Böyük bəstəkar, işıqlı şəxsiyyət

post-img

Süleyman Ələsgərov – 100

Hər dəfə Füzuli meydanından Azərbaycan küçəsi ilə Yazıçılar Poliklinikasına sarı gedəndə elə bilirəm ki, indicə Xalq artisti, bəstəkar Süleyman Ələsgərov qarşıma çıxacaq. Həmişəki kimi hal-əhval tutduqdan sonra söhbəti Qarabağdan salacaq, Şuşadan, Ağdamdan... danışacaq. Bir anda görüş sevincimiz Qarabağ dərdinə bürünəcək...

Yadıma gəlir ki, sonra Süleyman müəllim dünyagörmüş bir ağsaqqal kimi mənə ürək-dirək verirdi:

– Yaman günün ömrü az olar, inşa­allah, bir gün Qarabağ da geri alınacaq.

Təəssüf ki, onun bu qəti inamı ölü­mündən 20 il sonra gerçəkləşdi. Lakin Şuşanın azad edilməsi onun narahat ru­huna təskinlik gətirdi.

Doğrusu, bu gün görkəmli bəstəkarı­mız, respublikanın Xalq artisti Süleyman Ələsgərovla harada, neçənci ildə tanış ol­duğumu xatırlaya bilmirəm. Amma dəqiq bilirəm ki, onu tanınmış sənətkarlardan biri haqqında yazdığım radio verilişində ürək sözünü deməyə çağırmışdım. Sü­leyman müəllim də vaxt tapıb verilişdə iştirak etmişdi.

O, son dərəcə diqqətcil, mədəni, xe­yirxah, sözünün sahibi olan işıqlı bir şəx­siyyət idi. Xeyirxahlıq mücəssəməsi idi. Haqqında verilişlər yazdığım elə bir mü­ğənni yoxdur ki, Süleyman müəllim onun haqqında hörmətlə danışmasın.

Mən sonralar Süleyman müəllimlə müxtəlif tədbirlərdə, xeyir-şər məclislə­rində tez-tez görüşərdim. Yadımdadır, 27 dekabr 1994-cü ildə Flarmoniyada mənim təşəbbüsümlə Xalq artisti Əbül­fət Əliyevin xatirə gecəsini keçirirdik. Mən gecənin aparıcısı kimi hələ çox gənc ikən Əbülfət Əliyevin xeyirxahı ol­muş Süleyman Ələsgərovu da gecəyə dəvət etmişdim. O da dəvətimi razılıqla qəbul etmişdi. Onun o gecəki çıxışı len­tin “yaddaşında” əbədiləşmişdir. Mədəni davranışı, alicənablığı məndə Süleyman müəllimə qarşı böyük rəğbət hissi oya­dardı. Süleyman müəllimin dilində “yox” sözü yoxdu. Dəvət edildiyi heç bir məc­lisdən qalmayan, bəhanələr gətirməyən çox işıqlı bir ziyalı idi. 

Süleyman müəllim xoşbəxt sənətkar idi. O, Üzeyir bəy kimi dahi bir şəxsiyyətin tələbəsi olmuşdu. İlk mahnısını – “Göz­lə məni”ni Bülbül kimi dahi bir müğənni oxumuşdu. Süleyman müəllim dövrünün bütün mədəniyyət, incəsənət adamlarıy­la dostluq etmiş, ünsiyyətdə olmuşdu. Buna görə də çox zəngin xatirələri vardı. Ölümündən bir il qabaq baş redaktoru olduğum “Gənclik” nəşriyyatına gəlmiş­di. Ordan-burdan söhbət edirdik. Məşhur komik aktyorumuz Lütfəli Abdullayevdən bir-iki lətifə söylədi, çox xoşuma gəldi. Birdən ağlıma gəldi ki, onun xatirələrini yazmaq lazımdır. Buna görə:

– Süleyman müəllim, – demişdim, – icazə verin sizin xatirələrinizi yazım. Çox gözəl bir kitab alınar. Gündə görüşüb bir-iki saat söhbət etsək, bəsdi.

Demişdi: 

– Qoy bir az işlərimi qaydaya salım, sonra yazarsan…

İndi Süleyman müəllim əbədiyyətə qovuşandan sonra necə zəngin bir xə­zinə itirdiyimizi, böyük bəstəkarın özü ilə nə qədər dəyərli xatirələr apardığını təsəvvür edəndə ürəyim sıxılır. 

1992-ci ilin fevralında Qarabağ xanlı­ğının tarixindən bəhs edən “Xallı gürzə” adlı tarixi romanım təzəcə çapdan çıx­mışdı. Aradan altı-yeddi ay keçmişdi. Bir gün Süleyman müəllim zəng elədi: 

– Romanını Arif Babayevdən alıb oxudum. Təbrik edirəm, çox gözəl yaz­mısan. Bütün gecəni yata bilmədim. Elə bildim Şuşadayam.

Süleyman müəllim bax belə diqqətcil adamdı. 

1997-ci ildə Süleyman müəllimə zəng vurdum. Sentyabr ayı idi. Dəstəyi özü götürdü. Hal-əhvaldan sonra: – Sentyab­rın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında yubileyim keçirilir, arzu edirəm gəlib iştirak edəsiniz. 

Soruşdu:

– Neçə yaşın tamam olur? 

– Əlli!

– Boy, ə nə tez?!

– Ömür-gündü də, Süleyman müəl­lim, gəlib-geçir, – dedim.

– Düz deyirsən. Təbrik edirəm. Hök­mən gələcəm. 

Gəldi də, çıxış da etdi, hədiyyə də verdi. O gecə Süleyman müəllim demişdi:

– Kim Qarabağın həqiqi tarixini bil­mək istəyirsə, Mustafa Çəmənlinin “Xallı gürzə” romanını oxusun. Orda hər şey yazılıb, – sözləri böyük bəstəkarın mə­nim yaradıcılığıma verdiyi çox böyük bir qiymət idi. Yubiley gecəsində mənim xalq həyatından alınmış etnoqrafik “Halallıq” hekayəmi çox tərifləmişdilər. 

Səhəri gün Süleyman müəllim zəng edib hekayəni oxumaq istədiyini söylə­di. Hekayənin çap olunduğu “Səs qə­rib olmur” kitabımı Süleyman müəllimə verdim. Bircə gün keçmiş oxuyub təq­dirəlayiq fikirlər söylədi. Hekayəni, hətta ömür-gün sirdaşı Ağgül xanıma da oxut­durmuşdu. 

Sonra eşitdim ki, Süleyman müəllim mağazadan on-on beş kitab alıb Dövlət Televiziyasına aparıb. Şirkətin sədrinə, jurnalist Mailə xanım Muradxanlıya, re­jissor Ələkbər Kazımovskiyə verib ki, mənim “Halallıq” hekayəmi oxusunlar. Mümkün olarsa, ekranlaşdırsınlar. Məhz bu təqdimatdan sonra Rauf Kazımovski mənə zəng vurub, bu hekayəni səhnələş­dirmək olar, – demişdi. O, hətta əgər çə­kilərsə, bu filmə musiqi yazmaq fikrində olduğunu da söyləmişdi. 

Təəssüf ki, vəsait tapmadığımızdan həmin film məsələsi bir arzu olaraq bu gün də həyata keçməyib. Süleyman müəllim hekayənin səhnələşdirilməyəcəyini bilən­də tutulmuşdu, astaca köks ötürmüşdü. 

Mən bu kiçik xatirəmdə Süleyman Ələsgərovun bəstəkarlıq fəaliyyətindən söz açmadım (Bu da bir başqa yazının mövzusudur). Bu yazıda onu ancaq bir insan, bir vətəndaş, dost kimi xatırladım. O, doğrudan da, əvəzsiz insan idi. Ağlı­ma da gəlməzdi ki, Süleyman müəllimi belə tez itirə bilərik. Çünki o çox güm­rah, nikbin bir insan idi. Onu bu dünya­dan Qarabağ dərdi, bir də əbədi itirdiyi ömür-gün yoldaşı Ağgül xanımın ayrılığı apardı. Onlar birinci sinifdən yeddinci sin­fə kimi Şuşada oxumuş, sonra elə orada Pedaqoji Texnikumda təhsil almışdılar. Bakıya da eyni vaxtda gəlmişdilər. Bura­da isə sənət yolları ayrılmışdı. Süleyman müəllim Konservatoriyaya, Ağgül xanım isə indiki Bakı Dövlət Universitetinin filo­logiya fakültəsinə qəbul olunmuşdu. Sü­leyman müəllimlə Ağgül xanım 1949-cu ildə ailə qurmuşdular. 2 oğul, 1 qızları, 6 nəvələri var idi.

Ağgül xanımdan sonra Süleyman müəllim heç 3 ay da yaşamadı – 21 yan­var 2000-ci ildə əbədiyyətə qovuşdu.

Süleyman Ələsgərov həyatda tək-tək şəxsiyyətlərdən idi ki, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşürdü. Allah rəhmət eləsin. Onun işıqlı xatirəsi heç vaxt unu­dulmayacaq. 

Mustafa ÇƏMƏNLİ,
yazıçı-publisist

Mədəniyyət