlı Hindistanla gizli danışıqlar apardığını da gizlətmir.
Cəbhədəki vəziyyətin, ilk növbədə, Ukrayna, sonra isə Qərb üçün yaxşı bir perspektiv vəd etmədiyi aydın olandan sonra Münxendə aparıcı Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri gizli toplantı keçiriblər. NATO hərbi ekspertləri orada bəyan ediblər ki, silah və sursat təchizatı olmadan Kiyev Rusiyaya müqavimət göstərə bilməyəcək, çünki Ukraynanın ehtiyatları bu ilin iyun ayına kimi tükənəcək.
Gözləmək olardı ki, Qərb münaqişənin onun xeyrinə bitməyəcəyini başa düşəndən sonra sülh danışıqlarına başlamaq haqqında müzakirələr aparmağa cəhdlər edəcək. Amma yox, müharibə “davam etməlidir”. Məsələn, Fransa prezidenti Makronun Ukraynaya hərbi kontingent göndərmək təklifi NATO-da və Avropada süngü ilə qarşılandıqdan sonra belə, o, iddiasından əl çəkmir. Məlum bəyanatdan bir həftə sonra Makron Yelisey sarayında Çexiyanın baş naziri Petr Fiala ilə görüşündə bəyan edib ki, “Avropa məğlubiyyət hissinə qapılmamalı, Ukraynaya kömək üçün yeni yanaşmalar axtarmalıdır”.
Fransa prezidenti vurğulayıb ki, Avropa ölkələri öz güclərini və qətiyyətlərini nümayiş etdirməlidirlər. Bu isə yenə müharibəyə davam çağırışıdır. Ukrayna isə müharibənin davam etdiyi hər gün itirə-itirə daha da geri gedir və böyük itkilər verir. Belə davam edərsə, onun gələcəyi çox böyük sual altına düşür. Amma təkcə onunmu? Əlbəttə, yox.
Alman politoloqu Aleksandr Rarın fikrincə, Qərb liderləri Parisdə ciddi dilemma ilə üzləşiblər: ya Kiyevi getdikcə daha çox silahla təmin etməyə davam edir, bu isə döyüş meydanında vəziyyəti dəyişmir, ya da Ukraynaya öz silahlı qüvvələrini göndərirlər. Bunu fevralın 26-da Slovakiyanın baş naziri Robert Fitso da respublika hökumətinin və Təhlükəsizlik Şurasının iclasından sonra açıq bildirib: “Mənim üçün Paris görüşü Qərbin Ukraynadakı strategiyasının iflasa uğradığının təsdiqidir, bu gün danışdıqlarımıza konstruktiv şəkildə hazır olmaq istəyirəm, lakin bu söhbətləri eşidəndə tüklərim ürpəşir”.
Buradan tam aydın olur ki, Yelisey sarayında alyans və Aİ-yə üzv ölkələrin hərbçilərinin Ukraynaya göndərilməsi variantının hazırlanması haqqında danışıqlar bitməyib. Fitso çıxışında vurğulayıb ki, “əgər yaxın gələcəkdə NATO və Aİ ölkələri tərəfindən belə bir qərar qəbul edilərsə, bu, birincisi, bundan sonra Rusiyaya heç bir güzəştə getməyə imkan verməyəcək, ikincisi, münaqişənin daha da böyüməsinə gətirib çıxaracaq”. Baş nazir onu da əlavə edib ki, bəzi Aİ və NATO ölkələri ordularının Ukraynaya hansı məqsədlə gedəcəyinin bütün təfərrüatlarını açıqlaya bilməz, lakin bunun bütün Avropanın təhlükəsizliyinə təhdidlər yaradacağına şübhə yoxdur.
Makron isə bildirib ki, “biz rəsmi şəkildə quru qoşunlarının göndərilməsi ilə bağlı konsensusa gəlməmişik, lakin vəziyyət inkişaf etdikcə heç nəyi istisna edə bilmərik. Biz Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq, yəni bu məqsədə çatmaq üçün mümkün olan hər şeyi edəcəyik”.
Bu açıqlamadan belə nəticəyə gəlmək olur ki, Qərb ölkələri həqiqətən böyük müharibəyə hazırlaşırlar və bunu hələ ki, açıq bəyan etmirlər. Böyük müharibə nə ola bilər, bunu təsəvvür etmək o qədər də çətin deyil: Üçüncü Dünya müharibəsi. Əslində, hazırda NATO-ya üzv ölkələr, xüsusilə ABŞ, Almaniya və Polşanın hərbçilərinin Kiyevin tərəfində döyüşmələri haqqında kifayət qədər sənəd-sübut var. NATO və Aİ-na üzv ölkələrin silahlı qüvvələrinin Ukraynaya göndərilməsi ilə bağlı rəsmi qərar isə o demək olacaq ki, kollektiv Qərb de-yure Ukraynadakı münaqişənin tərəfinə çevriləcək. O zaman alyans ölkələrinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsi ümumavropa və beynəlxalq təhlükəsizlik risklərini ön plana çıxaracaq və əslində Üçüncü Dünya müharibəsinin başlanması üçün presedent yaradacaq. Belə olan halda təkcə Ukrayna ərazisində deyil, harada olur-olsun xarici silahlı qüvvələr, onların yerləşdiyi ərazilər, hərbi anbarlar, nəqliyyat dəhlizləri, logistika mərkəzləri və hərbi bazalar Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcək.
Araşdırmalardan məlum olur ki, Makron təhlükəli ideyanın yeganə müəllifi deyil. ABŞ rəsmiləri də bir çox hallarda müharibənin uzanmasında maraqlı olduqlarını inkar etmirlər. Vaşinqtonun Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzininin (“CSİS”) analitikləri bəyan edirlər ki, ABŞ Ukrayna ilə müharibəni və Moskvanın Pekinlə əməkdaşlığını nəzərə almaqla Rusiyanı cilovlamaq üçün yeni strategiya işləyib hazırlamalıdır. “CSİS” hesab edir ki, Ukraynanın müdafiəsi Avropa təhlükəsizliyinin təmin edilməsində əsas komponentdir. Analitiklərin fikrincə, “Ukraynada Moskvanın dayandırılması təmas xəttinin Rusiya sərhədinə mümkün qədər yaxın qalması ilə ifadə edilməlidir. Bu, RF-də ekspansionist əhval-ruhiyyəni azaldacaq və iki nüvə dövləti arasında birbaşa münaqişənin qarşısını alacaq. Avropa Rusiyanı cilovlamaq üçün hərbi gücünü artırmalıdır”. Yəni müharibəni dayandırmaqdan, sülh danışıqlarına başlamaqdan deyil, yenə Ukraynanı faciələrə sürükləyən müharibəni davam etdirməkdən söhbət gedir.
Amma analitiklər bununla da kifayətlənməyib, Rusiyanın qonşularına, xüsusilə NATO-ya daxil olmayan ölkələrə – Gürcüstana, Ermənistana və Moldovaya da diqqət yetirməyi təklif edilər. Ekspertlər deyirlər ki, Vaşinqton bu dövlətlərin Rusiyanın “boz zona”sının təhlükələrinə, yəni kiberhücumlardan tutmuş seçkilərə müdaxiləyə qədər, dayanıqlılığını gücləndirməyə kömək etməlidir. Onlarla kəşfiyyat məlumatlarını paylaşmalı və kritik infrastruktura sərmayə qoymalıdır. Bu proseslər artıq Rusiyanın 102-ci ordusunun yerləşdiyi Ermənistanda tam sürətilə getməkdədir. Ermənistanın hazırkı siyasi elitası bütün imkanları ilə Qərbin bu planını gerçəkləşdirməyə başlayıb və Fransa tərəfindən sürətlə silahlandırılır. Lakin Rusiya bu proseslərə sakit qalacaqmı? Çətin. Moskva yaxşı başa düşür ki, Qərb onu daha bir cinahdan müharibəyə çəkməyə çalışır və buna göz yummaq fikrində deyil. Artıq Ermənistan rəhbərliyinə ən müxtəlif səviyyələrdə xəbərdarlıqlar səslənməkdədir.
Dağıdıcı müharibə çoxlu sayda əsgər və mülki vətəndaşın canını alır, hərbi və maliyyə resurslarını məhv edir. 2023-cü ilin avqustunda ABŞ rəsmiləri 2022-ci ilin fevralından bəri Ukrayna münaqişəsində təxminən 500 min Ukrayna və Rusiya hərbçisinin öldürüldüyünü və ya yaralandığını təxmin edirdilər. İndi bu rəqəm yəqin ki, 700 mini keçmiş olar. Amma faciə təkcə bunda deyil. Bu müharibə həm də, əvvəldə qeyd etdiyimiz kimi, heç kimə fayda vermədən beynəlxalq təhlükəsizliyi zərbə altına qoyur.
Əlbəttə, tərəflərin bu gün danışıqlar stolu arxasında oturması asan deyil. Lakin bunun alternativi, tərəflərin etiraf etdikləri kimi, heç kimin istəmədiyi sonsuz və üzücü münaqişədir. Unutmaq olmaz ki, döyüşlərdə kimin üstün olmasından asılı olmayaraq, hər iki tərəf uduzur. Elə bunu diqqətə alaraq düşünürəm, sülhə yolu, ilk növbədə, məhz münaqişə tərəfləri tapmalıdır.
İlqar RÜSTƏMOV
XQ