Trampın “het-triki”, “super çərşənbə axşamı”

post-img

Yaxud ABŞ seçicilərinin namizədlərdən narahatlıqları

Martın 4-də Donald Tramp daha üç ştatda ilkin səsvermədə qalib gəlib. Amerikalı milyarder Missuri, Miçiqan və Aydaho ştatlarında keçirilən praymerizlərdə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli xeyli geridə qoyub. O, bu günə qədər keçirilmiş 13 praymerizin hamısında yeganə rəqibi Nikki Heyl üzərində inamlı qələbə qazanıb. “The New York Post” nəşri yazır ki, bu “het-trik” eks-prezidenti Respublikaçıların vahid namizədi olmağa bir addım da yaxınlaşdırıb. 

Buna qədər digər respublikaçı na­mizəd N.Heyli prezidentlik yarışında ən azı “super çərşənbə axşamı”nın sonuna qədər qalacağına söz vermişdi. Çünki “super çərşənbə axşamı" eyni vaxtda 15 ştatda keçiriləcək praymerizlər seç­ki kampaniyasının bir növ zirvəsi hesab edilir. Həmin gün 15 ştatda Respublika­çı seçicilərin 865 nümayəndəsinin səsi uğrunda mübarizə gedəcəkdir. Bundan sonra bütün partiyadaxili münasibətlərə artıq tam aydınlıq gələcək və əsas na­mizədlər federal yürüşə başlayacaqlar. 

“Super çərşənbə axşamı” ərəfəsin­da qarşıya sual çıxır: ABŞ-ın BMT-də­ki keçmiş səfiri və Cənubi Karolinanın keçmiş qubernatoru N.Heyl nəyə ümid edir? Amerika mediası yazır ki, Vaşinq­tonda bazar günü keçirilən praymerizdə D.Trampı qabaqlayaraq ilk qələbəsini qazanandan sonra N.Heylin özünəgü­vəni bir qədər artıb. Belə ki, Kolumbiya dairəsində praymerizlərə gələn respub­likaçı seçicilərin 62,8 faizi Heyliyə səs verib, 33,3 faizi isə Trampı dəstəkləyib. Nəticədə, Heyli iyulda Miluokidə keçirilə­cək partiya qurultayında Vaşinqtonun 19 respublikaçı nümayəndəsinin hamısının səsinə sahib çıxıb. 

Bu qələbədən sonra Heylini dəstək­ləyən nümayəndələrin sayı 43-ə yüksəlib. Tramp isə bir gün sonra Missuri, Aydaho və Miçiqanda rəqibini məğlub edərək ona səs verən nümayəndələrin sayını 244-ə çatdırıb. Bu ştatlarda Trampın rəqibinə bir nümayəndə belə səs verməyib. 

Ekspertlər hesab edirlər ki, xanım Heylinin Amerika paytaxtında qazandı­ğı qələbə heç nəyi həll etmir. Çünki Ko­lumbiya dairəsində səsvermənin nəticəsi yerli respublikaçıların özəllikləri ilə izah olunur və heç də yarışda dönüş nöqtəsi ola bilməz. 

Respublikaçılar Partiyasının Kolum­biya dairəsinin sədri Patrik Marın sözlə­rinə görə, “bu kainat hər hansı bir ştatda olan digər kainatdan bir az daha mürək­kəbdir”. Yerli respublikaçıların fikrincə, onları amerikalı mühafizəkarların əksə­riyyətindən fərqləndirən cəhət Amerika­nın aparıcı qəzet və nəşrlərini mütaliə et­məsi, siyasi xəbərlərə və təhlillərə maraq göstərməsi və əksəriyyətinin ali təhsilli olmasıdır. Beləliklə, Vaşinqton respub­likaçıları, əsasən, kəndli və az təhsilli amerikalılardan ibarət Trampın elektoratı ilə qətiyyən uyğun gəlmirlər. 

Tramp rəqibinin bu qələbəsini "Truth Social" nəşrinin səhifəsində belə şərh edir: “Mən Kolumbiya dairəsində səsver­mədə bilərəkdən iştirak etmədim, çünki bura çox az nümayəndənin olduğu və heç bir perspektivi olmayan bataqlıqdır”. 

Tramp bu fikrində haqlıdır. Məsələ burasındadır ki, demokratların sarsılmaz qalası sayılan Kolumbiya dairəsində mü­hafizəkarlar bütün qeydə alınmış seçi­cilərin cəmi 5 faizini təşkil edir. Təxminən 700 min nəfər əhalisi olan Vaşinqtonda 23 minə yaxın respublikaçı seçici yaşa­yır. Şəhərin mərkəzindəki Medison otel­də praymerizlərdə iştirak üçün açıq olan yeganə seçki məntəqəsinə 2 mindən bir qədər çox seçici gəlib.

Əslində, Heylinin Vaşinqtondakı qələbəsi heç nəyi dəyişmir. Kolumbiya dairəsindəki qələbə Heyliyə yalnız ABŞ tarixində Respublikaçıların praymerizlə­rində qalib gələn ilk qadın siyasətçi olma­ğa imkan verir. Bu təsəlliverici mükafat həm də onun tənqidçilərini “namizədlik uğrunda bircə döyüşdə belə qalib gələ bilməyən” respublikaçıya istehza etmək imkanından məhrum edib. Bu gün martın 6-da səhərə qədər Heylinin müqaviməti, yəqin ki, bütün mənasını itirəcək.

Analitiklər qeyd edirlər ki, əslində no­yabrda bülletenlərə kimlərin adlarının ya­zılacağı artıq məlumdur. Aydın məsələdir ki, bülletenlərdə respublikaçıların əsas namizədi eks-prezident Trampın, demok­ratlardan isə Ağ evin hazırki sahibi Bay­denin adı yer alacaq.

Amma şərhçilər namizədlərin şans­larını qiymətləndirərkən, praymerizlər­də səsvermənin nəticələrindən daha çox, demək olar ki, hər gün dərc olunan sorğulara diqqət edirlər. Məsələn, “Blo­omberg”in sifarişi ilə keçirilən son rəy sorğusuna görə, Tramp həm ölkə daxilin­də, həm də tərəddüd edən bütün yeddi ştatda – Arizona, Corciya, Pensilvaniya, Miçiqan, Şimali Karolina, Nevada və Vis­konsində Ağ evin hazırkı sakinini qabaq­layır. Məsələ burasındadır ki, bu ştatlarda səs çoxluğu qazanan hər hansı namizə­din növbəti dörd il ərzində Amerikaya rəhbərlik edəcəyi ehtimal olunur.

Doğrudur, burada da bir nüans var. Trampın təkcə seçicilərin deyil, həm də ədalətin rəğbətinə ehtiyacı var. Martın 4-nə qədər məhkəmə prosesləri dalğası eks-prezidentin kampaniyasına əhəmiy­yətli dərəcədə təsir edə, bəlkə də onu tamamilə sıradan çıxara bilərdi. Görünür, Trampın partiyadaxili rəqibi Nikki Heyli də məhz məhkəmə perspektivlərinə görə mübarizəni davam etdirirdi. O, bütün praymerizlərdə milyarderə uduzur, lakin heç vaxt namizədliyini geri götürmürdü.

Buna baxmayaraq, “The Washington Post” nəşri yazır ki, prezidentliyə na­mizəd Nikki Heyli və Senatın spikeri Mitç Makkonnell Respublikaçılar Partiyasını Reyqan dövrünün ideyalarına qaytarmaq uğrunda “uduzulmuş mübarizə aparır­lar”. Çünki Trampın prezidentliyi partiyanı həmişəlik dəyişib. Sadəcə olaraq bəzi dəyişikliklər artıq ümumi qəbul olunub, məsələn, azad ticarət əvəzinə proteksi­onizm. Digərləri isə hələ ki, qəbul olun­mayıb.

Hazırda partiyada əsas ziddiyyət xa­rici siyasətə baxışla bağlıdır. Məsələn, Makkonnell və Heyli kimi siyasətçilər hələ də Reyqanın beynəlmiləlçiliyinə və “bu divarı yıxmaq” prinsipinə inanırlar. Lakin getdikcə daha çox partiya üzvü Trampın “Öncə Amerika” siyasətini seçir.

Nəşr qeyd edir ki, Kiyevə yardımın tərəfdarı olan, “alov içində olan dün­ya” haqqında danışmağı sevən Heyli bir-birinin ardınca ştatlarda məğlub olur. “Mövqeyini necə müdafiə etməsindən asılı olmayaraq, “onun indi və ya yaxın gələcəkdə öz partiyası daxilindəki daxi­li dönüşü dayandıra biləcəyini demək mümkün deyil”.

“The Washington Post”a görə, Uk­rayna “həm Makkonnellini, həm də Hey­lini Trampdan ayıran yeganə “böyük məsələ”yə çevrilib və Respublikaçıların praymerizləri və Nümayəndələr Palatası­nın səsvermələri Trampın bu məsələ ilə bağlı debatda üstünlüyünü göstərir. Belə­liklə, "biri çoxluq lideri kimi istefa verdiyini elan edərkən, digəri isə “super çərşən­bə axşamı”ndan sonra nə düşünəcəyini deyəndə, aydın olur ki, onlar Trampın dünyasında demək olar ki, mövcud ol­mayan Respublikaçılar Partiyası adından danışırlar”.

Martın 4-nə qədər Heyli də, rəqib demokrat nümayəndələr kimi ABŞ Kons­titusiyasının 14-cü Düzəlişinə istinad edərək “üsyan və ya üsyanda” iştirak etmiş şəxs kimi Trampın seçki prosesin­dən xaric edilməsi haqqında Kolorado Ali Məhkəməsinin qərarına baxan ABŞ Ali Məhkəməsinə ümid edirdi. Məlum olduğu kimi, bu, 2021-ci il yanvarın 6-da Trampın tərəfdarlarının Kapitoliyə hücumu ilə bağ­lı idi. Bununla belə, bazar ertəsi martın 4-də ABŞ Ali Məhkəməsi qərar verib ki, ştatlar vətəndaşları prezident seçkilərin­dən kənarlaşdıra bilməz. ABŞ Konstitu­siyasına görə, bu qərarı yalnız Konqres verə bilər.

“Washington Post” qəzeti qeyd edir ki, Ali Məhkəmə adətən ayın sonun­da qərarlarını açıqlayır. Lakin Trampın məsələsində istisnaya yol verilib və qət­namə martın 5-də baş tutacaq “super çərşənbə axşamı” günündən bir gün əv­vəl dərc edilib”. 

Men və İllinoys ştatları da Kolorado­ya bənzər qərarlar vermişdilər. Amma ABŞ Ali Məhkəməsinin 4 mart tarixli qə­rarı “ümummilli” olduğu üçün bu iki ştat da respublikaçıların əsas namizədinin yolundakı maneələri aradan qaldırmalı olacaq. Beləliklə, bundan sonra Heylinin yalnız özünə güvəni qalır.

Trampın əsas rəqibi olan Baydenə gəldikdə isə, ABŞ Ali Məhkəməsinin qə­rarına qədər düşünmək olardı ki, Res­publikaçı rəqibi ilə müqayisədə Ağ evin hazırki sahibinin işləri daha rəvan gedir. Bununla belə qoca Bayden yalnız özü ilə, daha doğrusu, öz yaddaşı ilə müba­rizə aparmalıdır. Məsələn, ötən həftənin sonunda o, qəzzalıların aclıqdan əziyyət çəkdiyini və buna görə də ABŞ Hərbi Hava Qüvvələrinin Ukraynaya ərzaq kon­teynerləri atacağını bildirib. 

Baydenin sayı-hesabı artıq bilin­məyən belə “səhvləri” ölkə seçicilərini narahat etməyə bilməz. Bu narahatlıq “Associated Press” agentliyinin “NORC” İctimai Əlaqələr Araşdırma Mərkəzinin keçirdiyi son sorğularda da öz əksini ta­pıb. Sorğuda iştirak edən hər 10 nəfər­dən 6-sı 81 yaşlı Baydenin zehni qabiliy­yətlərinə güvənmədiklərini bildiriblər. 

Bu ona görə diqqət çəkir ki, 2022-ci ilin yanvarında vətəndaşların yalnız ya­rısı Baydenin zehni qabiliyyətinə şübhə ilə yanaşırdı. İki ildən sonra müşahidə edilən artım göz önündədir. Media da ona görə bu faktı qabardır ki, xüsusi prokuror Hurun prezident Baydenin yaddaş prob­lemləri olduğunu aşkar edən hesabatını dərc etdikdən sonra onun prezident sə­lahiyyətlərini yerinə yetirə bilməsinə inam getdikcə əriyir. 

Amma Trampa da etimad əvvəlki kimi deyil. Haqqında söhbət gedən həmin sor­ğuda hər 10 respondentdən 6-sı Trampın da əqli qabiliyyətinə şübhə etdiyini bildirir. Bu fakt onu göstərir ki, ABŞ-da 2024-cü il prezident seçkilərində iki yaşlı namizəd qarşı-qarşıya gəlir. Seçicilər onların yaş­larından narahatdırlar, çünki bu namizəd­lər qlobal münaqişələr, daxili fövqəladə hallar və qeyri-iş qabiliyyətinə malik Konqreslə üzləşməli olacaqlar. Amma reallıq ondan ibarətdir ki, Co Bayden də, Donald Tramp da bu gün ABŞ prezident­liyinə real namizədlərdirlər. 

İlqar RÜSTƏMOV
XQ

 

Dünya