Dünən Azərbaycan Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə birləşmiş konfranslarına toplaşan ölkənin 2 kinematoqrafçılar ittifaqının üzvləri həm yeni qurumun adını müəyyənləşdirdilər, həm də ona sədr seçdilər.
Ölkədə kino yaradıcılıq qurumunun iki ittifaqa parçalanması ilə bağlı uzun müddət müzakirələr aparılmış, tənqidi fikirlər səsləndirilmişdi. Əksəriyyəti bir sual maraqlandırırdı: birləşəndən sonra yeni ittifaqın rəhbəri kim olacaq? Xalq artisti Rasim Balayev – Xalq artisti Şəfiqə Məmmədova dilemması hərdən yersiz söz-söhbətlərə də rəvac verirdi. Doğrusu, yalnız tamaşaçıların deyil, ümumilikdə, xalqın sevilən sənətkarları olan bu iki kino rəhbərinin üz-üzə qoyulması həm də ciddi narahatlıq yaradırdı.
2023-cü ilin iyul ayında birləşdiklərini elan edən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ətrafında cərəyan edən hadisələrə, eləcə də yuxarıdakı suala, nəhayət, cavab verildi və bu yöndə müzakirələrə son qoyuldu.
İclasa sədrlik edən Əlisa Cabbarov əvvəlcə protokol qaydasında konfransın gündəliyində duran məsələlər barədə iştirakçıları məlumatlandırdı. Gündəlikdəki birinci məsələ hər iki kino ittifaqının birləşməsi barədə qərarın qəbulu, ikinci, yeni yaranacaq təşkilatın nizamnaməsinin təsdiqi, üçüncü isə qurumun adı ilə bağlı idi. Konfransda birinci iki məsələ barədə qərar yekdilliklə qəbul olundu. Yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təsdiqləndi. Düzdür, buna alternativ variant kimi Azərbaycan Kinematoqrafçılar Birliyi adını təklif edənlər də oldu, amma böyük əksəriyyət birinci varianta səs verdi. Konfransın gündəliyində duran növbəti məsələlər AKİ sədrinin və yeni idarə heyətinin seçkisi idi. Bu məsələlər ətrafında çıxış edənlər qəbul olunacaq qərardan, ümumilikdə, kinomuzun udacağına əminliklərini dilə gətirdilər. Sahənin tanınmış simaları – Oktay Mirqasımov, Həmidə Ömərova, Cəmil Quliyev, Əbdül Mahmudov və başqaları öz çıxışlarında bu konfransın kinomuzun inkişafına təkan verəcəyini bildirdilər, həmçinin AKİ-nin gələcək fəaliyyəti ilə bağlı maraqlı təkliflər səsləndirdilər.
Yeni sədrin səsverməsindən öncə namizədlərdən biri – Xalq artisti Şəfiqə Məmmədova söz alaraq iki yaradıcı ittifaqın birləşməsi yolunda xeyli zəhmət çəkdiyini və bu gün ən böyük arzularından birinə çatdığını vurğuladı. Böyük sənətkar bu yolda onu dəstəkləyənlərin hamısına təşəkkürünü bildirdi və Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədliyini geri götürdüyü barədə qərarını açıqladı.
Ardınca AKİ sədrliyinə tək iddiaçı Xalq artisti Rasim Balayevin namizədliyi səsə qoyuldu və o, konfrans iştirakçılarının yekdil qərarı ilə yeni qurumun sədri seçildi.
Sonda konfrans iştirakçıları qarşısında çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri, Xalq artisti Rasim Balayev Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsinin onun üçün sürpriz olduğunu, eləcə də ona etimad göstərən konfransa təşəkkürünü bildirdi.
Rasim Balayev XQ-yə açıqlamasında tənəzzül dövrünü yaşayan Azərbaycan kinosunun bundan sonra dirçələcəyinə inandığını söylədi:
– Biz kinonun cəfakeşləri həm də mənəviyyat adamlarıyıq. İnanın, mən bu gün də kinoya çəkilmək istərdim, amma səhhətim buna imkan vermir. İnsanlar məndən niyə kinoya çəkilmədiyimi soruşanda, düzü, mənəvi əzab çəkirəm. Bəli, bu gün Azərbaycan kinosu reanimasiyadadır. Onu yaxşı həkimlərə aparsan, “müalicə etmək”, kinomuzu diriltmək mümkündür. İnanıram ki, bununla bağlı uğurlu addımlar ata biləcəyik. Azərbaycan kinosu dirçələ bilər və mən buna inanıram.
AKİ-nin hər bir üzvünün arxasında duracağını, hamının ittifaqı olacağını əminliklə söyləyən R.Balayev milli kinonun gələcəyinə ümidlə baxdığını bildirdi:
– Bizim kino çəkmək səlahiyyəmiz və imkanımız olmasa da, ideyalarla, təşəbbüslərlə çıxış etmək şansımız var. Hökumətin bu sahəyə ciddi dəstək verəcəyinə, sahənin dirçəldilməsi üçün köməyini əsirgəməyəcəyinə və çox yaxın gələcəkdə Azərbaycan kinosunun uğurlu əsərlərinə hamımızın sevinəcəyinə əminəm.
İ.HƏSƏNQALA
XQ