Çağdaş dünyada şərti olaraq “Kollektiv Qərb” ilə “Kollektiv Cənub” adlanan dövlətlər qrupi arasında siyasi, hərbi, texnoloji sahələrində açıq və gizli mübarizə güclənib. “Qərb” bürqütblü nizamı, “Cənub” isə çoxqütblü dünya nizamı qurmaq niyyətindədir.
ABŞ başda olmaqla NATO-ya üzv ölkələr “Qərb”i, BRİKS (Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika Respublikası) və onları dəstəkləyən ölkələr “Cənub”u təmsil edir. Çin hələlik özünü ayrıca siyasi materik kimi təsəvvür edir. Planetin əksər dövlətləri mövcud dünya nizamından narazıdır və yeni qaydaların bərqərar olunmasını arzu edir.
Hazırda TŞ-də təmsil olunan 5 dövlət – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa dünyanın siyasi-iqtisadi quruluşunu ya dəyişmək istəmir, ya da əvvəlki imtiyazlarını əllərində saxlamaq istəyir. Hələlik siyasi “kozır” – veto hüququ onların əlindədir.
Lakin siyasətdə əbədi qanunlar olmur. Zaman çox şeyi dəyişir və yeni qaydalar peyda olur. Artıq qlobal iqtisadi-siyasi sistemin idarəetmə mexanizmindən narazı qalan dövlətlərin sıraları sıxlaşır. TŞ-nin 5 daimi üzvü gec-tez bu reallıqlarla hesablaşmalı olacaq.
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Atamoğlan Məmmədli hesab edir ki, yeni dünya nizamı ilə bağlı yaranan fikir ayrılığı, ilk növbədə, ümumbəşəri dəyərlərə və əxlaqi normalara ədalətsiz, qeyri-bərabər və laqeyd münasibətlərdən qaynaqlanır. Hələ XII əsrdə dahi şair, mütəfəkkir Nizami Gəncəvi deyirdi ki, zülmlə dünyanı abad etmək olmaz!
Son 15 ildə TŞ üzvü olan “5-lər”in təkəbbürlü və üstün mövqe idarəçiliyi onların rəhbərliyində təmsil olunduğu beynəlxalq təşkilatların nüfuzunu əhəmiyyətli dərəcədə aşağı salıb və qlobal iqtisadi-siyasi sistemə inamı sarsıdıb.
Qlobal mediann kəskin istehza iki qara “qu quşu” adlandırdığı, COVID-19 pandemiyası və Rusiya–Ukrayna müharibəsi, üstəlik, aylardır davam edən Qəzza münaqişəsi Yer kürəsində milyardlarla insanı “5-lər”in utancverici eqoizmi qarşısında qəbuledilməz şərtlərə dözməyə vadar edir. Təbii ki, kor-koranə itaətin bir gün sonu çatacaq.
İstər ərzaq təminatı və enerji təchizatı təhlükəsizliyi sahəsində, istərsə də pandemiya ilə mübarizədə buraxılan kobud səhvlər qlobal idarəçiliyin səmərəliliyini şübhə altına alıb. Görünən budur ki, imperialist maraqlar bəşəri dəyərləri ayaqlar altına atmağı özünə rəva bilir.
Sülh, təhlükəsizlik, inkişaf, firavanlıq, insan haqları, ətraf mühit, sağlamlıq, miqrasiya və terrorizm, bütün bu və digər aktual məsələlər qlobal idarəetmə sisteminin struktur və normativ problemləri səbəbindən sanki unudulub. Planetimizin bir çox yerində ya kəskin silahlı qarşıdurmalar baş verir, ya da yeni münaqişə ocaqlarının körüklənməsi prosesi gedir.
“Soyuq müharibə” dövrünün “uğuru” kimi təqdim edilən BMT və onun qurumları artıq köhnəlmiş bir sistemdir və bu ən böyük təşkilatda struktur islahatlarının aparılması kəskin zərurətə çevrilib. Bunu həmin “5-lər”dən başqa, bütün dünya deyir, lakin yolun üstündəki daşı qaldırıb kənara atmaq hələlik mümkün olmur.
Türkiyə Prezideni Rəcəb Tayyib Ərdoğanın 2013-cü ildə BMT Baş Assambleyasında ilk dəfə səsləndirdiyi və qlobal siyasətdə haqqın və ədalətin müjdəsi kimi qəbul edilən “Dünya beşdən böyükdür” çağırışı qlobal idarəetmə sistemində əhəmiyyətini itirmiş, nimdaş qayda və prinsipləri rədd edir. Onları tarixin arxivinə göndərməyin vaxtı çoxdan çatıb.
Rəsmi Ankara dəfələrlə vurğulayıb ki, nə qədər ki, Yer kürəsində olan ölkələr dünyanın iqtisadi-siyasi sistemində qərar qəbuletmə mexanizmində layiq olduqları haqlı mövqeyə çatmayıb, bir o qədər qlobal sistemə inamsızlıq aradan qalxmayacaq. Bəşəriyyət, həqiqətən, ədalətli qanunlarla idarə olunmağa möhtacdır.
Prezident R.T.Ərdoğan "Daha adil bir dünya mümkün" adlı kitabında qeyd edib ki, üzv ölkələr üçün daha ədalətli və hesabatlı nümayəndəlik strukturunun yaradılması bu gün hava-su kimi vacibdir. “Əzilənlərin”, “haqqı əllərindən alınanlar”ın “hürr və gur səsi” sayılan R.T.Ərdoğan və onun komandası ədalətli dünya naminə gərgin diplomatik səylər ortaya qoyur.
Maraqlıdır ki, “soyuq müharibə” dövrünün qlobal idarəetmə sisteminə qarşı artan narazılıq hazırda qlobal siyasi trendə çevrilib. Bu, müsbət tendensiyadır, çünki böyük böhranları yalnız birgə səylər vasitəsilə həll etmək mümkündür.
Bu yerdə bütün zamanların böyük ixtiraçısı Tomas Edisonun sözləri yada düşür: “Narazılıq tərəqqinin birinci zərurətidir”. Bəli, dünya birliyi yeni siyasi konstruksiya tapıb qurmalıdır. Bunu Ukraynada, Qəzzada və digər münaqişə ocaqlarında qətlə yetirilən çox sayda dinc, günahsız insanların ağır taleyi tələb edir.
Şahbaz ŞAMIOĞLU,
Bakı Slavyan Universitetinin professoru
–Dünyanın yeni düzənə ehtiyacı var və planetimizdə baş verən siyasi və hərbi kataklizmlər də məhz xaos və özbaşına, əsassız və yersiz hegemonluq iddialarından qaynaqlanır. Nəticədə on minlərlə insan müharibələrin və onların doğurduğu ağır fəsadların qurbanına çevrilir.
Ən qəribə və acınacaqlısı budur ki, dünən dünyada siyasi oyun qaydalarını yazanlar, bu gün onları nümayişkaranə surətdə pozurlar. Bu zaman onlara “gözün üstə qaşın var” deyən tapılmır, yaxud da səslənən haqlı etirazlara məhəl qoyulmur.
Etiraf etmək lazımdır ki, dünya heç vaxt ədalətli olmayıb. Həmişə gücə və zora tabe olub. İkinci Dünya müharibəsindən sonra planetimizdə sivil və demokratik dəyərlərin bərqərar olunacağına ümidlər yaranmışdı. İndi bunların yalnız xəyallar olduğu məlum olub.
Kütləvi qırğın silahları bəşəriyyət üçün böyük təhlükədir. Ani bir ağılsızlıq Yer kürəsini məhvərindən çıxara bilər. Təəssüf ki, bəzi super güclərin liderləri bunun fərqində deyillər.
Üstəlik, müasir texnologiyaların “övladı” olan süni intellekt nəzarətdən çıxarsa, bu, böyük bir fəlakətə yol aça bilər. Dünya şöhrətli alim Lütfi Zadənin davamçısı, professor Rafiq Əliyev dəfələrlə bu məsələ ilə bağlı narahatlığını dilə gətirib.
Zaman hər birimizi, bütün dünyanı ayıq-sayıq olmağa çağırır. Planetimiz optimal və ədalətli qanunlarla idarə olunmalıdır. Sadəcə, başqa çıxış yolu yoxdur. Türkiyə dövlətinin dünyanın idarə olunması ilə bağlı təşəbbüsləri gözardı edilməməlidir. Sonra gec ola bilər!
Məsaim ABDULLAYEV
XQ