Milli qəhrəman haqqında kinosalnamə

post-img

Şənbə günü Nizami Kino Mərkəzində tanınmış publisist, Əməkdar jurnalist Rəfiqə Məsudun ssenarisi ilə Milli qəhrəman, şəhid polis kapitanı Əli Məmmədov haqqında çəkilmiş sənədli filmə ictimai baxış keçirildi. 

Filmin nümayişindən əvvəl bildirildi ki, əsərin qəhrəmanı 1955-ci ildə Naxçıvan şəhə­rində anadan olmuş Əli Məm­mədov Bakıdakı 255 saylı orta məktəbi bitirib. Orduda xidmətdən sonra Polis Akade­miyasında ixtisas təhsili alıb. I Qarabağ müharibəsi başla­yanda könüllü olaraq cəbhəyə gedib, erməni işğalçılarının hücumlarının qarşısının alın­masında hünər və döyüş məharəti göstərib. 1992-ci ilin payızında Laçın ətrafında döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən başından yara­lanaraq əbədiyyətə qovuşub. Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən son­ra Milli qəhrəman adına layiq görülüb.

Milli qəhrəmanlar haqqında 20 sənədli filmin müəllifi Rəfiqə Məsudun ssenarisi əsasında çəkilmiş ekran əsərində igid polis zabitinin şərəfli bioqra­fiyası, döyüş yolu, göstərdiyi qeyrət və hünər geniş əksini tapıb. Filmdə I Qarabağ müha­ribəsinin qanlı-qadalı döyüş­lərindən bəhs edən xronika, qəhrəmanın doğmalarının və döyüş yoldaşlarının xatirələri bir-birini tamamlayaraq şəhid polis kapitanının ömür yoluna gur işiq salır.

Fimin nümayişindən sonra qəhrəmanın bacısı, AMEA-nın müxbir üzvü Məsumə Məm­mədova, həyat yoldaşı Rəna Məmmədova sənədli ekran əsərinin yaradıcılarına ailələri adından təşəkkürlərini bildir­dilər. Əli Məmmədovun döyüş yoldaşı, ehtiyatda olan polis mayoru Knyaz Vəliyev qəhrə­man barədə xatirələrini söy­ləyərək qeyd etdi ki, bu film də yeni nəslin vətənpərvərlik tərbiyəsində təsirli əsərlərin sı­rasında yer alacaq. 

Əməkdar jurnalist Tahir Aydınoğlu Milli qəhrəmanlar haqqında kinoepopeya yarat­mış Rəfiqə Məsudun fədakar yaradıcılığının ekran publisis­tikasında xüsusi bir dəyərə çevrildiyini qeyd etdi. O bil­dirdi ki, Xalq şairi Nəbi Xəzri jurnalist-kinematoqrafın bu yüksək vətənpərvərliyini belə ifadə edib: “Sənə minnətdaram sənət adından, bir də ki, bir də ki, millət adından”.

Sonda çıxış edən Rəfiqə Məsud onunla birgə çalışmış yaradıcı heyətin – filmin yük­sək səviyyədə ərsəyə gəlməsi üçün əlverişli şərait yaratmış baş prodüsser Nazim Hüsey­novun göstərdiyi köməyi və rejissor Taleh İsmayılın, ope­rator Rüfət Süleymanovun və montajçı Sabir Əsgərzadənin Milli qəhrəmanın bitkin ekran obrazına nail olmaq üçün necə məharətlə çalışdıqlarını razılıq­la vurğuladı. O, qəhrəmanlar haqqında silsiləni davam etdir­məyin vacibliyini və bu sahədə fəaliyyətini məmnunluqla da­vam etdirəcəyini söylədi.

T.RÜSTƏMLİ,
E. AĞALAROV (foto)
XQ



Mədəniyyət