Martın 11-də 11 ayın sultanı yurdumuza qədəm qoyur
Dünya müsəlmanlarının müqəddəs ayı Ramazanın gəlişi bu il xalqımız üçün xüsusilə əlamətdardır. Qurani-Kərimin ilk ayələrinin nazil olduğu bu mübarək ay özünün ali xilqətində Allaha təmənnasız ibadət, sosial ədalət və bərabərlik, bütün umu-küsülərin unudulması, imkansızlara əl tutulması kimi inanca və bəşəri dəyərlərə söykənir.
İslamın beş əsas prinsipindən biri sayılan oruc bəndəni təkəbbür və şöhrətpərəstlikdən uzaqlaşdıran, birliyi, qardaşlığı təbliğ edən, onu iman və təqvaya yaxınlaşdıran ibadətdir.
Peyğəmbərimiz hədislərin birində deyir: “Oruc ibadəti insanın haramdan qorunması üçün bir imtahandır, Allahın yaratdığına bəxş etdiyi iradəni gücləndirən, səbri və dəyanəti bütünləşdirən, arzu, ehtiras və nəfsin önünə qalxan kimi sədd çəkən vasitədir”.
Biz 2024-cü ildə Ramazanı əvvəlki illərdən daha böyük qürur hissi ilə qarşılayırıq. Bu, Vətən müharibəsində qazandığımız şanlı Zəfərin sevinci, separatçı rejimin süqutundan, üçrəngli bayrağımızın otuz ildən bəri işğal altında olan torpaqlarımızda dalğalanmasından, kafir qonşularımız tərəfindən dağıdılmış və təhqir edilmiş məscidlərimizin bərpasından sonra oradan ucalan azan səsindən yaşadığımız hissdir. Bu Ramazan ayında məhz həmin qürurdan yoğrulmuş Qələbə sevincimizi xeyir-dualarla yad edəcəyik.
Ramazanda oruc tutub, namaz qılmaq, Quran oxumaq, iftar süfrələri açmaq, kimsəsizlərə, ahıl və qocalara əl tutmaq İlahi məqamda bəyənilən savab əməllərdəndir.
Sabah Azərbaycanda Ramazan ayı başlanır. Martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələri, 10-11-i isə Ramazan bayramıdır.
Allah dualarımızı, nəzir-niyazımızı qəbul eləsin.
XQ