“Mən qaziyəm, İlahi”

post-img

Haqqında söhbət açacağımız film Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi” əsərinin adını daşıyır və 44 günlük Vətən savaşı qazisinin taleyinə işıq salır. Rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov olan ekran işi müharibənin insana mənəvi-psixoloji təsiri barədədir. 

Azərbaycan Kinemotoqrafçılar İt­tifaqının dəstəyi ilə “Azərbaycan” Ci­nemaPlus-da film nümayişinə gələnlər tamaşa salonunu, demək olar ki, doldur­muşdular. Film ötən ilin sentyabr ayın­da təqdim olunsa da, 44 günlük savaş barədə ekran işi bu gün də eyni tama­şaçı marağı ilə qarşılanır. 

…Müharibənin od-alovundan sağ qa­yıdan Teymur Osmanlı (Rasim Cəfərov) anasının öldüyünü, qızının isə internat məktəbində olduğunu öyrənir. Qızı Sa­ranı (Aygün Əlipənahova) internatdan buraxa bilmirlər, çünki Teymurun psixo­loji vəziyyəti yerində deyil. O bundan mütəəssir olsa da, həyatdan küsmür, mücadiləsini dayandırmır. Savaşda əzm­lə mübarizə aparan Teymur adi həyatda da məqsədi uğrunda çarpışmağa başla­yır. Bu, filmin uğurlu qəhrəman konsep­siyasından xəbər verir. İndi Teymur üçün əsas hədəf qızı Saraya qovuşmaqdır, çünki onu həyata bağlayan tək odur. O qızını ilk dəfə internatda ağ rəngli geyim­də görür ki, bu da xoş günlərin müjdəçi­si kimi gözümüzdə canlanır. 

Teymurun mübarizəsi qonşusu Se­vincin (Günay Həsən) ona bağlanma­sına səbəb olur. O əvvəlcə Teymura problemi olan insan kimi mərhəmət bəs­ləyir. Sonra isə mərhəmət addım-addım sevgiyə çevrilməyə başlayır. Bunu hiss edən Sevincin anası övladının gələcə­yinə görə narahatlıq keçirir. O qızının Teymurla xoşbəxt ola bilməyəcəyindən qorxur. Lakin bütün bunlara baxmaya­raq, Teymur–Sara–Sevinc birliyi baş tutur. Bu qovuşmanı operator işi uğur­la həll edir. Onların hər üçü evdə oyun oynayarkən kamera onları yuxarıdan göstərərək tamaşaçıya sədaət formulu­nu göstərir. 

Teymuru sevən qadının Sevinc adı­nı daşımasını da təsadüfi hesab etmək olmaz. Teymur üçün səadət mənbəyi­nin sözün bütün mənalarında Sevincin olması təbiidir. Teymur bütün sarsıntı­lara, mənəvi-fiziki ağrılara sinə gərir və sonda həyat savaşından qalib çıxır. O Sevinclə ailə qurur və bununla qızı Sara üçün də həyan tapır. 

Filmin nümayişindən sonra yaradıcı heyətlə maraqlı müzakirələr oldu. Re­jissor Qulu Əsgərov ekran işi ilə bağlı müxtəlif suallara cavab verdi. Filmdəki bəzi qüsurlardan da açıq danışıldı. Sara rolunu canlandıran Aygün Əlipənahova gələcəkdə də özünün kino aləmində ol­masını istəydiyini bildirdi.

Qeyd edək ki, “Mən burdayam, İlahi” kimi təsirli filmlərin daha çox çəkilməsi arzuediləndir. 

Ceyhun MİRZƏLİ

 

Mədəniyyət